Məhkəmə qərarları › İş №2-1(116)-1589/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1589/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1589/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, ərizəçinin hüquqi marağı keçmiş həyat yoldaşının öz adına olan evindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Məhkəmə tərəfindən ərizəçiyə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, tərtib etdiyi ərizə iddianın mümkünlük şərtlərinə cavab vermir. Belə ki, ərizəçi, mülkiyyətində olan mənzildən X1 qeydiyyatdan çıxarılması məqsədi ilə ilkin olaraq Ağdaş rayon Polis Şöbəsinə müraciət etməli, Ağdaş rayon Polis Şöbəsi müraciətini təmin etməzsə imtina cavabını, yaxud müraciətini cavabsız saxlayarsa müraciətin edildiyini təsdiq edən poçt qəbzini əlavə etməklə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. İddia ərizəsinə şəxsiyyət vəsiqəsini, mülkiyyətində olan mənzilə dair sənədləri, Elşən Allahverdiyevin həmin ünvanda faktiki olaraq yaşamaması ilə bağlı arayışı, nikahın ləğvi ilə bağlı məhkəmə qətnaməsini (yaxud nikahın ləğv edilməsi haqqında şəhadətnamə) əlavə etməlidir. Təqdim edilən bütün sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri əlavə olunmalı, tərtib edəcəyi iddia ərizəsində məhkəmənin adı (Şəki İnzibati Məhkəməsi) qeyd edilməli, iddiaçı olaraq öz adı (İddiaçı), cavabdeh olaraq Ağdaş rayon Polis Şöbəsi, üçüncü şəxs isə X2 qeyd edilməlidir. İddia ərizəsinin məzmununda işin halları və tələbinizin qısa məzmunu qeyd olunmalı, “xahiş edirəm” hissəsi isə aşağıdakı kimi ifadə olunmalıdır: - cavabdeh Ağdaş rayon Polis Şöbəsinin üzərinə mülkiyyətimdə olan mənzildən üçüncü şəxs X1 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm. Yuxarıda qeyd edilən nöqsanlarla bağlı iddiaçıya ünvanlanmış yardım məktubunda ətraflı izah verilməsinə baxmayaraq, iddiaçı məktubda qeyd edilənlərlə bağlı münasibət bildirməmiş və iddia ərizəsinin tərtibi zamanı yol verdiyi nöqsanları aradan qaldırmamışdır. İddiaçı ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 27-ci 46-cı maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. İPM-in 27-ci maddəsinin 27.0-cı bəndinə əsasən əsasən, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmçinin İPM-in 46-cı maddəsinin maddənin 1-ci bəndinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Ərizəçinin hüquqi marağına uyğun iddia növü “öhdəliyin icrası haqqında” iddia olduğundan, iddianın xüsusi mümkünlük şərti kimi iddiaçının cavabdeh inzibati orqana müraciət edib-etməməsi, cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina edib-etməməsi yaxud müraciəti cavabsız saxlayıb-saxlamaması yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana müraciəti olmamış və onun müraciəti əsasında ümumiyyətlə inzibati araşdırma aparılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar