Məhkəmə qərarları › İş №2-1(116)-1594/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1594/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1594/2023 08.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 15 saylı qərarı ilə X5, X6, X12, X7 və X3 adına Ağsu rayonunun Cəfərli kəndi ərazisindən verilmiş 5,66 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 15 saylı qərarı ilə X5, X6, X12, X7 və X3 adına Ağsu rayonunun Cəfərli kəndi ərazisindən verilmiş 5,66 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddiaçı ilk öncə Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin (bundan sonra “MPM”) 307.2.5-ci maddəsinə əsasən sənədin ona (dövlət aktında məlumatları fərqli qeyd olunmuş bütün şəxslərə) məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar rayon (şəhər) məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli, iddia təmin olunduğu halda, hüquqi marağına uyğun iddia tələbi ilə yenidən Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş JN 014 (kod ********) nömrəli Dövlət Aktının ikinci səhifəsində mülkiyyətçilərin ad, soyad və ata adları X5, X8, X9, X7 və X1 qeyd edildiyi, yəni fərqli olduğu müəyyən olunmuşdur. Yardım məktubunda iddiaçıya məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif olunmuş və bunun üçün müddət təyin edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənilməsi sənədindən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən alınmışdır. Lakin bu günədək məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, hazırkı iddia ərizəsində məhkəməyə müraciət etməkdə iddiaçının məqsədinin Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 15 saylı qərarı ilə X13, X8, X11, Mədətova (Məmmədova) Səidə Sahəddin qızı və X2 adına Ağsu rayonunun Cəfərli kəndi ərazisindən verilmiş 5,66 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi olduğu aydın olsa da, iş materiallarına əlavə edilmiş JN 014 (kod ********) nömrəli Dövlət Aktının ikinci səhifəsində mülkiyyətçilərin ad, soyad və ata adları X5, X8, X9, X7 və X1 qeyd edildiyi müəyyən olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş “İddiaçı, X11, Məmmədova (Mədətova) Səidə Sahəddin qızı”na məxsus şəxsiyyət vəsiqələrinə əsasən müəyyən olunur ki, Dövlət Aktında qeyd edilən “X5”nun adı “Sahəddin”, “X4”nun ata adı “Sahəddin” və “X7”ın ata adı “Sahəddin” kimidir. Qeyd olunanlarla əlaqədar sorğu verilərək JN:014 (kod ********) nömrəli Dövlət Aktına münasibətdə subyektlər siyahısının əldə edilməsi zərurəti yaranmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1243/2023 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən müəyyən edilmişdir ki, JN-0014 kod 40910028 nömrəli Dövlət Aktı onun tərtib edilməsinə əsas olmuş subyektlər siyahısında qeyd olunan ad, soyad və ata adlarından fərqli tərtib olunmuşdur. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, qanunvericiliyin tələbləri izah olunaraq dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, tələb cavabdehin ümumi (publik) hüquq sahəsindəki hərəkəti (və ya hərəkətsizliyi), qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı olsa da, iddiaçının hüquqların qeydə alınması üçün istinad etdiyi sənədin ona və digər mülkiyyətçilərə məxsus olması ilə bağlı ziddiyyət mövcuddur ki, həmin ziddiyyət iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Ağsu RİH Kəndoba kənd icra nümayəndəliyinin arayışı ilə aradan qaldırıla bilməz. Odur ki, iddiaçı sözügedən sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, daha sonra hazırkı tələb üzrə iddia ərizəsi ilə hüquqi marağına uyğun inzibati məhkəməyə müraciət etməlidir. Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi isə ümumi hüququn tənzimetmə predmetinə aid olan məsələ kimi qiymətləndirilə bilməz. Göstərilən uyğunsuzluq isə iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun mövcudluğunu istisna edir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, ilk öncə Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin (bundan sonra “MPM”) 307.2.5-ci maddəsinə əsasən sənədin ona (dövlət aktında məlumatları fərqli qeyd olunmuş bütün şəxslərə) məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar rayon (şəhər) məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli, iddia təmin olunduğu halda, hüquqi marağına uyğun iddia tələbi ilə yenidən Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 15 saylı qərarı ilə X5, X6, X12, X7 və X3 adına Ağsu rayonunun Cəfərli kəndi ərazisindən verilmiş 5,66 ha torpaq sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar