Məhkəmə qərarları › İş №2-1(116)-1603/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1603/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1603/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh orqanın nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1986-cı il tarixdə tərtib edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydinin birinci nüsxəsində adının “Məmhəmədəli”dən, xx.xx.1986-cı il tarixdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan doğum haqqında akt qeydinin ikinci nüsxəsində “Məhəmmədəli”dən “Məmmədəli”yə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1986-cı il tarixdə tərtib edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydinin birinci nüsxəsində adının “Məmhəmədəli”dən, xx.xx.1986-cı il tarixdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan doğum haqqında akt qeydinin ikinci nüsxəsində “Məhəmmədəli”dən “Məmmədəli”yə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o xx xxxxxx 1986-cı il tarixdə Şəki rayonunda anadan olmuşdur. Ona məxsus olan AA******* nömrəli Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsində, SX0547070 nömrəli hərbi biletdə, 074177 nömrəli əmək kitabçasında, AZİİ088625 nömrəli nikah haqqında şəhadətnamədə, Ümumivətəndaş pasportda, Dövlət sosial sığorta şəhadətnaməsində və sürücülük vəsiqəsində onun adı “Məmmədəli” soyadı isə “Dərişov” kimi qeyd edilmişdir. Bundan əlavə, övladı X2 məxsus olan AZ V044432 nömrəli doğum haqqında şəhadətnamədə atası İddiaçı qeyd edilmişdir. Belə ki, ona məxsus olan doğum haqqında şəhadətnamədə onun adı “Məhəmmədəli”, soyadı “Dərişov” kimi qeyd edilmişdir. Bununla bağlı o cavabdeh orqana müraciət etsə də cavab orqan iddianın təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - vətəndaş İddiaçı doğum haqqında akt qeydində adının "Məmhəmədəli”dən 'Məmmədəli"yə dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydinin birinci nüsxəsində (№33. xx.xx.1986. Şəki rayonu, Şəki kəndi) adı “Məhəmmədəli”, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında akt qeydinin ikinci nüsxəsində (Ns 33, xx.xx.1986, Şəki rayonu, Şəki kəndi) “Məhəmmədəli”, şəxsiyyət vəsiqəsində (AA*******, xx.xx.2021, ASAN 1) 'Məmmədəli” yazılmışdır. Həmçinin, ərizəsinə əlavə etdiyi xx.xx.1997-ci il tarixdə verilən XX-JQ seriyalı 392569 nömrəli doğum haqqında şəhadətnamənin surətində adı “Məhəmmədəli” yazılmışdır. Bundan başqa nikah haqqında akt qeydində (N°1808, xx.xx.2015, 5 saylı ‘ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi), övladlarının doğum haqqında akt qeydlərində (N° 3227. xx.xx.2016, 4 saylı ‘ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi), (N° 3629, xx.xx.2016, 4 saylı ‘ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi) “Məmmədəli” yazılmışdır. Doğum haqqında akt qeydi vətəndaşın ilkin sənədi olmaqla digər sənədlər ona uyğun tərtib edilməli, ona uyğun şəkildə sənədləşdirilməlidir. Doğum haqqında akt qeydinə dəyişiklik edilməsi üçün əsas ola biləcək yeganə sənəd doğum haqqında şəhadətnamə olsa da, doğum haqqinda ilkin şəhadətnaməni təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin müddəaların 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir. Göründüyü kimi ilkin sənədlərdə adı “Məhəmmədəli” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində hansı səbəbdən “Məmmədəli” yazılması məlum deyildir. Qeyd edilənlərə əsasən doğum haqqında akt qeydində adının “Məhəmmədəli”dən ' Məmmədəli’yə dəyişiklik edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, SX seriyalı ******* nömrəli hərbi bilet, P1675066 və C03099056 nömrəli ümumvətəndaş pasportları, AZ-İİ 088625 nömrəli nikah haqqında şəhadətnamə, AA6489686, AA6489680 nömrəli şəxsiyyət vəsiqələri, AZ-V 044433, AZ-V 044432 nömrəli doğum haqqında şəhadətnamələr, xx.xx.1986-cı il tarixli doğum haqında akt qeydi, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş fərdi uçot kartoçkası. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydinin birinci nüsxəsində adı “Məhəmmədəli”, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında akt qeydinin ikinci nüsxəsində “Məhəmmədəli”, xx.xx.1997-ci il tarixdə verilən XX-JQ seriyalı 392569 nömrəli doğum haqqında şəhadətnamənin surətində adı “Məhəmmədəli” yazılmışdır. Buna baxmayaraq, iddiaçıya aid nikah haqqında akt qeydində, övladlarının doğum haqqında akt qeydlərində SX seriyalı ******* nömrəli hərbi bilet, P1675066 və C03099056 nömrəli ümumvətəndaş pasportları, AZ-İİ 088625 nömrəli nikah haqqında şəhadətnamə, AA*******, AA6489680 nömrəli şəxsiyyət vəsiqələrində adı “Məmmədəli” olaraq qeyd edilmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə ilk növbədə qeyd edir ki, "Məmhəmədəli" formasında yazılış ümumiyyətlə düzgün və qəbul edilmiş ad forması deyildir. Bu yazılış həm praktikada istifadə olunmur, həm də Azərbaycan dilinin orfoqrafiya normalarına ziddir. Digər tərəfdən iddiaçı, “Məmmədəli” adı ilə şəxsiyyət vəsiqəsi almış uzun illər ərzində müəyyən sənədlərdə və ictimai həyatında həmin ad altında fəaliyyət göstərmişdir. Bu dövr ərzində ona verilən şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi və digər rəsmi sənədlərdə adı "Məmmədəli" olaraq qeyd edilmişdir. Odur ki, doğum haqqında şəhadətnamədə və ilkin akt qeydlərində adın fərqli qaydada yazılması əsası ilə akt qeydində düzəlişdən imtina - sadalanan bütün sənədlərin yenidən dəyişdirilməsi deməkdir ki, bu vəziyyətdə iddiaçının etimad hüququnun, o cümlədən şəxsin həyatının hüquqi olaraq stabil və dəyişməz qalması prinsipinin qorunması vacibdir. Məhkəmə, həmçinin qeyd edir ki, akt qeydlərində və doğum haqqında şəhadətnamədə iddiaçının adının fərqli formada qeyd olunması onun iradəsindən asılı olmayaraq baş vermişdir. İş materiallarından göründüyü kimi iddiaçı uzun illər ərzində müxtəlif rəsmi sənədlərdə adını "Məmmədəli" kimi istifadə etmiş və bu sənədlər hüquqi baxımdan etibarlı və davamlı olmuşdur. Bu sənədlərdəki ad forması ilə real hüquqi münasibətlərdə iştirak etmişdir. Bununla əlaqədar olaraq, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası şəxsin hüquqlarının müdafiəsi, o cümlədən həyatının hüquqi baxımdan sabit və dəyişməz qalması prinsipi baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı barəsində xx.xx.1986-cı il tarixdə tərtib edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydinin birinci nüsxəsində adının “Məmhəmədəli”dən, xx.xx.1986-cı il tarixdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan doğum haqqında akt qeydinin ikinci nüsxəsində “Məhəmmədəli”dən “Məmmədəli”yə dəyişiklik edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar