Məhkəmə qərarları › İş №2-1(116)-1592/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1592/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1592/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçının və vəkilinin elektron kabinetinə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh orqana qarşı irəli sürülmüş tələblər aşağıdakılardan ibarətdir:

1. cavabdeh orqan tərəfindən töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi,

2. 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 noyabr Zəfər bayramı münasibətilə verilmiş olan mükafatın, iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək verilməli olan mükafatların hesablanması və cavabdehdən tutularaq ödənilməsi.

Məhkəmə, iddia tələbinin “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrlə verilmiş töhmətin ləğv edilməsi” hissəsinə münasibətdə izah edir ki, töhmətin ləğvi tələbi yox, töhmətin verilməsi ilə bağlı verilmiş əmrin ləğvi tələbi irəli sürülə bilər. Hər bir halda iddiaçının hüquqi marağı nəzərə alınaraq məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı tələbin mümkünlük şərtləri yoxlanılmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi 1-ci dərəcəli müfəttiş İddiaçı töhmət verilmişdir. Sözügedən əmr xx.xx.2023-cü il tarixdə iddiaçıya məlumat üçün elektron qaydada təqdim edilmişdir. Həmin əmrin mübahisələndirilməsi ilə bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir (cavabdeh orqan əmək mübahisəsinin qarşılıqlı razılıqla həll edilməsinin mümkünsüz olduğunu bildirmişdir). “Mediasiya haqqında” Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Göründüyü kimi mediasiyada iştirakla bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət edilən zaman artıq mübahisələndirilən əmrdən iddiaçının məlumatlı olmasından 14 gün keçmişdir. xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı müddətdə iddiaçı, yuxarı inzibati orqana və məhkəməyə yox, yenidən xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək mübahisələndirilən əmrin ləğv edilməsini xahiş etmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı mübahisəyə münasibətdə yuxarı inzibati orqan olmadığından, müraciətə verilən cavab məktubunun xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə iddiaçıya çatdırılması “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi” barədə tələbin irəli sürülməsi üçün iddia müddətinin xx.xx.2024-cü il tarixdən hesablanmasına səbəb olmur. Hazırkı iddia tələbinin “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi” hissəsi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işin hallarına münasibətdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə mübahisə ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparılmasına baxmayaraq, artıq sözügedən mediasiya təşkilatına müraciət edilənədək əmrdən iddiaçının məlumatlı olduğu vaxtdan 14 gün keçdiyindən, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı 16 gün ərzində məhkəmədə iddia qaldırılmalı idi. Başqa sözlə, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddətinin buraxılması ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparıldığı dövrün üzürlü hal kimi qəbul edilməsi mümkün olsa da, mediasiya icraatı başa çatdıqdan sonrakı dövr ərzində - xx.xx.2023-cü il tarixədək məhkəməyə müraciət edilmədiyinə görə İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır (xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, daha sonra isə Yevlax rayon Məhkəməsinə müraciət edərkən artıq, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddəti ötürülmüşdür). Hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə, yəni, 1 ay, 18 gün sonra Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Odur ki, müddətin buraxılmasının üzürlü səbəblərinə dair sübutların təqdim edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur.

İddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və mükafatların, 8 noyabr Zəfər bayramı münasibətilə verilmiş olan mükafatın cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin verilməsi nəticəsində iddiaçının məhrum olduğu əmək haqqına əlavələr, mükafatların hesablanaraq ödənilməsi hissəsi ilkin tələbdən asılı tələbdir və həmin ödənişlərin verilməməsi məhz sözügedən əmrin qəbul edilməsi ilə bağlı olduğundan ilkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də, mümkünsüzlüyünə səbəb olur. “Məhkəmə qərarının icra edildiyi günədək hesablanmalı olan əmək haqqına əlavələrin və mükafatların ödənilməsi” tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı, hazırda cavabdeh orqanla aralarında yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməklə bərabər, inzibati orqanla aralarında gələcəkdə mövcud olub-olmayacağı qeyrimüəyyən olan hüquq münasibətləri üzrə ödənişlərin verilməsini tələb edir. Hazırkı mərhələdə tələbin həmin hissəsində iddiaçı ilə cavabdeh orqan arasında mübahisə olmadığından, tələbin həmin hissəsinə münasibətdə iddiaçının hüquqi marağının mövcudluğu müəyyən edilmir (tələb gələcək zamana münasibətdə inzibati orqana qarşı ödənişlərin verilməsindən ibarətdir). Gələcək dövrə münasibətdə ödənişlərin verilməsi tələbi ilə bağlı cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcudluğu müəyyən edilmir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Lakin, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar