Məhkəmə qərarları › İş №2-1(116)-159/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-159/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-159/2020 20.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X8, X17, X14) qarşı “mülkiyyətində olan torpaq sahəsinin plan cizgilərinin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi”tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X8, X17, X14) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mülkiyyətində olan torpaq sahəsinin plan cizgilərinin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə onların mülkiyyətlərinə 0,55 ha və 0,21 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki bir-birinə yanaşı ərazidə yerləşməklə 5 nəfər ailə üzvünə verilmişdir. Həmin 5 nəfər ailə başçısı X2, X9, X3, X4 və Cəbrayılov Elçin Ehdibarəddin oğlundan ibarətdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-185A saylı və JN-185B saylı şəhadətnamə də onlara təqdim edilmişdir. Lakin təəssüf hissi ilə qeyd edir ki, onların ailəsinə verilmiş torpaq sahəsindən cavabdehlərin təqsiri üzündən istifadə edə bilmirlər. Beləki, cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolu kəsmişlər. Başqa yerdən isə həmin torpaq sahəsinə yol yoxdur. Bu barədə cavabdhlərlə dəfələrlə söhbət etmişlər və hər dəfə də onların təhqiredici sözlərinə məruz qalmışlar. Hətta bu barədə kənd icra nümayəndəsinə, bələdiyyəyə məlumat vermişlər. Lakin nəticəsi olmayıb.Bu səbəbdən əlacsız qalıb Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir və Qəbələ rayon Məhkəməsində “mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun açılması tələbinə dair” iddia qaldırmışdır. Məhkəmənin gedişində Qəbələ rayon Məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası təyin etdi. Lakin, X20 18 iyul 2019-cu il tarixli, 11789 saylı məktubunda rəyin verilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin məktubda qeyd edilir: “Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 10 iyul 2019-cu il tarixli **********18 saylı məktubun, məktuba əlavə edilmiş “Kadastr və Yerquruluşu Layihə-tədqiqat Mərkəzi" MMCnin Şəki Layihə-Tədqiqat idarəsinin rəisi İlkin Süleymanovun 09.07.2019-cu il tarixli, ŞM-232 saylı arayışı və baxış aktının surəti daxil olmuşdur. Mütəxəssis arayışında mülki iş üzrə 25 iyun 2019-cu il tarixdə idarənin mütəxəssisinin, iddiaçı və cavabdeh tərəfin iştirakı ilə tədqiq olunan əraziyə baxış keçirilməsi, GPS aləti vasitəsilə ölçü işlərinin aparılması, kameral qaydada Mərkəzin elektron bazasına və naturada aparılmış ölçü işlərinə əsasən Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-185A və JN-185B nömrəli şəhadətnamələrdə göstərilmiş cizgilərlə faktiki naturada ölçülmüş torpaq sahələrinin cizgiləri arasında uyğunsuzluq olduğundan işin aparılmasının və mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı göstərilmişdir". O, mütəxəssis Ələsgər Mirzəyevin məktubunda göstərilənlərə inanmamışdır, çünki, torpaq sahəsi yerində müayinə edilərkən məlum oldu ki, baxış keçirən mütəxəssis cavabdeh tərəfin qohumudur. Cavabdeh tərəfinin qohumu olduğunu mütəxəssis özü orada bildirdi. Ona görə də məhkəməyə mücərrəd bir məlumat göndərmişdir. X20 sözü gedən məktubuna istinad edən məhkəmə təklif etmişdir ki, iddianı geri götürün və Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət edin. O da iddianı geri götürmüş və bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin o bundan sonra vəkilin vasitəsi ilə torpaq sahəsinin koordinatlarının və cizgilərinin müəyyən edilməsi üçün DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq DƏDRX 9 saylı Qəbələ ərazi idarəsi 29.08.2019-cu il tarixli, **********1 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.09, 3.0.19 və 3.0.22-ci maddələrinə istinad edərək ona qeyri-müəyyən cavab vermişdir. Qeyrimüəyyən ona görə deyir ki, məktubda istinad edilən maddələrin mövcud işə heç bir aidiyyəti yoxdur və bu səbəbdən deyir ki, ona qarşı qərəzçiİik mövqeyi tutulmuşdur və ekspert Ələsgər Mirzəyev ilə cavabdehlərin qohumluq münasibətləri həqiqətən də doğrudur. Əks halda adı çəkilən Əsasnamənin sözü gedən maddələri düzgün təfsir edilərdi. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən 0.55 ha və 0.21 ha torpaq sahələrinin plan və cizgilərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar bildirirlər ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyəti daxilində deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 3.0.9-cu maddəsinin tələblərinə görə mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq; 3.0.19-cu maddəsinin tələblərinə görə bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək; 3.0.22-ci maddəsinin tələblərinə görə bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşularını müəyyənləşdirən bütün döngə nöqtələri, arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunu hazırlamaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti fəaliyyət istiqamətlərinə aid edilmişdir. Əsasnamənin müvafiq maddələrindən göründüyü kimi, iddiaçının idda tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı yox. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki Layihə-Təqiqat İdarəsinə qarşı olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı, cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. Məhkəmənin 18.03.2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili X5 cavabdehin etirazında qeyd olunan xüsusatlar izah olunmuş, iddiaçının iddia ərizəsində hazırki cavabdehin əsasnaməsinin bəndlərini qeyd etdiyi halda, imtina məktubundan da göründüyü kimi iddiaçıya həqiqətən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməsi tövsiyə olunduğu bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkilinə yardım edilərək, iddianı düzgün cavabdehə qarşı qaldırmaq, bu zaman ilk növbədə həmin orqana ilk olaraq müraciət etmək hüququ izah olunmuş, həmçinin iddiaçının şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün ilk növbədə hazırki inzibati orqana müraciət etmək, müraciətindən imtina olunacağı təqdirdə isə məhkəməyə müvafiq tələblə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili X6 iddiaçıya qeyd olunanları izah etməsi və iddianın geri götürülməsinə dair ərizə təqdim edə bilməsi üçün iclasın təxirə salınmasını xahiş etmiş, lakin keçən müddət ərzində nə iddiaçı, nə də onun nümayəndəsi yardıma münasibət bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməyə görə; 3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: 3.0.1. daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; 3.0.2. yerquruluşu işlərini təşkil etmək və aparmaq; 3.0.3. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil etmək, yerinə yetirmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək; 3.0.4. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədi ilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərini həyata keçirmək; 3.0.5. daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması məqsədi ilə monitorinq işlərini yerinə yetirmək; 3.0.6. daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək; 3.0.7. sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın vahid dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək; 3.0.8. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək; 3.0.9. mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq; 3.0.16. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının, torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini təmin etmək; 3.0.19. bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək; Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Həmçinin məhkəmə qeyd edir ki, hazırki halda cavabdehin düzgün cavabdehlə əvəz olunması da iddianın mümkün sayılması ilə nəticələnməyəcəkdir. Belə ki, iddiaçı analoji tələblə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin plan cizgilərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X8, X17, X14) qarşı “mülkiyyətində olan torpaq sahəsinin plan cizgilərinin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar