Məhkəmə qərarları › İş №2-1(116)-1614/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1614/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1614/2024 01.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə satılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə satılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1614/2024 saylı qərardadı ilə Şəki bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokoluna əsasən iddiaçıya 300 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır. Cavabdeh, iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərizəçi tərəfindən təqdim edilmiş alqı-satqı aktının 01 dekabr 2007-ci ildən sonra 11 iyul 2008-ci il tarixdə tərtib olunaraq həmin tarixdə torpaq şöbəsində qeydiyyatdan keçdiyi müəyyən olunduğundan, bələdiyyə tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bilavasitə satılmış sözügedən torpaq sahəsi üzərində ''Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 9.6-cı maddələrinin tələblərinə uyğun bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadığından, bələdiyyə ilə fiziki şəxs arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmadığından, 01 dekabr 2007-ci il tarixdən qüvvədə olan “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduğundan, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizəçiyə xx.xx.2024cü il tarixli 3-21-3-39/2-0-0013- 8/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək həmin maddədə göstərilmişdir ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əvvəlki redaksiyada isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli 2523 Nfi-li sərəncamı ilə “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466- İİİQD nömrəli Qanunu tətbiq edilmişdir. Bundan başqa qeyd olunur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1 -ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün bələdiyyələr tərəfindən xüsusi mülkiyyətə verilən torpaq sahəsi Şəki şəhərində 0,07 hektaradək müəyyən edilmişdir. Odur ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi qanunamüvafiq hesab olunmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ərizəsi, şəhərin baş memarının xx.xx.2007-ci il tarixli, 755/378 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin xx.xx.2007-ci il tarixli, 3193 saylı razılıq məktubları və digər sənədlər nəzərə alınaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 10 saylı iclasının 65 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün şəhərin 121-ci kvartalında yerləşən 600 kv.metr (iddia tələbində 300 kv.metr göstərilmişdir) torpaq sahəsi onun mülkiyyətinə satılmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin o vaxt Şəki bələdiyyəsi tərəfindən müəyyən edilmiş dəyəri Şəki bələdiyyəsinin bank hesabına tam ödənilmişdir. Məlumat üçün bildiririk ki, Şəki bələdiyyəsinin yuxarıda qeyd edilən iclas protokolu və protokola əlavə edilmiş sənədlər Azərbaycan Respubikası Dövlət X2 təhvil verilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasına Şəki bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və qanunamüvafıq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, xx.xx.2008-ci il tarixli 06 nömrəli qəbz; Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarış; ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemi, torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı, DT və XK-si Şəki rayon şöbəsinin və Şəki ŞİHB aparatının tikinti və memarlıq şöbəsinin rəyləri, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi və xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş iddia olunan torpaq sahəsinin faktiki yerləşmə vəziyyətini əks etdirən sxem. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 10 saylı iclasının protokolu ilə iddiaçıya bələdiyyə mülkiyyətində olan 300 kv.m torpaq sahəsi satılmışdır. Həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması xx.xx.2008-ci il tarixli 06 nömrəli qəbz, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemi, torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı, DT və XK-si Şəki rayon şöbəsinin və Şəki ŞİHB aparatının tikinti və memarlıq şöbəsinin rəyləri ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlilləri alqı-satqı aktının 01 dekabr 2007-ci ildən sonra 11 iyul 2008-ci il tarixdə tərtib olunaraq həmin tarixdə torpaq şöbəsində qeydiyyatdan keçməsi, torpaq sahəsi üzərində ''Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 9.6-cı maddələrinin tələblərinə uyğun bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaması, bələdiyyə ilə fiziki şəxs arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanmaması olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki,iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlıdır. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və faktiki olaraq mişar daşı ilə hasarlanıb, iddiaçının isifadəsindədir. Məhkəmə tərəfindən iddiaçının faktiki istifadəsində olan 347 kv.m torpaq sahəsinə münasibətdə ona satılmış 300 kv.m torpaq sahəsinin hansı qaydada tamamlanması yoxlanılmış və cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə iddia olunan 300 kv.m torpaq sahəsinin konkret yeri müəyyən edilməklə yerquruluşu planı təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Şəki rayonu Qoxmuq bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 09 saylı iclasının protokolu "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə satılmış 300 kv.m torpaq sahəsi üzərində (xx.xx.2024-cü il tarixli yerquruluşu planına uyğun olaraq) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar