Məhkəmə qərarları › İş №2-1(116)-1599/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1599/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1599/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 1000 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 1000 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Tülü kənd N. Nərimanov adına kolxozun 01 noyabr 1994-cu tarixli 4 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya 0.10 ha həyətyanı torpaq sahəsi yaşayış evi tikmək üçün verilmişdir. İddiaçı, sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq sənədlərin tərtib edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Belə ki, iddiaçı, N.Nərimanov kolxozunun qərarı ilə 1994-cü ilin noyabr ayında mülkiyyətinə verilmiş (qanuni istifadəsində olan) 0.10 həyətyanı torpaq sahəsinin AİK 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə, torpaq islahatı haqqında Qanunun 9-cu və 10-cu maddələrinin tələblərinə uyğun olaraq mülkiyyətinə verilməsini, lakin sözügedən torpaq sahəsinə dair şəhadətnamənin hazırlanmamasını, xx.xx.2009-cu il tarixdə 820 nömrə ilə uçota alınmış AN 092361 nömrəli plan-ölçü sənədinin tərtib edilməsini bildirmişdir. Buna baxmayaraq cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Aqrar islahat Komissiyasının qərarı ilə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olan iddiaçı xarici ölkə vətəndaşıdır. Bu səbəbdən iddiaçının ərizələrinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İşdə olan, cavabdeh orqan tərəfindən təqdim edilmiş, xx.xx.2023-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi ilə A 092361 nömrəli plan ölçü sənədində qeyd edilmiş 1000 kv.m torpaq sahəsi ilə eyni ərazidə yerləşir. A 092361 nömrəli plan ölçü sənədində qeyd edilmiş 1000 kv.m torpaq sahəsi Balakən rayonu, Tülü kəndində Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 saylı qərarı ilə həyətyanı məqsədilə İddiaçı mülkiyyətinə işlənilmişdir. İddiaçı adına tərtib edilmiş A 092361 nömrəli plan ölçü sənədində qeyd edilmiş 1000 kv.m torpaq sahəsi X1 adına DƏDRX-nin tərtib etdiyi **********99 reyestr nömrəli çıxarış sənədində göstərilən 0.85 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Həmin torpaq sahəsini naturada X3 istifadə edir. İşdə olan, xx.xx.2023-cü il tarixli **********99 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.85 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır. İşdə olan, JN-1413 kod 40114018 nömrəli Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə Daanov Nizami oğlu və 3 nəfər ailə üzvlərinə 0,85 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan A 092361 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarına əsasən Balakən rayonu Tülü kəndində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, tələb hüququnu həmin torpaq sahəsinin Tülü kənd N. Nərimanov adına kolxozun 01 noyabr 1994-cu tarixli 4 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmasını və həmin torpaq sahəsinə dair A 092361 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi ilə əsaslandırır. Məhkəmə tərəfindən iş üzrə cəlb edilmiş mütəxəssisin verdiyi rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X1 adına tərtib edilmiş, xx.xx.2023-cü il tarixli **********99 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş 0.85 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda iddiaçı, hüquqi marağına uyğun olaraq ilk növbədə hüquqlarının dövlət qeydiyyatına alınmasını arzuladığı, faktiki istifadəsində olan torpaq sahəsinə Orxan Daanovun adına tərtib edilmiş, xx.xx.2023-cü il tarixli **********99 reyestr nömrəli Çıxarışı iddia olunan toraq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməli, müvafiq çıxarışın ləğvinə nail olduqdan sonra isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi ilə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlanldıqda) isə anoloji tələblə məhkəməyə müraciət etməlidir. Odur ki, iddia olunan torpaq sahəsi üzərində artıq dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan hazırkı mərhələdə mübahisəyə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 1000 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar