Məhkəmə qərarları › İş №2-1(116)-1586/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1586/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1586/2023 14.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan 1980-cı ildə 85 adam günü, 1981-ci ildə 59 adam günü və 1983-cü ildə 109 adam gününün sosial sığorta stajına daxil edilməsi və 60 yaş tamam olan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan 1980-cı ildə 85 adam günü, 1981-ci ildə 59 adam günü və 1983-cü ildə 109 adam gününün sosial sığorta stajına daxil edilməsi və 60 yaş tamam olan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan 1980-cı ildə 85 adam günü, 1981-ci ildə 59 adam günü və 1983cü ildə 109 adam gününün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı X6 xx.xx.1962-ci ildə Ağdaş rayonu Qoşaqovaq kəndində anadan olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, N.X5 təqdim etdiyi "xxxx" ASC-nin ona dair arayışlarında xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dövlət Rayon Elektrik stansiyasının Mərkəzi Təmir sexində mexaniki yığma işləri üzrə çilingər, xx.xx.1986-xx.xx.1993- cü il tarixləri arasındakı dövr ərzində sözügedən sexdə kran və muftalar üzrə olan briqadaya kran maşinisti, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində X1 və Təmiri sexinin yükqaldırıcı mexanizmlərin istismarı briqadasında kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda bildiririk ki, iddiaçı N.X5 təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 1 ay 14 gün (xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövr, 2006-2022-ci illər üzrə cəmi 7 il 8 ay və 13 ay kolxozda işlədiyi dövr)) təşkil edir. Belə ki, 2006-2022-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 7 il 8 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). İddiaçı iddia ərizəsində 1 il Ağdaş rayonu sabiq “Şirvan” kolxozunda çalışdığı bir il müddətin iş stajına daxil edilmədiyini iddia edir. Halbuki, iddiaçıya ünvanlanmış xx.xx.2023 tarixli, 3-17-1/2-M—30935/2023 nömrəli cavab məktubunda 13 ay kolxozda işlədiyi dövrün iş stajına daxil edildiyi qeyd edilmişdir (23 il 1 ay 14 gün (xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövr, 2006-2022-ci illər üzrə cəmi 7 il 8 ay və 13 ay kolxozda işlədiyi dövr)). Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25978,24 manat təşkil edir. Məhz bu səbəblərə görə də X3 qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; İddiaçıya məxsus AZE seriyalı № 0******* şəxsiyyət vəsiqəsi; İddiaçıya məxsus AZE № ******* nömrəli xx.xx.1983-cü il tarixdə tərtib olunmuş əmək kitabçası; İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli xx.xx.1962-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surəti; Azərbaycan Respublikasının Dövlət Arxivinin Ağdaş filialının xx.xx.2020-ci il tarixli 70 nömrəli arxiv arayışı; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 05-27 nömrəli güzəştli arayışı; SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli arayışı; Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu; Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmamışdır.Lakin, həmin tarixdən sonra hazırkı tarixədək əmək fəaliyyətini davam etdirmişdir.İddiaçının ümumilikdə iş stajı hazırkı tarixədək davam etməklə 25 ildən çox ,güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 14 il 1 ay 15 gün olmaqla aşağıdakı kimi hesablanmalıdır. 1980,1981,1983-cü illər, Ağdaş rayon Qoşaqovaq kəndi “ Şirvan” kolxozunda 11 ay 21 gün (85x365:240=129 gün; 59x365:240=90 gün;109x365:240=166 gün;129+59+166=354,11 ay 24 gün); xx.xx.1981 - xx.xx.1983-cü il, müddətli hərbi xidmət 2 il 21 gün; xx.xx.1983 - xx.xx.1986-cı il, “Azərbaycan DRES” mərkəzi təmir sexində çilingər 02 il 1 ay 15 gün; xx.xx.1986-xx.xx.1998-cı il, “Azərbaycan DRES” mərkəzi təmir sexində kranmaşınist 12 il xx.xx.2004-xx.xx.2005-cı il, "xxxx" ASC-də montajçı-çilingər 01 il 01 ay 12 gün; xx.xx.2005-xx.xx.2007-cı il, “Müstəqil Azəri” kooperativində quraçdırıcı-çilingər 02 il 2 ay 8 gün; xx.xx.2008-xx.xx.2010-cu il, "xxxx" MMC santexnika çilingəri 02 il 1 ay 24 gün; xx.xx.2010-xx.xx.2011-cu il, "xxxx" ASC texnik çilingəri 01 il 1 ay 29 gün; xx.xx.2012-xx.xx.2012-ci il, "xxxx" Dövlət Şirkətinin quraşdırıcı çilingəri 5 ay 2 gün; xx.xx.2017-ci ildən "xxxx" MMC-də usta köməkçisi işləyir.(xx.xx.2019-cu il tarixli arayış) Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2140000a—13790, 2140000a—18455 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 24ª bəndində nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı X4 xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar