Məhkəmə qərarları › İş №2-1(116)-1610/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1610/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1610/2020 10.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu X3 Zöhrab qızının “X1 və onun övladlarının yaşadığı ünvandan qeydiyyatdan çıxarılmasına göstəriş verilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: Həsənova Firuzə Zöhrab qızının ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, Həsənova Firuzə Zöhrab qızı xx xxxxxxx 2019-cu il tarixdə Ş.İ.Xətai küçəsi ev 19, mənzil 12-də yaşayan X1 ilə aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq yuxarıda qeyd edilən ündandakı mənzili almışdır. Sənədlərin rəsmiləşdirilməsi vaxtı X1 və onun övladları Həsənova Firuzə Zöhrab qızının aldığı mənzildə qeydiyyatda qalmışlar. Razılaşmaya əsasən həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün möhlət olaraq bir ay vaxt verilmişdir(xx.xx.2019-cu ilədək). Lakin göstərilən müddətin tamamlanmasından bir il vaxt keçməsinə baxmayaraq vətəndaş müqavilənin şərtini pozmuş, adı çəkilən mənzildən qeydiyyatdan çıxmamışdır. Bu səbəblə də Həsənova Firuzə Zöhrab qızı məhkəməyə ərizə ünvanlamışdır. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27.0-cı maddəsində göstərilmişdir ki, inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı; 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmin Məcəllənin 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, ərizəsində iddiaçı, cavabdeh göstərilməmiş, tələb düzgün ifadə olunmamışdır. Həmçinin, tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun cavabdeh orqana müraciət etməsi və müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Yardım məktubuna münasibət bildirməsi üçün Həsənova Firuzə Zöhrab qızına 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi xx.xx.2020-ci il tarixdə yardım məktubu imzalanaraq ünvana verilmiş, lakin tələb olunan müddət ərzində münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İş materiallarında olan ərizədən görünür ki, Həsənova Firuzə Zöhrab qızının hüquqi marağı mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasından ibarətdir. X4 Zöhrab qızı cavabdeh qismində tələbinə cavab verməli olan müvafiq inzibati orqanı müəyyən edərək həmin orqana müvafiq tələblə rəsmi müraciət etmədən birbaşa məhkəməyə ərizə göndərmişdir. Ərizəçiyə yardım məktubu göndərilərək nöqsanların aradan qaldırılması təklif edilsə də, məktuba münasibət bildirilməmişdir. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Zöhrab qızının “X1 və onun övladlarının yaşadığı ünvandan qeydiyyatdan çıxarılmasına göstəriş verilməsi” tələbinə dair ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar