Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-16/2024 24.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının prossesual hüquqi varisinin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçının prossesual hüquqi varisi X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “389541A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən evə və həmin evin yerləşdiyi 1502,7 kv. metr torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Məhkəmənin 2-1(116)-152/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə iş üzrə icraat, iddiaçının prossesual hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin 2-1(116)-16/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə 2- 1(116)-16/2024 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərardadı ilə iddiaçı mərhum İddiaçı prossesual hüquqi varisi X2 ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-16/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının hüquqi prossesual varisinin vəkili (nümayəndəsi), iddia tələbini dəqiqləşdirərək, “ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı, həmin ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-16/2024 nömrəli qərardadı ilə iddia tələbinin “ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsi aşağıdakı kimi əsaslandırmışdır: - mərhum İddiaçı valideyinlərindən miras qalmış, ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. Həmin evin avqust 1987-ci il tarixli Texniki Pasportunda həyətyanı torpaq sahəsi 1502,7 kv.metr qeyd edilmişdir. Mərhum iddiaçının atası X7 xx.xx.1997-ci il tarixdə, anası X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Lakin Oğuz şəhərində həyətyanı torpaq sahələrinə sənəd hazırlanan zaman “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmamışdır. xx.xx.2012-ci il tarixdə həmin həyətyanı torpaq sahəsinin 799,45 kv.metr hissəsinə İddiaçı adına 389541A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və Dövlət Torpaq kadastrı kitabında 9452 nömrə ilə uçota alınmışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 389541A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı tələbi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. ünvan 2 ünvanında yerləşən tərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1502,7 kv.m torpaq sahəsinin 703.25 kv m hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh orqan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66, 67, 111.1, 111.2, “Torpaq islahatı haqqında” Qanunun 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 12.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının prossesual hüquq varisinin vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçının xx.xx.2022-ci il tarixli ilkin müraciət ərizəsi və cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, A№389541 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, İV- ЖГ 430150-li və AZ-İİ 327792 №-li Ölüm haqqında Şəhadətnamələr, Oğuz rayonu Oğuz şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarış, cavabdehin xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cu il tarixli məktubları və onlara əlavə olunmuş mütəxəssis rəyləri, avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasport. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar... Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquqların qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir. İş materiallarından görünür ki, hazırkı inzibati mübahisə ilə bağlı cavabdeh orqana qarşı irəli sürülən tələblər aşağıdakılardır: - ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi, - həmin ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi. İddia tələbinin birinci hissəsi Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-16/2024 nömrəli qərardadı ilə mümkün sayılmadığından, hazırkı məhkəmə araşdırmasında iddia tələbinin ikinci hissəsinin əsaslılığına hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olmasını bildirərkən hüquq müəyyənedici sənəd qismində avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli texniki pasporta istinad edir. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsi 0,15 hektar olmaqla Oğuz şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilsə də, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmçinin avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli texniki pasportun üzərinə vurulmuş möhür əksinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin yerli şöbəsinə aid olması da, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan normanın məzmunundan göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş bütün sənədlər yox, yalnız “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” hüquq müəyyənedici sənəd qismində nəzərə alınmışdır. İstinad olunan sənəd (avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli texniki pasport) aid olduğu daşınmaz əmlak obyektinin texniki parametrlərini və ölçülərini göstərməklə texniki sənəd kimi qiymətləndirildiyindən, iddia olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğunu sübut etmir. Buna görə də, həmin sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qəbul edilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçının prossesual hüquqi varisi X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.