Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1619/2025 04.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Oxud bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən satılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, “Şəki rayonu Oxud bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən satılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1619/2025 nömrəli qərardadı ilə Şəki rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən, “iddiaçı X2 rayon Oxud Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona 1000 kv.m torpaq sahəsinin satılmasını xahiş etmişdir. Şəki rayonu Oxud Bələdiyyə ərazisindən 1000 kv.m torpaq sahəsinin satılması barədə 24 sentyabr 2007-ci il tarixli, 10 nömrəli qərar qəbul edilərək perespektiv inkişaf fondundan 0,10 ha (on sot) həyətyanı torpaq sahəsi satılmışdır. Alqı-satqı predmeti olan həmin torpaq sahəsi kənd təsərrüfatına yararsız olması barədə Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Şəki rayon Şöbəsinin 15 avqust 2008-ci il tarixli 558 nömrəli rəyi ilə həyətyanı torpaq sahəsi kimi qanuna müvafiq hesab edilmişdir.Həmin tarixdən etibarən 0,10 hektar torpaq sahəsi X3 istifadəsinə verilmiş və keçən müddət ərzində sonuncu həmin torpaq sahəsindən maneəsiz şəkildə istifadə etmişdir. Daha sonra X6 13 iyul 2011-ci il tarixdə vəfat etmişdir. xx.xx.2011-ci il tarixdə ölmüş X3 vərəsəsi X7 ərizəsi əsasında Şəki regional 'ASAN Xidmət" mərkəzinin notariat ofisinə mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. X4 etibarnamə üzrə nümayəndəsi X8 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə üçun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin qurum tərəfindən sonuncuya verilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-21- 3-39/2-R-0031-8/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, ərizəyə 15 aprel 2008ci il tarixli torpaqların alqı-satqısına dair akt əlavə ediləsə də, aktın 01 dekabr 2007-ci ildən sonra qeydiyyatdan keçdiyi müəyyən olunduğundan, 01 dekabr 2007-ci il tarixdən qüvvədə olan “Bələdiyyələrə dair Azərbaycan respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və lavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmaqla veridiyındən həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9 1.2- ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizənizin icrası mümkün olmamışdır. Hörmətli məhkəmə biz cavabdeh qurumun imtinası ilə qətiyyən razılaşmır, həmin imtinanı qanunsuz və əsassız sayırıq. Belə ki, Şəki rayon Oxud Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli 10 nömrəli qərarına əsasən X1 cəmi 0,10 ha torpaq sahəsihəmin tarixdən bu günə kimi sonuncunun istifadəsində olmuş, həmin torpaq sahəsinə heç vaxt, heç bir kəsin iddiası və ya etirazı olmamışdır.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “xx.xx.2025-ci il tarixli, 2-1(116)- 1619/2025 nömrəli sərəncama əsasən iddiaya qarşı rəsmi münasibət olaraq bildiririk ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 02 sentyabr 2024-cü il tarixdə ərizə ilə (daxilolma N-si 3-21-3-39/1-R-0031-8/2024) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şəki rayonu Oxud bələdiyyəsinin qərarı ilə mərhum X5 fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.10 ha torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərin yoxlanılması zamanı bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt təqdim olunsa da, alqı-satqı aktının 01 dekabr 2007-ci ildən sonra, yəni 15 avqust 2008-ci il tarixdə tərtib olunaraq həmin tarixdə 400 nömrə ilə torpaq şöbəsində qeydiyyatdan keçdiyi müəyyən olunduğundan ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-39/2-R-0031-8/2024 N-li imtina məktubu verilərək həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığı və inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 02.09.2024-cü il tarixli 2752 nömrəli notariat ofisinin məktubu.
3. AZ-İİ 404917 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surəti.
4. Şəki rayonu Oxud Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X5 Şəki rayonu Oxud Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır.
5. Şəki rayonu Oxud Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 10 saylı protokolun surətindən görünür ki, X5 Şəki rayonu Oxud Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır.
6. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Şəki rayonu Oxud Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X5 Şəki rayonu Oxud Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır.
7. 17.07.2008-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Şəki rayonu Oxud Bələdiyyəsinin hesabına ödəmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki rayonu Oxud Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X5 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Şəki rayonu Oxud Bələdiyyəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddia olunan torpaq sahəsi faktiki olaraq X4 istifadəsindədir və Oxud bələdiyyəsinə aid, yaşayış məntəqəsi torpaqları daxilində faktiki olaraq 0.10 ha olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Torpaq sahəsində tikili yoxdur. İddia olunan torpaq sahəsinin ölçüsü sənəd üzrə olan torpaq sahəsinin ölçüsü ilə eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – torpaqların alqı-satqısına dair aktının qanunvericiliyə uyğun tərtib olunmamsı ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Oxud bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən satılmış 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.