Məhkəmə qərarları › İş №2-1(116)-1616/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1616/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1616/2025 24.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, iddiaçı İsmayıllı rayon Tircan Bələdiyyəsinin sədri X8 iştirakı ilə, İddiaçı İsmayıllı Rayon Tircan Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı İsmayıllı Rayon Tircan Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh orqanın xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktublarının qanunsuz və əsassız hesab olunması, İsmayıllı rayonu Tircan kənd ərazisinin kompleks yerquruluşu lahiyəsinə əsasən Tircan kənd sakini Abdulova (Osmanova) Nuriyyə Şahı qızının adına 1.39 ha torpaq sahəsi və mərhum X1 adına 0.8 ha torpaq sahəsinin vərəsəsi Abdulova (Osmanova) Nuriyyə Səlim qızının adına keçirməklə torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli qətnaməsi ilə X4 Tircan bələdiyyəsi ilə bağladığı xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən 08 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınması, X6, X1, X2, X7 və X9 adına verilmiş dövlət aktlarının etibarsız hesab edilməsi, yaşadıqları ərazilərin yerli bələdiyyənin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK 05 iyun 1998ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələrinin verilməsi və həmin hissədə qətnamənin icrasının İsmayıllı rayon Aqrar İslahat Komissiyasına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İsmayıllı Rayon Tircan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən Osmanova (Abdulova) Nuriyyə Şahi qızına 1.39 ha və X3 0.85 ha ayrılması nəzərdə tutulan torpaq sahəsi yer quruluşu sxemi ilə göstərilmişdir. İsmayıllı rayonu Tircan kənd ərazisinin kompleks yerquruluşu lahiyəsi olduğu halda Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli icra sənədinin icrası mümkün hesab olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin cavab məktubları qanunsuz və əsassız hesab olunmalıdır. Eyni zamanda idia ərizəsində qeyd edilir ki, İsmayıllı rayon Tircan bələdiyyəsinin 06 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllı rayon Tircan bələdiyyəsinə məxsus 6 ha torpaq sahəsinin (kənd təsərrüfatı təyinatlı) 15 il icarəyə verilməsi üçün müsabiqəyə çıxarılması məqsədilə ayrılması nəzərdə tutulan sahənin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə həmin torpaq sahələrinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, torpaq sahəsinin plan ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə aid hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı və Daşınmaz Əmlakın təsvirinə bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Cavabdeh orqan cavab olaraq bildirmişdir ki, icra məqsədilə ayrılması nəzərdə tutulan 6 ha torpaq sahəsi faktiki naturada ölçülmüş torpaq sahəsi ilə X5 X13 arasında uyğunsuzluq olduğuna görə yer quruluşu planının hazırlanması məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan:

1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 iddia ərizəsi təmin edilərək, X4 Tircan bələdiyyəsi ilə bağladığı xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən 08 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınması, X6 adına verilmiş torpağın mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli JN- 0380 KOD 40726018 saylı, X1 adına verilmiş xx.xx.2001-ci il tarixli JN-381, KOD 40726018 saylı, X2 adına verilmiş JN-0024 KOD 40726048 saylı, X7 adına verilmiş JN- 0020 KOD 40726048 saylı və X9 adına verilmiş JN 0019 KOD 40726048 saylı dövlət aktlarının etibarsız hesab edilməsi, yaşadıqları ərazilərin yerli bələdiyyənin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələrinin verilməsi və həmin hissədə qətnamənin icrasının İsmayıllı rayon Aqrar İslahat Komissiyasına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə həvalə edilməsi qət edilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin İsmayıllı rayonu Tircan bələdiyyəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icarə məqsədilə ayrılması nəzərdə tutulan 6 hektar torpaq sahəsi faktiki naturada ölçülmüş torpaq sahəsi ilə TEKUİS arasında uyğunsuzluq olduğuna görə yerquruluşu planının hazırlanması məqsədə uyğun hesab edilməmişdir.

3. İsmayıllı rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-90/2005 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

4. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İsmayıllı şəhər Tircan bələdiyyəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-90/2005 nömrəli icra sənədinin icrası məqsədilə Abdulova (Osmanova) Nuriyyə Şahı qızına 1.39 ha və X3 0.85 ha ayrılması nəzərdə tutulan torpaq sahəsi yerquruluşu sxemi ilə göstərilmişdir.

5. İsmayıllı rayon Tircan bələdiyyəsinin 06 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllı rayon Tircan bələdiyyəsinə məxsus 6 ha və ya 60.000 kv.m torpaq sahəsinin (kənd təsərrüfatı təyinatlı) 15 il icarəyə verilməsi üçün müsabiqəyə çıxarılması məqsədilə ayrılması nəzərdə tutulan sahənin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə həmin torpaq sahələrinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, torpaq sahəsinin plan ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə aid hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və Daşınmaz Əmlakın təsvirinə bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə bağlı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat göndərilmişdir. İddiaçı İsmayıllı rayon Tircan Bələdiyyəsinin sədri X14 məhkəmə iclasına gəlmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçı tərəfin iştirakı ilə müzakirə edilərək iddiaçının nümayəndəsinin dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

II. TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

“L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı:

“Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarı:

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.

III. MƏHKƏMƏNİN MÖVQEYİ:

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Tircan kənd sakini Abdulova (Osmanova) Nuriyyə Şahı qızına məxsus 1.39 ha torpaq sahəsi və mərhum X3 məxsus 0.8 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. İddiaçı bu tələbinin hüquqi əsası olaraq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli qətnaməsinə istinad edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X4 Tircan bələdiyyəsi ilə bağladığı xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən 08 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınması, X6, X1, X2, X7 və X9 adına verilmiş dövlət aktlarının etibarsız hesab edilməsi, yaşadıqları ərazilərin yerli bələdiyyənin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələrinin verilməsi və həmin hissədə qətnamənin icrasının İsmayıllı rayon Aqrar İstehsalat Komissiyasına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırki iş üzrə iddiaçı İsmayıllı rayonu Tircan Bələdiyyəsi qətnamənin icrası məqsədilə Abdulova (Osmanova) Nuriyyə Şahı qızına 1.39 ha və X3 0.85 ha ayrılması nəzərdə tutulan torpaq sahəsi yerquruluşu sxemi ilə göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Belə ki, iddia ərizəsində iddiaçı X11 kənd sakini Abdulova (Osmanova) Nuriyyə Şahı qızına məxsus 1.39 ha torpaq sahəsi və mərhum X3 məxsus 0.8 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Yəni iddia tələbi torpaq sahəsi üzərində Abdulova (Osmanova) Nuriyyə Şahı qızının və mərhum X1 mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı olduğuna görə iddiaçının öz adından iddiaçı kimi iddia qaldırmaga subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı İsmayıllı Rayon Tircan Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar