Məhkəmə qərarları › İş №2-1(116)-161/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-161/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-161/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli 0050003AAENW nömrəli göndərişə imtina edilməsini ləğv edilməsi və xx.xx.2022-ci il tarixli 005003AAENW nömrəli göndərişə əsasən 1-ci dərəcəli ümumi xəstəliklə əlaqədar (yataq xəstəsi əmək qabiliyyətsiz olmağı nəzərə alınmaqla) əlillik təyin edilməsini cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli 0050003AAENW nömrəli göndərişə imtina edilməsini ləğv edilməsi və xx.xx.2022-ci il tarixli 005003AAENW nömrəli göndərişə əsasən 1-ci dərəcəli ümumi xəstəliklə əlaqədar (yataq xəstəsi əmək qabiliyyətsiz olmağı nəzərə alınmaqla) əlillik təyin edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini cavabdehlər sırasından, Göyçay rayon Mərkəzi Xəstəxanasını üçüncü şəxs sırasından çıxarılmasını, xx.xx.2022-ci il tarixli 0050003AAENW nömrəli göndərişə imtina edilməsini ləğv edilməsi və xx.xx.2022-ci il tarixli 005003AAENW nömrəli göndərişə əsasən 1-ci dərəcəli ümumi xəstəliklə əlaqədar (yataq xəstəsi əmək qabiliyyətsiz olmağı nəzərə alınmaqla) əlillik təyin edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1410/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, iddiaçı ağır yataq xəstəsidir. Dəfələrlə bir çox tibb müəssisələrində müalicə olmuşdur, lakin səhhətində heç bir müsbət dəyişiklik olmamışdır. Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, iddiaçını müayinə etdikdən sonra sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərmişlər, lakin müraciətinə baxan olmamış və hazırkı mübahisə yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə dair etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.8 - Digə...; Diaqnozun mətni: Revmatoid artirit .Poliartirit .Serapozıtıv forma Aktivlik İİ dərəcə. Rentgen mərhələ lll-İV.Qeyri-düzgün bitişməsi Daimi və hərəkət funksiasinin pozulması. Oynaqlarin funksional çatmamazliği İİİ -İV dərəcə. ikincili osteoparoz. Aortal klapanin revmatik çatmamazliği.Öd kisəssinin daşlari Xroniki anemiya. Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk qrupu İV; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Digər seropozitiv revmatoid artritlər, Revmatoid artirit. Poliartirit. Serapozıtiv forma. Aktivlik İİ dərəcə. Rentgen mərhələ lll-İV; Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələri yoxdur əlillik təyin etmək üçün ətraflı müayinə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə idarəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və göndərişin natamam doldurulması-səbəb, “Müayinələri yoxdur əlillik təyin etmək üçün ətraflı müayinə olunması məsləhət görülür” qərarı verilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0050003AAENW nömrəli göndərişi, cavabdehin 0050003AAENW nömrəli göndərişə xx.xx.2022-ci il tarixli imtina qərarı təşkil etmişdir “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli 3681 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 2a yaşadığı üçün Göyçay RMX PHŞ-nə ambulator, stasionar və Göyçay RMX PHŞ-nin Həkim Məsləhət Komissiyasına müraciət etməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Normaların məzmunundan göründüyü kimi, 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirmək, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən etmək TSEK-in və həmin Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmətin səlahiyyətlərinə aid edilmişdir. Eyni ilə, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddətinin yetərli olmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinasının özündə bir birinə zidd məlumatlar öz əksini tapmışdır. Cavabdeh orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olmasını bildirməklə bərabər, əlilliyin təyini üçün müalicə müddətinin yetərli olmadığını bildirir. Lakin, tələb olunan müalicə müddəti və aparılmalı olan əlavə müalicə barədə cavabdeh orqanın mövqeyi qeyri-müəyyəndir. Yəni, aparılacaq əlavə müalicənin əlilliyinin təyin edilməsi zərurətini aradan qaldıracağı, yaxud əlilliyin təyini üçün müalicə dövrü ilə bağlı formal müddətin tələb olunması ilə bağlı mövqe anlaşılan deyil. Göndərişin verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə görə göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Əgər göndərişdə aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu qeyd edilməmişdirsə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmiş, müraciətə mahiyyəti üzrə baxmış və həll etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlumat yoxdur. Müraciətə baxıldığı vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin - 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.25-ci bəndinə əsasən, araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Normaların məzmunu, həmçinin orada müəyyən edilmiş icraat qaydası və müddətləri belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh müraciətlərə “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması və s.) baxılmasına müddət baxımından iqtidarlı olmamışdır. Bundan fərqli olaraq, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2022ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1963-cü il tarixdə doğulmuş İddiaçı aid 0050003AAENW nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1963-cü il tarixdə doğulmuş İddiaçı aid 0050003AAENW nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar