Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-160/2025 15.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının səhvən işlənilmiş 2,52 ha hissəsinə münasibətdə dəyişdirilərək faktiki istifadəyə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndinin şimal hissəsində bələdiyyənin ehtiyyat fondu ərazisində yerləşən 2.52 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının səhvən işlənilmiş 2,52 ha hissəsinə münasibətdə dəyişdirilərək faktiki istifadəyə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndinin şimal hissəsində bələdiyyənin ehtiyyat fondu ərazisində yerləşən 2.52 ha torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının səhvən işlənilmiş 2,52 ha hissəsinə münasibətdə dəyişdirilərək faktiki istifadəyə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndinin şimal hissəsində bələdiyyənin ehtiyyat fondu ərazisində yerləşən 2.52 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinən dəqiqləşdirmə etmişdir. İddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı 3 nəfər ailə üzvlərindən ibarət olmaqla, JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüquqa dair Dövlət Aktı əsasında Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07 oktyabr 2002-cı il tarixli 08 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 3.99 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir, hansı ki, dövlət aktı qeydiyyat kitabında 3544 nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi ilk dəfə tam olaraq yararsız sahədən ayrılmış, yararsız olduğu müəyyən edildiyindən 19 sentyabr 2002-ci il tarixli aktla yerinin dəyişdirilərək Bayramkoxa kəndinin şimal hissəsindən sahənin ayrılaraq rəsmiləşdirilməsi əksini tapmışdır. Bundan sonra kəndin şimal hissəsindən 3.99 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinə ayrılaraq təqdim edilmiş və hal-hazıradək də həmin torpaq sahəsindən 20 ildir istifadə edirlər. Hazırda onlara məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Dövlət Aktı əsasında rəsmiləşdilərkən tamamilə başqa ərazi əks olunmuş, kəndin şimalında deyil, tam olaraq başqa əraziyə münasibətdə hüquqmüəyyənedici sənədlər işlənilmişdir. Hazırda verilmiş dövlət aktı əsasında torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq istədikdə bu uyğunsuzluq aşkar edilmişdir. Bələdiyyə və ərazi idarsəi müvafiq məhkəmə qətnaməsi olduqdan sonra məsələnin həll olunmasına etirazlarının olmadığını bildirmiş, məhz bu səbəbli məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Torpaq sahəsinin paylı mülkiyyətçiləri olan atası X6 09 may 2006-cı il tarixdə, anası Şükürova (Abdullayevə) Şərqiyyə Hacağa qızı isə 10 avqust 2009-cu il tarixdə vəfat etmişdir. Torpaq sahəsinin fərqli ərazidən verilməsi iş materiallarına əlavə edilmiş xəritədən Çıxarışla təsdiq edilir. İddia tələbinin əsaslı olması iş materialları ilə sübut olunur və hesab edir ki, məhkəmə tərəfindən mübahisə qanuna müvafiq qaydada araşdırılaraq qanuni və ədalətli qərar çıxarılacaqdır.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “iddiaçının müraciəti ilə əlaqədaar tərəfimizdən müvafiq araşdırma aparılmışdır. İddiaçının iddia etdiyi JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının səhvən işlənilmiş 2.52 ha hissəsinə münasibətdə dəyişdiriləcək faktiki istifadəyə verilmiş Qəbələ rayonu. Bayramkoxalı kəndinin şimal hissəsində bələdiyyənin ehtiyyat fondu ərazisində yerləşən 2.52 ha torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin işlənilməsinə dair elektron bazada düzəliş etmək 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan səbəblərə görə müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qəbələ Rayon İcra Hakimiyyəti Bayramkoxalı kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cu il tarixli 193 nömrəli aktının surəti.
3. Qəbələ rayon İcra Hakikimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 721 nömrəli məktubu.
4. Qəbələ rayon İcra Hakikimiyyəti başçısının xx.xx.2024-cü il tarixli məktubu.
5. Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışı.
6. Qəbələ rayon Bayramkoxalı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarın surəti. il tarixli
7. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 10 nömrəli məktubu.
8. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 08 saylı iclasının protokol qərarı ilə X6 və ailə üzvlərinə 3.99 ha torpaq sahəsi verilmişdir;
9. JN-0150 kod 40600028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X6 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə 3.99 ha torpaq sahəsi verilmişdir; 10.JN-0018 kod 40600028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X8 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 27 saylı qərarı ilə 7.87 ha torpaq sahəsi verilmişdir;
11. 1922015228 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, 2.449 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" MMC-dir. 12.JN-0014 kod 40600028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X7 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 27 saylı qərarı ilə 7.347 ha torpaq sahəsi verilmişdir; 13.A 839402 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, 2.449 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" MMC-dir. 14.AZ-İ 350264, AZ-İ 198600 nömrəli Ölüm haqqında şəhadətnamələr; 15.Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. 16.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi və digər sənədlər;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya ailə üzvləri ilə birlikdə JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüquqa dair Dövlət Aktı əsasında Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07 oktyabr 2002-cı il tarixli 08 saylı qərarı ilə mülkiyyətinə 3.99 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir, dövlət aktı qeydiyyat kitabında 3544 nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi yararsız sahədən ayrıldığndan 19 sentyabr 2002-ci il tarixli aktla yerinin dəyişdirilərək Bayramkoxa kəndinin şimal hissəsindən sahənin ayrılaraq rəsmiləşdirilmişdir. Bundan sonra kəndin şimal hissəsindən 3.99 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinə ayrılaraq təqdim edilmiş və hal-hazıradək də həmin torpaq sahəsindən 20 ildir istifadə edirlər. Hazırda onlara məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Dövlət Aktı əsasında rəsmiləşdilərkən tamamilə başqa ərazi əks olunmuş, kəndin şimalında deyil, tam olaraq başqa əraziyə münasibətdə hüquqmüəyyənedici sənədlər işlənilmişdir. Cavabdeh imtinasının əsasını JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının səhvən işlənilmiş 2.52 ha hissəsinə münasibətdə dəyişdiriləcək faktiki istifadəyə verilmiş Qəbələ rayonu. Bayramkoxalı kəndinin şimal hissəsində bələdiyyənin ehtiyyat fondu ərazisində yerləşən 2.52 ha torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin işlənilməsinə dair elektron bazada düzəliş etmək 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları həqiqətən də faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki, iddia olunan torpaq sahəsinin faktiki vəziyyətinin fərqli olması, iddiaçı və ailə üzvlərinin yaranmış mülkiyyyət hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi üçün əngəl ola bilməz. Çünki, iddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Belə ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 08 saylı qərarı əsasında 3.99 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinə ayrılmışdır. JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən həmin sənədin ləğv edildiyi və ya etibarsız hesab edildiyinə dair sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə əsas müəyyən edilməmişdir. İddiaçının isə hüquqi marağı qeyd olunan “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nin əsasında iddiaçının faktiki istifadəsində olan 2,52 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin işlənilərək elektron bazada düzəliş olunmasından ibarətdir. İddiaçının istinad etdiyi dəlil işdə olan Qəbələ rayon Bayramkoxol Bələdiyyəsinin xx.xx.2002-cil il tarixli iclas protokolunun və Qəbələ Rayonu Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli 08 saylı iclasının protokolunun qərarları ilə də təsdiq olunur. Həmin protokollarda X2 mülkiyyətinə verilmiş 2.84 ha. torpaq sahəsinin əkin üçün yararsız vəziyyətdə olduğu kəndin şimal tərəfinə bələdiyyənin ehtiyat fondunda saxlanılmış ərazidən həmin miqyasda torpaq sahəsi ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə əldə edilmiş mütəxəsis rəyində qeyd edilir ki, “İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 3,04 ha torpaq sahəsi Qəbələ rayonu Bayramkoxalı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası Kollu-örüş olan Bələdiyyə mülkiyyətinə aiddir. Sözügedən torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin, islahat uqodiyası Kollu-örüş olan bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Sorğuya əlavə edilmiş, Qəbələ rayon "Əzizbəyov" adına təsərrüfatın baş sxemindən çıxarışda (həmin surətdəki torpaq sahəsinin yerləşmə vəziyyəti naturada müəyyən edilməklə) qeyd edilmiş torpaq sahəsi ilə İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eyni ərazi yerləşmir. Sorğuya əlavə edilmiş, Qəbələ rayon “Əzizbəyov" adına təsərrüfatın baş sxemindən çıxarışda göstərilmiş torpaq sahəsi İddiaçı və ailə üzvlərinə JN-150C konturunda göstərilmiş torpaq sahəsi ilə eyni ərazidir. JN-150 nömrəli Dövlət Aktında qeyd edilmiş 150C nömrəli konturuna və TEKUİS- ə istinad olunmaqla müqayisəli sxemlər tərtib edilmişdir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 3,04 ha torpaq sahəsi ilə X3 X4 (TEKUİS) göstərilmiş 2,52 ha torpaq sahəsi 2591,0 metr məsafədə yerləşir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.”. Qeyd olunan halları və iddiaçının faktiki istifadəsində olan 2,52 ha torpaq sahəsinin hər hansı başqa şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” torpaq üzərində mülkiyyət hüququnun yaranması əsası kimi (hüquqmüəyyənedici sənəd kimi) qəbul edilməli və Dövlət Aktının koordinatlarının faktiki istifadə olunan yerinə düzəliş edilməklə onun əsasında mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumbirgə mülkiyyətə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndinin şimal hissəsində yerləşən 2,52 ha torpaq sahəsi üzərində (şəhadətnamənin koordinatlarının faktiki istifadə olunan yeriinə düzəliş edilməklə) İddiaçı Noğlu və ailə üzvlərinin ilə ümümbbirgə mülkiyyət hüquqlarının daşınmaz əmmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-0150 KOD 40600028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının səhvən işlənilmiş 2,52 ha hissəsinə münasibətdə dəyişdirilərək faktiki istifadəyə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndinin şimal hissəsində bələdiyyənin ehtiyyat fondu ərazisində yerləşən 2.52 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.