Məhkəmə qərarları › İş №2-1(116)-159/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-159/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-159/2022 19.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X10 Filialına qarşı “25 illik əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “32 il iş stajının müəyyən edilməsi və yaş həddinə görə tam şəkildə təqaüd təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27.12.2021-ci il tarixli 2-1(116)1149/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı – hüquqi varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X10 Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.1956-cı ildə Göyçay şəhərində anadan olmuşdur. 09.11.1975-ci ildə Göyçay Kopunivermağı üzrə həmin tarixdən 1-saylı univermaqda şagird vəzifəsinə təyin edilmiş, 04.27.1976-cı ildə Hərbi xidmətə çağırıldığına görə işdən azad edilmişdir. 06.15.1978-ci ildə hərbi xidmətdən gəldikdən sonra sözügedən idarədə çilingər vəzifəsində işləməyə başlamış, 04.09.1979-cu ildə 45 min başlıq quşçuluq fabrikində fəhlə vəzifəsində işə başlamışdır. 31.12.1984-cü ildə eyni birliyin 20000 başlıq quşçuluq fabrikinə köçürülmə yolu ilə köçürülmüşdür. 05.02.1999-cu ilədək həmin fabrikdə işləmiş, öz ərizəsi ilə işdən azad olunmuşdur. 01.11.2001-ci ildən Göyçay Melorasiya idarəsində çilingər vəzifəsinə təyin edilmiş, 01.06.2010-cu ildə öz ərizəsi ilə işdən azad edilmişdir. İddiaçının iki əmək kitabçası olmuşdur. Belə ki, birinci əmək kitabçasını itirmiş, bu səbəbdən ikinci əmək kitabçası almış, sonradan isə birinci əmək kitabçasını tapmış və halhazıradək hər ikisini original şəkildə qoruyub saxlamışdır. Cavabdeh hər iki əmək kitabçasında iş stajının üst-üstə düşdüşüyünü bildirsə də, faktiki olaraq burda heç bir iş stajı üst-üstə düşmür. Cavabdeh Quşçuluq fabrikində işlədiyi müddətin dövlət arxivində kötüyü olmadığı üçün həmin müddəti iş stajı kimi nəzərə almamışdır. Amma onunla işləyən iş yoldaşlarını məhkəmə iclasında şahid qismində gətirərək sözügedən idarədə işləməyini təsdiq edə bilər. Cavabdeh hər vasitə ilə onun əmək stajının 25 il müddət olmadığını bildirərək ona sosial təqaüd (yəni 130 manat) təyin etmək istəyir. O, isə həmin təqaüdlə razılaşmır. Çünki o, dövlət müəssisəsi olan fabrikdə çilingər işləmişdir. Malik olduğu stajla ona qanuni şəkildə yaş həddi ilə bağlı əmək pensiyası düşür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Həmçinin “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək “25 illik əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 19.01.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialının 10 iyun 2021 -ci il tarixli **********3 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə" qərarında İddiaçı məxsus əmək kitabçalarında məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər - işə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X2 işləmə faktı,1979-1999-cu illərin əmrlərində uyğunsuzluqlar) olduğundan, Göyçay quşçuluq fabriki fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X9 filialına təhvil verilmədiyi üçün həmin dövrdə fabrikdə işləməsinə dair faktı yoxlanılması mümkün olmadığından həmin dövrün sosial sığorta stajı kimi hesablanmasının qanunamüvafiq olmadığı qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə yaranmışdır. Lakin İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İddiaçı sosial sığorta stajı aşağıdakı kimidir: 1974.11.01 - 1975.01.31= 00-03-00, 1975.09.11 - 1976.04.27= 00-07-16, 1976.05.04 - 1978.05.13= 02-00-09 (hərbi xidmət dövrü), 1978.06.15 - 1979.04.01 = 00-09-16 (SMU-1) - sənədləri yoxdur, 1979.04.09 - 1980.12.31= 01-08-22 (Kökəltmə birliyi) - əmək haqqı cədvəlləri yoxdur, 1981.02.17 - 1981.10.20= 00-08-03 (45 minlik quşçuluq fabriki) - sənədləri yoxdur, 1981.10.26 - 1984.03.21= 02-04-25, 1985.03.20 - 1999.02.05=13-10-15 (Göyçay quşçuluq fabriki) - sənədləri yoxdur, 2001.11.01 - 2005.09.01 =03-01-00(Göyçay Melioservis idarəsi) -əmək haqqı cədvəllərinə əsasən. İddiaçı əmək kitabçalarında olan məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər-isə qəbul, isdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X2 işləmə faktı) 1979-1999-cu illərin əmrlərinə sübhə yaratdığı üçün sığorta stajını yoxlamaq zərurəti yaranmışdır. Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X9 filialına təhvil verilmədiyi üçün həmin dövrdə fabrikdə işləməyinə dair faktı yoxlamaq mümkün olmamış və həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunamüvafiq deyildir. Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, is stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud is dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasivvətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, is dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı məxsus iki əmək kitabçası mövcuddur və əmək kitabçalarındakı qeydlərdə uyğunsuzluqlar vardır. Bununla yanaşı Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədlərinin X9 filialına təhvil verilmədiyi də lazımi qurumlara verilmiş sorğular əsasında müəyyən edilməmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DSMF PHŞ-in 13 saylı regional ərazi filialının 10.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasının əslindən görünür ki, iddiaçı 01.11.1974-31.01.1975-ci illərdə (03 ay) X7 cəmiyyətində fəhlə vəzifəsində, 11.09.1975- 27.04.1976-cı illərdə (7 ay 16 gün) 1 №-li univermaqda şagird vəzifəsində, 15.06.1978- 01.04.1979-cu illərdə (9 ay 16 gün) SMU-1 “Azərittifaqda” çilingər vəzifəsində, 09.04.1979- 31.12.1980-cı illərdə (1 il 8 ay 22 gün) 45 minlik quşçuluq fabrikində, 17.02.1981- 20.10.1981-ci illərdə (8 ay 03 gün) Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində, 26.10.1981-21.03.1984-cü illərdə (2 il 4 ay 25 gün) X3 əmək fəaliyyəti ilə məşğul olmuşdur. - 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasının əslindən görünür ki, iddiaçı barəsində ilkin qeyd 09.04.1979-cu ildə 45 minlik quşçuluq fabrikində fəhlə vəzifəsinə qəbul edilməsi barədə olmuş, həmçinin əmək kitabçasında iddiaçının 20.03.1985– 05.02.1999-cu illərdə (13 il 10 ay 15 gün) X5, 01.11.2001–01.09.2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olması barədə qeydiyyat aparılmışdır. Əmək kitabçasında 31.12.1984-cü ilə aid - “Azərbaycan SSR Baş Quşçuluq Sənaye İdarəsinin 11.12.1984-cü il tarixli, 326 №-li əmrinə əsasən ixtisar edilsin” qeydi mövcuddur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin 02.07.2021-ci il tarixli 867 №-li arayışından görünür ki, iddiaçı 04.05.1976 – 13.05.1978-ci illərdə Sovet SQ-də hərbi xidmət keçmişdir (əsas: ИЗ-3240921 №-li hərbi bilet). - X9 Filialının 08.06.2021-ci il tarixli 198 №-li arayışından görünür ki, Göyçay rayon 45 minlik Quşçuluq fabriki və Göyçay Quşçuluq fabrikinin sənədləri arxivə təhvil verilməmişdir. - 13 saylı Regional Ərazi Filialı tərəfindən təsdiq edilmiş 07.06.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış, iddiaçının 01.11.2001-ci ildə 33№-li əmrlə Göyçay Melioservis İdarəsində çilingər vəzifəsinə qəbul edilməsi, 01.09.2010-cu ildə 20№-li əmrlə (paraqraf 3) işdən azad edilməsi, əmək haqqı cədvəllərinə baxış zamanı iddiaçıya 2001-ci ilin noyabr, dekabr ayı, 2002-ci ilin yanvar, fevral, aprel, noyabr ayları, 2003-cü il hər ay, 2004-cü il hər ay, 2005-ci il fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları əmək haqqının hesablanması və ödənilməsi müəyyən edilmişdir. - 13 saylı Regional Ərazi Filialı tərəfindən təsdiq edilmiş 08.06.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının 09.04.1979-cu il tarixdə 48№-li əmrlə Göyçay rayon kolxozlararası kökəltmə birliyinin 45 min başlıq quşçuluq fabrikinə fəhlə qəbul edilməsi, 31.12.1980-cı il tarixdə 139№-li əmrlə işdən azad edilməsi müəyyən edilmişdir. Birliyin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün əmək haqqına baxmaq mümkün olmamışdır. - "xxxx" ASC X8 İdarəsinin 01.11.2001-ci il və 01.09.2010-cu il tarixli əmrlərindən görünür ki, iddiaçı 33 №-li əmrlə müvafiq qurumda çilingər vəzifəsinə qəbul edilmiş, 20 №li əmrlə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasında iştirak etmişlər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 03.05.