Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1611/2025 03.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (Qax rayonu Almalı bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) «torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclasının protokolu (qərarı) ilə hazırkı İddiaçı Qax rayonunun Çudullu kəndində 1200 kv.m torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – DTXK) Qax rayon şöbəsinin məsələyə etiraz olunmaması barədə müvafiq rəyi olmuşdur. İddiaçı həmin qərar əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 30 sentyabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tələbini belə əsaslandırır ki, Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolu (qərarı) ilə ona 1200 kv.m torpaq sahəsi satılmışdır. Bələdiyyə qərar qəbul edərkən DTXK Qax rayon şöbəsi torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması barədə rəy vermişdir. Torpaq sahəsinin planı hazırlanmış və həmin DTXK Qax rayon şöbəsi təsdiqləmişdir. Müvafiq alqı-satqı aktı tərtib edilmişdir. Torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 12 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən torpaq sahəsinin alqı-satqı aktının ərizəyə əlavə olunmaması səbəbi ilə imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab olunur. Belə ki, cavabdehin imtinasında göstərilən hal əmlaka hüququn qeydiyyatından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslarla eynilik təşkil etmir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurumun mövqeyi belədir ki, İddiaçı ona Qax rayonu Çudulu bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin «Torpaqların alqısatqısı Qaydaları»na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddaçı İddiaçı torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi Ərazi İdarəsi tərəfindən qanunamüvafiq hesab olunmamışdır. «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» 29 may 2009-cu il tarixli Qanuna əsasən Qax rayonu üzrə Çudulu, Marsan və Turaclı bələdiyyələrinin əhatə etdiyi Çudulu, Marsan və Turaclı kəndlərində Turaclı bələdiyyəsi yaradılmışdır. «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» 18 oktyabr 2024-cü il tarixli Qanuna əsasən isə Qax rayonu üzrə Almalı, Qorağan və Turaclı bələdiyyələrinin əhatə etdiyi Almalı, Çudulu, Dəymədağlı, Qorağan, Marsan, Şıxlar, Şotavar və Turaclı kəndlərində Almalı bələdiyyəsi yaradılmışdır. Məhkəmənin 3 iyun 2025-ci il tarixli qərardadı ilə Qax rayonu Almalı bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin müvafiq müraciətinə əsasən iş üzrə DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - Naturada göstərilən torpaq sahəsi 1146 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına (TEKUİS məlumat bazasına əsasən uqodiyası tikintialtı torpaqlar) aid olmaqla Turaclı (Çüdülü kənd ərazisində yerləşən) bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Nümayəndəsinin bildirdiyinə görə həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Sözügedən torpaq sahəsinin Necas proqramına əsasən başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Təqdim edilmiş ayrılmış torpaq sahəsinə dair sxemdə göstərilən 1200 kv.m torpaq sahəsi ilə naturada göstərilən torpaq sahəsi qismən uyğunsuzluq təşkil edir. Məhkəmə icraatının gedişində iddiaçı tərəf iddianın dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Müraciətdə iddianın «Qax rayonu Çüdüllü bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli 09 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1146 kv.m torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbulu xahiş olunmuşdur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin İddiaçı Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli 9 saylı iclas protokolu (qərarı) ilə satılmış 1200 ha torpaq sahəsinin 1146 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolu (qərarı) ilə Çudullu kənd sakini İddiaçı bələdiyyənin perspektiv inkişaf fondundan 1200 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan 8 sentyabr 2006-cı il tarixli qəbzdən görünür ki, həyətyanı torpaq satılması ilə bağlı İddiaçı tərəfindən 416 manat pul vəsaiti Qax rayonu Çudullu bələdiyyəsinin hesabına ödənilmişdir. İş materiallarından görünür ki, DTXK Qax rayon şöbəsi Çudullu kəndinin sakini İddiaçı bələdiyyə mülkiyyətindən həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsinin satılmasına aşağıdakı məzmunda rəy bildirmişdir: - Həyətyanı üçün satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi Çudullu bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan ünvan 1 ünvanlanmış 28 avqust 2024-cü il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur: - Qax rayonu Çudullu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Qax rayonu Çudullu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli 09 nömrəli qərarı, ləğv edilmiş DTXK Qax rayon şöbəsində 07 sentyabr 2006-cı il tarixli 567 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqı aktı və təsdiqlənmiş yerləşmə sxemi (yerquruluşu planından çıxarış) əsasında İddiaçı satılmışdır. Həmin qərar, akt və sxem qüvvədədir. Torpaq sahəsinin satış pulu tam ödənilmişdir və bələdiyyə qeydiyyata alınmasına etiraz etmir. İş materiallarından görünür ki, Çudullu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli 09 nömrəli qərarı ilə İddiaçı satılmış 0,12 ha toprpaq sahəsinə dair torpaqların alqı-satqı aktı tərtib edilmiş və həmin akt edilmiş DTXK Qax rayon şöbəsində 07 sentyabr 2006-cı il tarixli 567 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında İddiaçı naturada iddia etdiyi torpaq sahəsinin ölçüsü 1146 kv.m göstərilmişdir. İş materiallarında olan Qax rayonu Almalı bələdiyyəsinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 28 iyul 2025-ci il tarixli müvafiq sorğuya cavab məktubunda bildirilir ki, Qax rayonu Çudullu kənd sakini İddiaçı Çudullu bələdiyyəsi tərəfindən 05 sentyabr 2006-cı il tarixli 09 saylı iclasın qərarı ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair Turaclı blədiyyəsi tərəfindən Almalı bələdiyyəsinə heç bir sənəd təhvil verilməmişdir. İş materiallarından görünür ki, Qax Rayon Dövlət Arxivindən müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 1 avqust 2025-ci il tarixli məktubla Qax rayonu Çudullu bələdiyyəsinin 05 sentyabr 2006-cı il tarixli 09 saylı iclasının protokolunun (qərarının), ödəniş barədə 8 sentyabr 2006-cı il tarixli qəbzin, torpaq sahəsinin alqı-satqı aktının, torpaq sahəsinin sxeminin, DTXK Qax rayon şöbəsinin rəyinin surətləri təqdim olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolu (qərarı) Çudullu kəndi ərazisində yerləşən torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokoluna (qərarına) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar tam və ya müvafiq hissədə ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt”ın əslinin olmamasıdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Qax rayonu Çudulu bələdiyyəsinin mötəbər sayılan 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokoluna (qərarına) əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolu (qərarı) ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqısına dair akt” (DTXK-nın yerli qurumu tərəfindən təsdiq edilməklə) mövcuddur. Bu isə belə nəticə yaradır ki, inzibati icraatda araşdırma səthi aparılmışdır. Hətta həmin alqı-satqı aktı olmasa belə, həmin akt torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolunun (qərarının) qəbulu üzrə alqı-satqı aktının olmaması və ya müvafiq qaydada təsdiq olunmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Nəzərə alınmalıdır ki, “Torpaq sahəsinin alqı-satqısına dair akt” müvafiq bələdiyyə və torpaq sahəsi ona satılan vətəndaş tərəfindən tərtib olunur və DTXK-nın yerli qurumu tərəfindən təsdiqlənir. Həmin akt mövcud olmasa da, subyektlərin hər üçünün iddiaçıya torpaq sahəsi ayrılmasına münasibəti həmin dövrdə aydın şəkildə müsbət olmuşdur. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Qax rayonu Çudulu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolu (qərarı) ilə ona satılmış 1200 kv.m torpaq sahəsinin 1146 kv.m hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Qax rayonu Çudullu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolundan çıxarışa əsasən satılmış 1146 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Qax rayonu Çudullu bələdiyyəsinin 5 sentyabr 2006-cı il tarixli, 9 saylı iclas protokolundan çıxarışa əsasən satılmış 1146 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 6egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(116)-1611/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1611/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver