Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1585/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Qəbələ rayon Zalam kənd İƏN-də tərtib edilmiş xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində “Məhənməd” ata adının “Məhəmməd” ata adına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Zalam kənd İƏN-də tərtib edilmiş xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində “Məhənməd” ata adının “Məhəmməd” ata adına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunun Bayramkoxa kəndində anadan olmuşdur. Doğum haqqında qeydiyyatı xx.xx.1954-cü il tarixdə Zalam kənd İƏN-də vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 15№-ə ilə qeydə alınmışdır. Doğum haqqında akt qeydində ata adı “Məhənməd” kimi qeyd edilmişdir. Belə ki, ata adı doğum haqqında akt qeydində “Məhənməd” kimi qeyd edilsə də, sonrakı illərdə adına verilmiş bütün şəxsi sənədlərində ata adı “Məhəmməd” kimi qeyd edilmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atasının adı “Məhəmməd” kimi qeyd olunmuşdur. - İİ-ЖГ 383742 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının atasının adı “Məhəmməd” kimi qeyd olunmuşdur. - Щ 002873 nömrəli diplomun surətindən görünür ki, iddiaçının atasının adı “Məhəmməd” kimi qeyd olunmuşdur. - aprel 1954-cü il tarixli 15 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının atasının adı “Məhənməd” kimi qeyd olunmuşdur. - xx.xx.1980-ci il tarixli 1 nömrəli doğum haqqında bərpa akt qeydindən görünür ki, Bəhli İsayevanın atasının adı “Məhəmməd” kimi qeyd olunmuşdur. - dekabr 1947-ci il tarixli 34 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Gülnisə İsayevanın atasının adı “Məhəmməd” kimi qeyd olunmuşdur. - avqust 1952-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Şirin İsayevin atasının adı “Məhənməd” kimi qeyd olunmuşdur. - fevral 1951-ci il tarixli 08 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Namət İsayevin atasının adı “Məhənməd” kimi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı tələbi “Məhənməd” ata adının “Məhəmməd” ata adına düzəliş edilməsindən ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ata adı doğum akt qeydində “Məhənməd” qeyd edilməsinə baxmayaraq, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, o cümlədən İİ-ЖГ 383742 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədə, xx.xx.1980-ci il tarixli 1 nömrəli doğum haqqında bərpa akt qeydində və dekabr 1947-ci il tarixli 34 nömrəli doğum haqqında akt qeydində iddiaçının atasının adı “Məhəmməd” qeyd edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, “Məhənməd” adı xüsusi isim olaraq Azərbaycan dilinin linqvistikasında mövcud deyil. Göründüyü kimi mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı texniki xətaya yol verilmiş və düzəliş edilməsi tələb edilən qeydin düzgün olub-olmamasını müəyyən etmək üçün iddiaçının valideynləri, bacı və qardaşları barəsində tərtib edilmiş digər akt qeydləri və digər sənədlər mövcud olmuşdur. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə Qəbələ rayon Zalam kənd İƏN-də tərtib edilmiş xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində “Məhənməd” ata adının “Məhəmməd” ata adına düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.