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İş materiallarında olan, 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 6 il 5 ay 22 gün, 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında isə iddiaçının ümumilikdə əmək stajı 22 il 8 ay 15 gün qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin 02.07.2021-ci il tarixli arayışı ilə iddiaçının 04.05.1976 – 13.05.1978-ci illərdə (2 il 9 gün) hərbi xidmətdə olması müəyyən edilir. Cavabdeh iddia tələbinə etirazını İddiaçı məxsus əmək kitabçalarında olan məlumatlarda uyğunsuzluqların olması (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər-isə qəbul, isdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X2 işləmə faktı) ilə əsaslandırsa da, məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə müvafiq əmək kitabçalarına baxış keçirilərkən qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi uyğunsuzluq əsası kimi iddiaçının əmək fəaliyyəti ilə bağlı 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında qeyd olunmuş məlumatların öz əksini tapmamasına və 31.12.1984-cü ilə aid qeydə istinad etmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırmasının predmetini təşkil etmiş hər iki əmək kitabçasının iddiaçı barəsində tərtib olunması heç bir şübhə doğurmur və əmək kitabçalarında qeyd olunan əmək fəaliyyəti dövrləri də üst-üstə düşmür. 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının 01.11.1974-cü ildə əmək fəaliyyətinə başlaması və 21.03.1984-cü ildə əmək fəaliyyətinin sona çatması ilə bağlı qeydlər öz əksini tapıb. 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında isə iddiaçının 20.03.1985-ci ildən - 01.09.2010-cu ilədək əmək fəaliyyəti ilə bağlı qeydlər öz əksini tapıb. Həmin əmək kitabçasında iddiaçı barəsində aparılan, iddiaçının 09.04.1979-cu ildə 45 minlik quşçuluq fabrikində fəhlə vəzifəsinə qəbul edilməsi ilə bağlı qeyd - 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçı barəsində əks olunmuş müvafiq qeydlə (hər iki əmrin nömrəsi 48 qeyd olunub) eynidir. 31.12.1984-cü ilə aid - “Azərbaycan SSR Baş Quşçuluq Sənaye İdarəsinin 11.12.1984-cü il tarixli, 326 №-li əmrinə əsasən ixtisar edilsin” qeydi isə iddiaçının eyni dövr ərzində müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilə bilməz. Belə ki, 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçası ilə iddiaçının 31.12.1984-cü ildə əmək fəaliyyəti ilə məşğul olmaması müəyyən edilir. Belə ki, tədqiq olunan 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının 17.02.1981-ci ildən - 20.10.1981-ci ilədək Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində əmək fəaliyyəti ilə məşğul olması müəyyən olunduğundan, artıq 20.10.1981-ci ildən iddiaçının həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmaması əmək kitabçasından aşkar görünür. Yəni, 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında müvafiq qeydin olub-olmamasından asılı olmayaraq, iddiaçının Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində 31.12.1984-cü ilədək işləməməsi işin mübahisəsiz halıdır. Müvafiq qeydin olması iddiaçının əmək stajının daha uzun müddətə hesablanmasına səbəb olmur və iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmır. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan əmək kitabçalarına əsasən məhkəmə, iddiaçının 21.03.1984-cü ildən - 20.03.1985-ci ilədək ümumiyyətlə əmək fəaliyyətinin olmamasını müəyyən edir. Buna görə də məhkəmə hesab edir ki, 31.12.1984-cü ilə aid qeyd iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmadığı kimi, onun ziyanına da şərh olunmamalıdır. Həmin qeyd əsas götürülməklə bütövlükdə 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasının mötəbərliyinin şöbhə altına alınması yolverilməzdir. Cavabdehin etirazının əsaslarından biri də Göyçay quşçuluq fabrikinin fəaliyyət göstərmədiyi və müəssisənin staj, əmək haqqı barədə sənədləri X9 filialına təhvil verilmədiyi üçün həmin dövrdə iddiaçının həmin fabrikdə işləməyinə dair faktın yoxlanılmasının mümkün olmaması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək stajı 31.01.1970-ci ildə və 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçaları ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş hər iki əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.10.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Cavabdehin istinad etdiyi iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə olan halda iddiaçının 31.01.1970-ci ildə tərtib edilmiş əmək kitabçasında olan 6 il 5 ay 22 gün əmək stajı ilə, 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasındakı 20.03.1985–05.02.1999-cu illər üzrə 13 il 10 ay 15 gün əmək stajını topladıqda 20 il 4 ay 7 gün əmək stajı yaranır. İddiaçının 2 il 09 gün hərbi xidmətdə olması da işin mübahisəsiz halıdır və həmin müddət də sosial sığorta stajına daxil edilir. İddiaçının 01.11.2001–01.09.2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrün ona əmək haqqının ödənildiyi 3 il 01 ay müddətini cavabdeh özü də mübahisəsiz olaraq sığorta stajı kimi qəbul edir və həmin müddətə dair əmək haqqı cədvəllərinin mövcudluğu işdə olan cavabdeh tərəfindən tərtib edilmiş aktla müəyyən olunur. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 01.01.2002-ci ilədək olan dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir. 1 yanvar 2002-ci ildən sonrakı dövrə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu Göyçay melisoervis İdarəsi Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin tabe qurumu olmuşdur ki, müvafiq qurum da “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və X4 əsasında yaradılmışdır. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyət hazırda da fəaliyyət göstərir və hüquqi ünvanı: Azərbaycan Respublikası, ünvan 1 Bu isə onu deməyə əsas verir ki, Göyçay melisoervis İdarəsi səhmləri dövlətə məxsus olan qurumun tabeliyində olduğundan, müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi heç bir şübhə doğurmur və cavabdeh tərəfindən mübahisələndirilmir. (əmək haqqı cədvəllərinin olması cavabdeh tərəfindən tərtib edilmiş aktla müəyyən olunur). Beləliklə, yuxarıda sadalan iddiaçının əmək stajı müddəti ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən 15.04.1979-cu ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının Göyçay melisoervis İdarəsində çalışdığı digər dövrün (01.01.2006cı ildən sonrakı) yoxlanılması, həmin dövrdə iddiaçıya əmək haqqının ödənilibödənilməməsinin müəyyən edilməsi, əmək haqqı cədvəllərinin araşdırılması, o cümlədən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə iddiaçıın fərdi uçot məlumatlarının yoxlanılması zərurəti yoxdur. Belə ki, yuxarıda qeyd edilmiş, 20 il 4 ay 7 gün müddətlə, 3 il 01 ay və 2 il 09 gün toplandıqda iddiaçının 25 il 5 ay 16 gün əmək stajının olması müəyyən edilir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı 01.11.1974-31.01.1975-ci illərdə (03 ay) X7 cəmiyyətində, 11.09.1975- 27.04.1976-cı illərdə (7 ay 16 gün) 1 №-li univermaqda, 15.06.1978-01.04.1979-cu illərdə (9 ay 16 gün) SMU-1 “Azərittifaqda”, 09.04.1979-31.12.1980-cı illərdə (1 il 8 ay 22 gün) 45 minlik quşçuluq fabrikində, 17.02.1981-20.10.1981-ci illərdə (8 ay 03 gün) Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində, 26.10.1981-21.03.1984-cü illərdə (2 il 4 ay 25 gün) X3, 20.03.1985–05.02.1999-cu illərdə (13 il 10 ay 15 gün) X5, 01.11.2001- 01.09.2005-ci illərdə (3 il 01 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti müddəti və 04.05.1976–13.05.1978-ci illər üzrə (2 il 9 gün) hərbi xidmət müddəti (cəmi, 25 il 5 ay 16 gün) sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan – 03.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin X10 Filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar