Məhkəmə qərarları › İş №2-1(116)-16/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-16/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-16/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X10 üçüncü şəxslərin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın,X23 əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi və Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın,X23 əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın,X23 əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-652/202 saylı, 19 sentyabr 2022-ci il tarixli Qərardadı ilə ərizə təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/202 saylı, 28 mart 2022-ci il tarixli Qərardadı ilə X1, X6, X4, X2, X13, X15 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-16/2025 saylı, 28 yanvar 2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın ləğv edilməsi, X23 əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/202 saylı, 19 sentyabr 2022-ci il tarixli Qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın və X23 əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/202 saylı, 19 sentyabr 2022-ci il tarixli Qərardadı ləğv edilərək inzibati iş baxılması üçün qaytarılmışdır. İddia ərizəsinə əsasən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qəbul edildikdən sonra üçüncü şəxslərə 11 hektar torpaq sahəsinə dair hazırlanmış JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X24"nın ikinci nüsxəsində əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı deyil, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı qeyd edilmişdir. JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X24”nın ikinci nüsxəsi hazırlanan zaman həmin ərazidə digər vətəndaşların adına olan Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə işlənməli deyildi. Nəticədə bu gün də qüvvədə olan, iddiaçılara məxsus JN-0082 kod 40500018, JN- 0083 kod 40500018 və JN-0085 kod 40500018 nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə, 4 ildən sonra yalnız torpağın ölçüsünün 1.11 hektardan 11 hektara dəyişməklə JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X24"nm ikinci nüsxəsi hazırlanmışdır. Cavabdeh Oğuz RİH iddiaçılara təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktublarda qeyd etmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 nömrəli qərarı ümumi xarakterlidir və qərarın ləğv edilməsi digər mülkiyyətçilərin hüququna toxuna bilər. Cavabdeh 9 saylı Qəbələ ərazi idarəsi məhkəməyə təqdim etdiyi 16 fevral 2022-ci il tarixli etirazında X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət Hüququna X24nın və X23 əsasında verilmiş çıxarışın ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində olmadığını bildirmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə İddiaçı2 və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli iclas protokolundan çıxarış;

2. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli yığıncağ qərarlarının təsdiq edilməsi qərara alınmışdır.

3. JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998- ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 1,12 ha torpaq sahəsi verilmişdir.

4. JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 4,06 ha torpaq sahəsi verilmişdir.

5. JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998- ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə 4,40 ha torpaq sahəsi verilmişdir.

6. JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998- ci il tarixli 65 nömrəli qərarına əsasən, X5, X3, X1, X6, X4, X2, X13, X15, X14 mülkiyyətinə 1,11 ha torpaq sahəsi ilə bağlı verilmişdir.

7. Oğuz rayon Baş Daşağıl kənd yerli aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarından görünür ki, bölgü xəritəsində X5 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır.

8. Eyni tarixli eyni nömrəli JN-0048 "Torpağa mülkiyyət hüququna X24"ndan görünür ki, həmin sənəd X5, X3, X1, X6, X4, X2, X13, X15, X14 adına verilmiş, sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, arxivdə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı mövcuddur, xx.xx.1998-ci il tarixli 65 nömrəli qərar isə texniki səhvdir.

10. MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"nda göstərilən 11 ha torpaq sahəsi üzərində X3, X1, X6, X4, X2, X13, X15, X14 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı2 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X24"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2- 1(116)-66/2020 nömrəli qərarı;

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 1(107)-60/2021 nömrəli qərarı;

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1032/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı;

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia mümkün hesab edilən hissədə əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı şərti olaraq üç hissədən ibarətdir: 1.Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın ləğv edilməsi; 2.X23 əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi;

3. İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilir : Üçüncü şəxsin adına olan JN-0048 nömrəli Dövlət Aktının həm 1-ci həm də 2-ci nüsxəsinin verilməsinə əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı göstərilmişdir. Əslində isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə üçüncü şəxsə 1.11 ha torpaq sahəsi verilmişdir, həmin qərar heç kim tərəfindən mübahisələndirilməmişdir və halhazırda da qüvvədədir. Həmin qərar iddiaçıların hüquq və mənafelərinə toxunmur. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə üçüncü şəxslərin adına sənəd hazırlanmasına səbəb olmuş Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına gəldikdə isə bu qərar icra olunmamış və heç bir hüquqi nəticə yaratmamışdır. Göründüyü kimi, iddiaçılar iddia ərizəsində AİK-nın qərarı əsasında verilmiş JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nı və onun əsasında verilmiş çıxarışı tam şəkildə deyil, dövlət aktı və çıxarışın hazırlanmasında səhvə yol vermiş cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişlər. İş materiallarına əsasən müəyyən edilir ki, JN-0048, JN-0082, JN-0083 və JN-0085 nömrəli X19 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir.Məhkəmə sorğusu əsasında isə Oğuz RAİK-in arxivdən xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının surəti təqdim edilmişdir.Buradan texniki səhvə yol verildiyini güman etmək olar. Digər bir məsələ isə JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın iki nüsxəsinin mövcud olması ilə bağlıdır.Eyni tarixli və nömrəli Aktların birində mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü 1,11 ha,digərində isə 11 ha göstərilmişdir.Hər iki Aktın isə Oğuz RAİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında verildiyi təsbit edilmişdir. Lakin,iş materiallarına əlavə edilən Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli iclas protokolundan çıxarışdan görünür ki,üçüncü şəxslər həmin məsələ ilə bağlı aqrar islahat komissiyasına müraciət etmiş və məsələ müzakirəyə çıxarılmışdır. İclas protokolundan X5 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. Göründüyü kimi əslində AİK-in qərarı əsasında JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X24nın ikinci nüsxəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı əsasında tərtib edildiyi halda,sənədin verilməsinə əsas olan qərar yenə texniki yanlışlığa yol verilərək (xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında) dərc edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki,iddiaçıların mülkiyyətinə torpaq sahələrinin verilməsinin hüquqi əsası olan Dövlət Aktlarının mötəbərliyini şübhə altına alan hal mövcud deyildir.Eləcə də onların həmin torpaq sahələri üzərində qeydə alınmış hüququnun olması işin hallarına əsasən təsdiq edilir. Mübahisə predmeti iddia olunan torpaq sahəsi ilə mülkiyyətə verilən torpaq sahəsinin eyniliyindən ibarətdir. İddiaçılardan İddiaçı2 və İddiaçı3 Dövlət aktları əsasənda ümumi birgə mülkiyyət hüquqları qeydə alınmış,çıxarışla rəsmiləşdirilmişdir.İddia tələbi Torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlıdır ki,iddia olunan torpaq sahəsinin yerini müəyyən etməklə bağlı mübahisənin mövcudluğundan irəli gəlir. İddiaçıların naturada iddia etdiyi torpaq sahəsinin bir hissəsi isə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstdə düşməsi səbəbindən “vahid” sənəd prinsipi baxımından Torpaq sahəsinin plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. İddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə isə çıxarış və plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. Məhkəmə iddianın əsassız olması qənaətinə gələrkən hesab edir ki,cavabdeh inzibati orqan İddiaçı2 və İddiaçı3 qeydə alınmış mülkiyyət hüququ əsasında Torpaq sahəsinin plan-ölçü sənədinin verilməsini həyata keçirməyə borcludur,lakin hazırkı iddia predmeti və mübahisənin səbəbi həmin sənədin koordinatları ilə bağlıdır.İddiaçılar məhz konkret yerə müvafiq sənədin verilməsini tələb edir ki,həmin torpaq sahəsi də mülkiyyətə verilmiş torpaq sahəsi deyil,hazırda üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini əhatə etməkdədir. Bununla belə məhkəmə hüquqi yardım qaydasında izah edir ki, İddiaçı2 və İddiaçı3 konkret tələblə - verilmiş çıxarışlara əsasən “Torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” ilə bağlı cavabdeh inzibati orqana yenidən müraciət etmək hüququ hazırkı iddia tələbinin predmetindən fərqli iddia tələbidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə cavabdeh əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda cavabdeh tərəfindən çıxarış verilmiş şəxslərə belə, müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da, növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirilməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1436/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-3013/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-161/2024 nömrəli qərarları). İddiaçı1 iddia etdiyi torpaq sahəsi isə Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eyni deyildir.Bu baxımdan da inzibati orqanın uyğunsuzluqların tənzimlənməsi ilə bağlı normaları tətbiq etməklə məsələnin həllinə nail olmaq cəhdi əsaslı olmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;[39] kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçılardan İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədlərinin, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar