Məhkəmə qərarları › İş №2-1(116)-1601/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1601/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1601/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Qəbələ rayonu, Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonu, Tüntül kəndində 0,12 hektar və 0,20 hektar torpaq sahələri ayrılmışdır. Ayrılan torpaq sahələrinin plan-cizgisi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahələrinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN- 345F kod 40616018 saylı və JN- 345B kod 40616018 saylı Şəhadətnamələr verilmişdir. Şəhadətnamələr iki nüsxədən ibarət tərtib edilmiş və 16466 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamələrin bir nüsxəsi iddiaçıya verilmiş, ikinci nüsxəsi Qəbələ rayon (şəhər) şöbəsində saxlanılmışdır. Ayrılan torpaq sahəsinin 0,12 hektarında fərdi yaşayış evi tikmişdir. Müraciəti əsasında JN-345F kod 40616018 saylı şəhadətnamədə qeyd edilmiş və üzərində ev tikilmiş torpaq sahəsinə fərdi yaşayış evi ilə birlikdə iddiaçının mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsinə bitişik olan və 25 ilə yaxın müddətdə heç bir maneəsiz sahiblik və istifadəsində olan JN- 345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən 0,20 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********95 nömrəli imtina məktubunda qeyd etmişdir ki, JN-345B KOD 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında mövcud deyildir. Həmçinin Ərazi İdarəsinə təhvil verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin qeydiyyat kitabında müvafiq qeydiyyatın olması barədə məlumat mövcud deyil. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında qeyd olunan şəhadətnamə öz əksini tapmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********70 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtin məktubunda göstərilənləri qeyd edərək iddia tələbinə münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərardadı ilə Qəbələ rayonu Tüntül bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. JN-345B kod 40616018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi iddiaçıya ayrılmışdır. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixdli 94 nömrəli məktubuna əlavə olunmuş 1996-2000 və 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarından çıxarışdan görünür ki, iddiaçı Pənah X1 təsərrüfatında qeydiyyatda olmuş və həmin təsərrüfatda 0,12 ha torpaq sahəsi vardır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********39 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin axivində JN-345B saylı, kod 40616018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” barədə məlumat yoxdur. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi Qəbələ rayonu Tüntül kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, 0,1233 hektar hissəsi **********61 nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilmişdir, qalan 0,175 hektar hissəsi Tüntül bələdiyyəsinin mülkiyyətindədir. Faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********65 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi vardır və xəritədə nömrəsi 345-dir. İş üzrə üçüncü şəxs Tüntül bələdiyyəsi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda qeyd etmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış JN-345B kod:40616018 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə ayrılmış 0,20 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə bələdiyyənin etirazı yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********65 nömrəli məktubunda qeyd etmişdir ki, 16466 nömrəsi ilə İddiaçı məxsus 0.12 ha torpaq sahəsinə aid olan JN-345F ilə qeyd edilmiş “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeydiyyatı aparılmışdır. JN-345B kod 40616018 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən 0,20 ha torpaq sahəsinə dair iddiaçının adına JN-345B nömrəli şəhadətnamə mövcuddur, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu iddia etsə də, Qəbələ rayonu Tüntül bələdiyyəsi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş üzrə əldə edilmiş mütəxəssis rəyində də, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğu bildirilmişdir. Cavabdeh formal əsaslardan çıxış edərək şəhadətnamənin arxiv nüsxəsinin mövcud olmaması əsası ilə iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar