Məhkəmə qərarları › İş №2-1(116)-1580/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1580/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1580/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktub əsasında Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması müəyyən edildiyindən əlillik müayinələri Əlillik altsistemində etibarsız edilmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktuba Əlillik siyasəti şöbəsində baxılmışdır. Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur, onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar olaraq, 378 nəfərin (adlı siyahı əlavə olunur) əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırılmışdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. İddiaçı ilk öncə inzibati orqana müraciət etməli olduğu halda müraciət etmədiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edilmişdir. İddiaçının əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. O cümlədən inzibati icraatı düzgün aparmaqla iddiaçı barəsində müvafiq qərar qəbul etməklə, əllillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK müayinələri – qiymətləndirmə nəticələrindən görünür ki, 4110003AAC6W nömrəli göndəriş əsasında iddiaçı, xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubundan görünür ki, Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı "Əlillik” altsistemində etibarsız hesab edilmişdi. Bununla əlaqədar qeydiyyatda olduğu Qəbələ RMX-sı tərəfindən müayinə olunacağını və ona göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin, daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik, Əlillik altsistemində etibarsız hesab edilmişdir. Cavabdeh orqan bunu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə adları qeyd olunan şəxslərin, o cümlədən iddiaçının Daxili İşlər Nazirliyinə aidiyyətinin olmamasının müəyyən edilməsi və Nazirliyin tibb müəssisələri tərəfindən göndərişin əsassız olaraq rəsmiləşdirilməsi ilə əsaslandırmışdır. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti yuxarıda göstərilən əsasla təmin edilməmişdir. İddia tələbinə etirazda cavabdeh orqan iddiaçının ilkin müraciətinin olmamasını bildirsə də, işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubu ilə müəyən edilir ki, iddiaçıya aparılmış əlillik təyinatının "Əlillik” altsistemində etibarsız hesab edildiyi və qeydiyyatda olduğu Qəbələ RMX-sı tərəfindən müayinə olunacağı və ona göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. Odur ki, iddiaçının ilkin müraciətinin olmaması ilə bağlı cavabdeh orqanın təlili təkzib olunur. Göründüyü kimi, cavabdeh orqan iddiaçının adının siyahıda yer aldığı 378 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız hesab edilməsi ilə bağlı mövqeyini hər hansı bir maddi hüquq normasına istinad etməklə əsaslandırmamış, sadəcə olaraq 378 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmamasına və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirilməsinə istinad etmişdir. Yəni, iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla həll olunmuş, bu məsələyə dair hər hansı bir rəsmi qərar iş materiallarında mövcud olmamış, məhkəmə araşdırması zamanı da təqdim edilməmişdır. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354- 1219 nömrəli məktubunda qeyd edilmiş məlumatlara istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Bundan başqa, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən, cavabdeh, iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. İddiaçının əlilliyinin xx.xx.2018-ci il tarixdə 5 illik müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt, əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin inzibati akt (xx.xx.2018-ci il tarixli) ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, iddiaçı, cavabdeh orqandan xx.xx.2018-ci il tarixdə ona təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsini tələb etməkdə haqlı olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyinin - əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar