Məhkəmə qərarları › İş №2-1(116)-16/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-16/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-16/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x3, İddiaçı, iddiaçının vəkili x16, cavabdehin nümayəndəsi x6, üçüncü şəxslər x12, x8, üçüncü şəxslərin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x19rşı "JN- 124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax rayonu "Qaraməmmədli" kollektiv təsərrüfatı yerli aqrar islahat komissiyasının 20.04.1998-ci il tarixli 4 nömrəli protokol qərarına əsasən, torpaq islahatı ilə əlaqədar hazırlanmış kompleks yerquruluşu layihə sənədləri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmişdir. Yevlax rayonu "Qaraməmmədli" kollektiv təsərrüfatı yerli aqrar islahat komissiyasının 24.04.1998-ci il tarixli 5 nömrəli protokol qərarına əsasən, keçirilmiş püşkatmanın nəticəsi barədə protokol təsdiq edilmiş, torpaq payı almaq hüququ olan, püşkatmada iştirak etmiş və naməlum səbəbdən püşkatmaya gəlməmiş subyektlərə topaq paylarının verilməsi məsləhət bilinmişdir. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli protokol qərarına əsasən, "Qaraməmmədli" kollektiv təsərrüfatı yerli aqrar islahat komissiyasının 20.04.1998-ci il tarixli 4 nömrəli və 24.04.1998-ci il tarixli 5 nömrəli protokol qərarları təsdiq edilmişdir. Torpaq payı alacaq subyektlərin siyahısına İddiaçı, onun ailə üzvləri x2 və x7, habelə üçüncü şəxslər x12, x8, x10, İskəndərova (hazırda İsmayılova) Gülnar Adil qızının, x13 da adları daxil edilmişdir. İddiaçı, onun ailə üzvləri x2 və x7 adına JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı", üçüncü şəxslər x12, x8, x10, İskəndərova (hazırda İsmayılova) Gülnar Adil qızının və x13 adına isə JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x25 ərizə ilə müraciət edərək, JN- 124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,18 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakn dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin İdarə 27.09.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsi JN-123 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin, elektron baza xəritəsində JN-124 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mövcud deyil. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvləri x4 və x1 təsərrüfatı məhsulları istehsalı üçün 3,18 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı onlara 08.09.1998-ci il tarixli JN-124 nömrəli kod 90106018 "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. 1998-ci ildən bu günə kimi o, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən maneəsiz istifadə edir, hər il əkib-becərir, dövlətin verdiyi güzətli yanacaq pullarını da alır. Cavabdeh iddianı qəbul etməmiş və 12.11.2018-ci il tarixli etirazında bildirmişdir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 3,18 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş JN-124 nömrəli dövlət aktındakı torpaq sahənin planı (cizgisi) və ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritə bazasındakı (DWG) cizgi ilə fərqli olmaqla JN-123 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" kimi göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. x12 və ailə üzvlərinin adına tərtib olunmuş JN-123 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,74 ha torpaq sahəsinin cizgisi isə Yevlax rayonu Bünyadabad kəndinin yaşayış məntəqələrinin torpaq sahəsinə düşür. İddiaçı və ailə üzvlərinin adları eyni adlı siyahıda qeyd olunmasına baxmayaraq elektron baza xəritəsində JN-124 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mövcud deyil. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-124 seriyalı kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə İddiaçı, x5, x7 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,18 ha torpaq sahəsi verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x24 12.11.2018-ci il tarixli **********03 nömrəli etirazından görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 3,18 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş JN-124 nömrəli dövlət aktındakı torpaq sahənin planı (cizgisi) və ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritə bazasındakı (DWG) cizgi ilə fərqli olmaqla JN-123 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" kimi göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. x12 və ailə üzvlərinin adına tərtib olunmuş JN-123 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,74 ha torpaq sahəsinin cizgisi isə Yevlax rayonu Bünyadabad kəndinin yaşayış məntəqələrinin torpaq sahəsinə düşür. İddiaçı və ailə üzvlərinin adları eyni adlı siyahıda qeyd olunmasına baxmayaraq elektron baza xəritəsində JN-124 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mövcud deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi özünün və ailə üzvlərinin adına olan JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 3,18 ha torpaq sahəsinə mülkiyyət hüquqlarınn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını belə əsaslandırmışdır ki, həmin JN- 124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndakı "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) və torpağın ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritə bazasındakı (DWG) cizgiyə uyğun deyil. Belə ki, JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş sxem elektron xəritə bazasındakı (DWG) cizgidə olan JN-123 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" kimi göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin məhkəməyə göndərdiyi 16.04.2020-ci il tarixli məktubda əlavə olaraq deyilir ki, 3,18 ha torpağın həmin 2,24 ha hissəsi çıxılmaqla qalan 0,94 ha hissəsi elektron bazada JN-122 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında x11 və ailə üzvlərinin mülkiyyətində olan 3,74 ha torpaq sahəsinin üzərində yerləşir. Yaranmış suallarla bağlı məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28.01.2020-ci il tarixli 21690 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydə deyilir ki, İddiaçı və ailə üzvləri tərəfindən istifadə edilən torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-123 nömrəli dövlət aktında göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN-124 nömrəli dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsi barədə Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində heç bir məlumat aşkar olunmadığına görə həmin torpaq sahəsi ilə JN-123 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Rəydə həmçinin deyilir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 32 nömrəli qərarı ilə JN-123 nömrəli dövlət aktına əsasən x12 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 2,24 ha göstərilməklə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşdiyi müəyyən olunur. Lakin JN-123 nömrəli dövlət aktında x17 və ailə üzvlərinə ayrılmış torpaq sahəsi 3,74 ha göstərilsə də, Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 2,24 ha olduğu müəyyən olunur. Beləliklə, ekspert rəyi ilə və cavabdehin 16.04.2020-ci il tarixli məktubuna əlavə edilərək işə tikilmiş sxemlə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi JN- 124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndakı sxemdə göstərilən 3,18 ha torpaq sahəsi elektron xəritə bazasında ümumiyyətlə yoxdur. Elektron xəritə bazasında həmin koordinatlarda JN-123 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" bütövlükdə və JN-122 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" hissəvi əks olunmuşdur. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının təqdim etdiyi JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın kağız variantında olan sxem ya əvvəldən, ya da sonradan dəyişdirilmişdir. Məhkəmənin bu qənaətə gəlməsinin bir əsası da ondan ibarətdir ki, iddiaçının və ailə üzvlərinin adına olan JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpağın ölçüsü həmin təsərrüfatda müəyyən edilmiş torpaq payının ölçüsünə uyğun deyil. Belə ki, işə əlavə edilmiş torpaq payı almaq hüququ olan subyektlərin siyahısında hər subyektə iddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçüsü göstərilmədiyinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək Yevlax rayon Qaraməmmədli kəndində torpaq pay norması və zəbt torpaq sahəsinin torpaq payından hansı əmsalla çıxılması barədə məlumat tələb olunmuş, lakin həmin Xidmətin 01.02.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, elektron məlumat bazasında həmin məlumatlar aşkar edilməmişdir. Bundan sonra x31 Hakimiyyətinə sorğu edilərək alınmış 19.03.2020-ci il tarixli 820 nömrəli arayışla müəyyən edilmişdir ki, rayonun Qaraməmmədli kollektiv təsərrüfatında (keçmiş "Bakı" kolxozu) torpaq paylarının ölçüsü 0,75 ha - 0,90 ha olmuşdur. Yevlax Rayon Qaraməmmədli Bələdiyyəsi 19.03.2020-ci il tarixli arayışında eyni məlumatı vermiş, əlavə olaraq bildirmişdir ki, Qaraməmmədli kəndində heç bir vətəndaşa adambaşına 0,90 ha-dan artıq torpaq bölgüsü aparılmamışdır. İddiaçı təqdim etdiyi JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda mülkiyyətçilərin sayı 3 nəfər göstərilmişdir. Təsərrüfatda islahat zamanı müəyyən edilmiş torpaq paylarının ölçüsü ilə hesabladıqda məlum olur ki, onlara 2,25 ha - 2,70 ha arasında torpaq sahəsi verilə bilərdi. JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,18 ha-nı 3 nəfərə böldükdə İddiaçı və hər bir ailə üzvünə güya 1,06 ha torpaq sahəsinin verildiyi məlum olur. Bu isə yuxarıda qeyd olunan təsərrüfatda müəyyən edilmiş torpaq payı normasından xeyli artıqdır, bu səbəbdən onların mülkiyyətinə verilə bilməzdi. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Məhkəmə həmin normaların tələbinə əsaslanaraq bu qərara gəldi ki, iddiaçının təqdim etdiyi JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən məlumatlar Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə zidd olduğuna görə həmin sənəddə göstərilmiş 3,18 ha torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını iddia etmək üçün kifayət etmir. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığına görə məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizası xərcini təşkil edən 100 manat məbləğində pul ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x19rşı "JN-124 kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Prosessual xərclər İddiaçı aid edilsin, məhkəmə tikinti-texniki ekspertizası xərcini təşkil edən 100 manat məbləğində pul ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar