Məhkəmə qərarları › İş №2-1(116)-1593/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1593/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1593/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1975-ci ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuşdur. O, hazırda Şəki şəhəri E.Sabitoğlu küçəsi ev 12-də yaşayır və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2243 nömrəli əmri ilə iddiaçı Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur. Bundan sonra "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2288 nömrəli əmri ilə o, Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. Həmin əmrlərə əsasən, ezamiyyə vərəqələri tərtib edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "X6 Mərkəzi" publik hüquqi şəxsi İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etməsi barədə xx.xx.2021-ci il tarixli 176 nömrəli arayış vermişdir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 409/1 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sına müraciət edərək, İİ Qarabağ Müharibəsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təcili tibbi yardım avtomaşınlarının sürücülərlə birlikdə "Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə və "X6 Mərkəzi" publik hüquqi şəxsinə yaralı əsgər, zabit və şəhidlərin daşınması üçün ezam olunduğunu, müharibənin sonunadək yerdəyişmə üsulu ilə növbəlik əsasında 20 nəfər sürücünün göstərilən işlərdə iştirak etdiyini, müharibə bitdikdən sonra sürücülərin avtomaşınları ilə birlikdə öz iş yerlərinə qayıtdıqlarını bildirmiş və sürücülərin müraciəti əsasında onlara veteran adlarının verilməsinin qanunauyğunluğu barədə məlumat verilməsini xahiş etmişdir. Məktuba əlavə olunmuş siyahıda İddiaçı da adı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sı xx.xx.2022-ci il tarixli ***- **** nömrəli cavab məktubunda bildirmişdir ki, qeyd olunan 20 nəfərin xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrində xidmət etməmələrini (işləməmələrini) nəzərə alaraq, onlara "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, əlinə silah almasa da, vətənin bütövlüyü uğrunda mənəvi cəhətdən mübarizə aparmış, yaralı əsgər və zabitlərlə yanaşı, şəhidlərimizin döyüş bölgəsindən daşınmasını təmin etmişdir. Bu, onun vəzifə borcu olmuş, o, üzərinə düşəni layiqincə yerinə yetirməyə çalışmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı xx.xx.2022-ci il tarixli 11/2943 nömrəli etirazında iddianın mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh ola bilməz. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2243 nömrəli əmrindən görünür ki, Texniki dəstək bölməsinin sürücüsü Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur. - İşdə olan xx.xx.2020-ci il tarixli 291 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Ağcabədiyə, xx.xx.2020-ci ildə Ağcabədidən Füzuliyə, xx.xx.2020-ci ildə Füzulidən Şamaxıya, xx.xx.2020-ci ildə Şamaxıdan Şəkiyə getmişdir. - İşdə olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2288 nömrəli əmrindən görünür ki, İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. - İşdə olan xx.xx.2020-ci il tarixli 307 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Füzuliyə, xx.xx.2020-ci ildə isə Füzulidən Şəkiyə getmişdir. - İşdə olan "X6 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 176 nömrəli arayışından görünür ki, İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Lakin işdə olan ezamiyyə vərəqələrindən və əmrlərdən çıxarışlardan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam olunması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yoxdur. Bundan başqa, İddiaçı məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli müraciətdə iddiasının təmin edilməli olmasının "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3144 nömrəli Sərəncamından və ""Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127s nömrəli Sərəncamından da irəli gəldiyini bildirmişdir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, həmin Sərəncamlar Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin əməkdaşlarına və mülki işçilərinə veteran adının verilməsini deyil, onların “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi məsələlərini tənzimləyir. Beləliklə, məhkəmə hazırkı iddianın təmin edilməsi üçün əsas müəyyən etmədi və bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar