Məhkəmə qərarları › İş №2-1(116)-159/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-159/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-159/2025 18.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil iştiraki ilə cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında" 17 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya 14 iyun 2018-ci il tarixdə təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin 17 avqust 2023-cü il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 1969-cu ildən 08 iyun 1973cü il aralığında aldığı təhsil müddətinin, 1973-cü ilin noyabr ayından 1975-ci ilin noyabr ayınadək hərbi xidmət müddətinin, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək “Azəriqaz” 2 nömrəli tikinti trestində işlədiyi müddətin, xx.xx.1985-ci il tarixindən 1993-cü il avqust ayınadək “Bakı fəhləsi” şərab zavodunda işlədiyi müddətin, xx.xx.1993-cü il tarixindən 16 noyabr 2005-ci il tarixinədək Sumqayıt şəhəri "xxxx" MMC-də işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “'Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında" 17 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya 14 iyun 2018-ci il tarixdə təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin 17 avqust 2023-cü il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 dekabr 1975-ci ildən 16 noyabr 2005-ci il tarixinədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən, 1973-cü ilin noyabr ayından 1975-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuş və 1969- cu ildən 08 iyun 1973-cü müddəti aralığında (Sumqayıt Politexnik Texnikomunun "Metalların kəsməklə emalı" ixtisası üzrə kursu bitirmişəm) təhsil almışdır. Göründüyü kimi, iş stajım ümumilikdə 25 ildən çoxdur. Bütün bunlar nəzərə alınaraq, iddiaçıya 14 iyun 2018-ci il tarixdə iddiaçıya yaşa görə pensiya təyin edilmişdir. Pensiyanın düzgün hesablanmaması əsası ilə iş üzrə cavabdeh 11 oktyabr 2023-cü il tarixli məktubla, ərizənin icrasından imtina edərək, pensiya işini ləğv etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində qeyd olunur ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqmda* Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası alhnda olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Hesab edirik ki, aşağıda qeyd olunan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki hallarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin 14 06.2018-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi Qanunun 37.8.3cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Aşağıda şərh olunan səbəblərdən iddiaçının pensiya işı etibarsız (ləğv) edilmiş və ona ödənilməkdə olan yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Belə ki. Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək. qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq xx.xx.1954-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 63 yaş 6 ayın tamam olduğu xx.xx.2018-ci il tarixdə çatmışdır. iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq 2) azı 25 il sığorta stajı olduqda Lakin iddiaçının sosial sığorta stajı Qanunun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edək ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək əmək fəaliyyəti dövrü, xx.xx.1973-cü il tarixdən xx.xx.1975- ci il tarixədək hərbi xidmət illəri, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978- ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 13 il 18 gün təşkil edir. Nəzərinizə çatdırırıq ki. xidməti araşdırma zamanı iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 01.03 1983-cü il tarixdən xx.xx.1984-cü ıl tarixədək Azərqaz 2 nömrəli tikinti trestində. xx.xx.1985-ci il tarixdən Bakı fəhləsi şərab zavodunda (işdən azad olma tarixi qeyd edilməyib) 03.09 1993-cu ıl tarixdən xx.xx.2005-cı il tarixədək Sumqayıt şəhəri "Elm Tərəqqi” MMC-də olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Diqqətinizə çatdırırıq kı, iddiaçının əmək kitabçasında xx.xx.1985-ci il tarixdə “Bakı fəhləsi” şərab zavodunda işə başlaması haqqında qeyd üzərinə latın qrafikalı möhür vurulmuşdur. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx.xx.1991-ci il tarixli Qərara əsasən. Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamışdır. Həmçinin diqqətinizə çatdırırıq kı. iddiaçının əmək kitabçasında xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhəri 'Elm Tərəqqi" MMC-də işə başlaması haqqında əmr var, lakin xx.xx.2005-ci il tarixdə işdən azad olma əmri və onun rekvizitləri yoxdur. Bununla bağlı bildiririk kı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları "nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün. ay. il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır Gün və ay ikirəqəmli ərəb rəqəmlən ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə. fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir Bildiririk ki. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Fondun Qarabağ regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərqaz" 2 nömrəli tikinti trestində, “Bakı fəhləsi” şərab zavodunda olan dövrlərə aid arxiv sənədləri mühafizə olunmaq üçün Dövlət Arxivinin Füzuli Filialına təhvil verilmədiyindən və hüquqi ünvanlan məlum olmadığı üçün sözügedən dövrlərin araşdırılması və iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X2-Xızı regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhəri “Elm Tərəqqi MMC-də olan dövrlərin araşdırılması həmin müəssisənin arxiv sənədlərinin mühafizə olunmaq üçün Dövlət Arxivinin Sumqayıt Filialına təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən iddiaçının pensiya ışı etibarsız (ləğv) edilmiş və ona ödənilməkdə olan yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2023-cu ıl tarixdə dayandırılmışdır. Qanunun 39.1-cı maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən 14 08 2020-cı il tarixdən (14 08 2023-cü il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 30 09.2023-cu il tarixədək yaşa gorə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 7 0 2-ci maddəsinə əsasən yaşa gorə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib (hesablanıb), 01.01 2022-ci ıl tarixdən 180 manata. 01.01,2023-cü ıl tarixdən 220 manata çatdırılıb. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “İddiaçı mübahisəsiz sığorta stajı xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək əmək fəaliyyəti dövrü, xx.xx.1973-cü il tarixindən 09.11 1975-ci il tarixinədək hərbi xidmət illəri, xx.xx.1975-ci il tarixindən 21 04.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən 01 10.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən 01 02.1983-cü ıl tarixinədək əmək fəaliyyəti dövrü daxil olmaqla 13 il 18 gün təşkil edir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Əlillik altsisteminə əsasən vətəndaşa 19.11,2021-ci il tarixindən sonrakı dövr üzrə əlillik təyin edilməmişdir. Bu səbəbdən ona həmin tarixdən qanunvericiliyin tələblərinə əsasən əlilliyə görə müavinətin təyin edilməsi mümkün hesab olunmamışdır. Bildiririk ki, E.Y.Əhmədovaya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluğa görə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (övladı X1 18 yaşı tamam olduğu tarixədək) müavinət təyin edilmiş və ödənilmişdir. Məlumat üçün bildiririk ki, vətəndaşın əmək kitabçasının surətində qeyd olunmuş, mötəbərliyinə əsaslı şübhələr olan 01,03.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək “Azərqaz” 2 nömrəli tikinti trestində, xx.xx.1985-ci il tarixindən “Bakı fəhləsi” şərab zavodunda (işdən azad olma tarixi qeyd edilməyib), xx.xx.1993-cü il tarixindən xx.xx.2005ci il tarixinədək Sumqayıt şəhəri “Elm Tərəqqi" MMC-də olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olmuşdur ki, vətəndaşın əmək kitabçasında qeyd olunmuş “Azərqaz” 2 nömrəli tikinti trestində, “Bakı fəhləsi” şərab zavodunda olan dövrlərə aid arxiv sənədləri mühafizə olunmaq üçün Dövlət Arxivinin Füzuli Filialına təhvil verilmədiyindən və hüquqi ünvanları məlum olmadığı üçün sözügedən dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.”. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954cü il təvəllüdlüdür. • İddiaçıya məxsus xx.xx.1972-ci tarixli əmək kitabçasının surəti. • Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. • İddiaçıya məxsus Ч 663083 nömrəli diplomun surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 14 iyun 2018-ci il tarixdə təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin dayandırıldığı 17 avqust 2023-cü il tarixdən bərpa edilərək ödənilməsinə nail olmaqdan ibarətdir. İşin hallarından belə görünür ki, cavabdeh inzibati orqan etirazında qeyd etdiyi dəlillərə əsaslanaraq 14 08 2020-cı il tarixdən (14 08 2023-cü il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 30 09.2023-cu il tarixədək yaşa gorə əmək pensiyası üzrə artıq ödəmənin müəyyən edilməsi səbəbindən iddiaçının pensiya işi etibarsız (ləğv) edilərək ona ödənilməkdə olan yaşa görə əmək pensiyasının ödənişi 30 09.2023-cu ıl tarixdə dayandırılmışdır. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının “pensiya işinin etibarsız (ləğv) edilməsi” anlayışı qeyri müəyyəndir. Çünki mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bununla yanaşı cavabdeh maddi hüquq norması kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad etmişdir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Normanın mənasından belə görünür ki, təyin edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda əmək pensiyası ödənişi halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Buradan belə nəticə hasil olur ki, “əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar”ın aşkarlnamsı üçün cavabdeh tərəfindən iddiaçıya məlumat verməklə, inzibati icraat aparılmalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Cavabdhin “iddiaçının əmək kitabçasının surətində qeyd şübhələr olan 01.03 1983cü il tarixdən xx.xx.1984-cü ıl tarixədək Azərqaz 2 nömrəli tikinti trestində. xx.xx.1985-ci il tarixdən Bakı fəhləsi şərab zavodunda (işdən azad olma tarixi qeyd edilməyib) 03.09 1993-cu il tarixdən xx.xx.2005-cı il tarixədək Sumqayıt şəhəri "Elm Tərəqqi” MMC-də” olan dövrlərə, “işdən azad olma əmri və onun rekvizitlərin olmaması”na, “işə başlaması haqqında qeyd üzərinə latın qrafikalı möhür vurulması”na “arxiv sənədlərinin təhvil verilməməsi”nə dair dəlilləri isə iddiaçının iradəsindən asılı olmayan hallardır və burada onun hər hansı bir təqsilri hərəkətinin olması sübut edilmir. Digər tərəfdən qeyd olunan sənədləri cavabdeh inzibati orqan nəzərə almaqla iddiaçıya 14 06.2018-ci il tarixdə pensiya təyin etmişdir. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuzdur. Odur ki, cavabdehin “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında" 17 avqust 2023-cü il tarixli qərarın ləğv edilməli və iddiaçıya 14 iyun 2018-ci il tarixdə təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin 17 avqust 2023-cü il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Faktiki hərəkətin qanunsuzluğunun müəyyən edilməsi onun yaratmış olduğu nəticələrin də aradan qaldırılmasını ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında" 17 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və İddiaçı 14 iyun 2018-ci il tarixdə təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin 17 avqust 2023-cü il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar