Məhkəmə qərarları › İş №2-1(116)-162/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-162/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-162/2021 30.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1, iddiaçının nümayəndəsi vəkil X4, üçüncü şəxs Cavabdeh2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, X6, İddiaçı4 və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 oğlu, Ömərova X3 rayonunun Yuxarı Tala kəndində yaşayırlar. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun Zaqatala rayonu Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X10 Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş akt ilə sovxozun üzvü İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin akt Zaqatala Rayon Dövlət Arxivində saxlanılır. Zaqatala Rayon Dövlət Arxivində saxlanılan Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun üzvlərinə əmlakın hesablanması və verilməsi sənədlərində üçüncü şəxs Cavabdeh2 adına torpaq üzərində əmlakın verilməsinə dair akt aşkar edilməmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqların verildiyi yerdə saxlanılması, artıq olarsa kəsilməsi, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsinin nəzərdə tutulması və s. qərara alınmışdır. Bundan sonra xx.xx.2011-ci ildə Zaqatala RİH başçısı tərəfindən "Zaqatala rayon Yuxarı Tala kənd sakinlərinin keçmiş 2 saylı fındıqçılıq sovxozu ərazisindən pay torpağı alan zaman yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəl" təsdiq olunmuşdur. Həmin cədvəldə 322-cı sırada Cavabdeh2 adının qarşısında subyektlərin sayı 3 nəfər, həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,21 ha, qanuni sahə 0,12 ha, zəbt olunmuş sahə 0,09 ha, cəmi torpaq pay norması 1,17 ha, çöldən düşən bağ sahəsi 0,73 ha, əkin sahəsindən verilən sahə 0,35 ha göstərilmişdir. Həmin cədvəldə 522-cı sırada İddiaçı1 adının qarşısında subyektlərin sayı 4 nəfər, həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,10 ha, qanuni sahə 0,10 ha, cəmi torpaq pay norması 1,56 ha, çöldən düşən bağ sahəsi 1,46 ha, əkin sahəsindən verilən sahə 0,10 ha göstərilmişdir. Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,5009 ha (çoxillik əkmələr) kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ilə bağlı üçüncü şəxs Cavabdeh2 adına A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və xx.xx.2011-ci ildə 391 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən 0,4832 ha torpaq sahəsinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ xx.xx.2018ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh2 adına bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Yuxarıda qeyd olunan A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında xx.xx.2018-ci ildə sənəd üzrə 0,5009 ha, faktiki isə 0,4832 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) ilə bağlı üçüncü şəxs Cavabdeh2 adına A-263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,48 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına tərtib edilmiş A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsini, həmin torpaq sahəsinin özünün və ailə üzvlərinin adına sənədləşdirilməsi xahiş etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpaq sahəsinin planı və ölçüsü"nün, habelə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi İdarənin səlahiyyətinə daxil deyil. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Zaqatala Rayonu Yuxarı Tala Bələdiyyəsinə və Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinə qarşı "Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2018-ci ildə verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, ailələrinə düşən 0,48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 məhkəməyə ərizə verərək, cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 üçüncü şəxs qismində göstərilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Onlar iddianı belə əsaslandırmışlar ki, 1999-cu ildən indiyədək 0,48 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topası onların istifadəsində olmuşdur. Bu səbəbdən də cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubda bildirmişdir ki, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da qeyd olunan 0,4832 ha torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin çıxarışda qeyd olunan şəxslərin zəbt torpaq sahəsi ilə bağlı İdarədə məlumat aşkar edilməmişdir. Bundan başqa, torpaq islahatı zamanı sözügedən çıxarışda adları qeyd olunan şəxslərə ümumilikdə 1,263 ha pay torpaq sahəsi verilmişdir. Onlardan 1,08 ha-nın məqsədli istifadə növü çoxillik əkmə (fındıq bağı), 0,1831 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün (kəndaltı) torpaq sahələridir. Həmin torpaq sahələrinə müvafiq olaraq A-379945, A-379179, A-380274, A-264182, A-263897 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 həmin qərardaddan apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçılar tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilərək iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-255/2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.1999-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X10 Komissiyası tərəfindən sovxozun üzvü İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir. - İşdə olan, "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən sənəd üzrə 0,5009 ha, faktiki 0,4832 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üçüncü şəxs Cavabdeh2 verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən həmin torpaq sahəsinə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 405 nömrəli arxiv arayışından görünür ki, İddiaçı1 adına 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə tərtib edilmiş aktında 0,48 ha torpaq sahəsinin və 64 ədəd fındıq ağacının onun xüsusi mülkiyyətinə verilməsinə dair qeydiyyat vardır. - İşdə olan, cavabdehin xx.xx.2018-ci il tarixli imtina məktubundan görünür ki, müraciətdə qeyd olunan halların aradırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. - İşdə olan, cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da qeyd olunan 0,4832 ha torpaq sahəsi başqa şəxslərə məxsusu torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin çıxarışda qeyd olunan şəxslərin zəbt torpaq sahəsi ilə bağlı İdarədə məlumat aşkar edilməmişdir. Bundan başqa, torpaq islahatı zamanı sözügedən çıxarışda adları qeyd olunan şəxslərə ümumilikdə 1,263 ha pay torpaq sahəsi verilmişdir. Onlardan 1,08 ha-nın məqsədli istifadə növü çoxillik əkmə (fındıq bağı), 0,1831 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün (kəndaltı) torpaq sahələridir. Həmin torpaq sahələrinə müvafiq olaraq A-379945, A-379179, A-380274, A-264182, A- 263897 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1, İddiaçı2 Əmiralı qızının, X2, İddiaçı4 adına ümumi birgə payı RX seriyalı ******* nömrəli çıxarışla qeydə alınmış 0,8781 ha, A seriyalı 380057 nömrəli "Torpaq sahəsinin plaı və ölçüsü" sənədində qeyd olunmuş 0,0921 ha torpaq sahələri işlənilmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə payına RX seriyalı ******* nömrəli çıxarış ilə qeydiyyata alınmış 0,4832 ha, A seriyalı 380274 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,2217 ha, A seriyalı 264182 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,0851 ha, A seriyalı 263897 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,0981 ha, A seriyalı 379179 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,3575 ha torpaq sahələri işlənilmişdir. İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Cavabdeh2 adına hazırlanmış xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. - İşdə olan, Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 adına işlənmiş xx.xx.2011-ci il tarixli A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsinin sənəd üzrə koordinatları üstüstə düşür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinin birinci cümləsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Hazırkı iddianın mümkün sayılmaması barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında və həmin qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, torpaq islahatı zamanı xx.xx.1999-cu ildə iddiaçıya 2 nömrəli fındıqçılıq sovxozundan dəyəri ******* manat olan fındıq bağı əmlak payı kimi verilərək akt tərtib edilmişdir, fındıq bağının yerləşdiyi 0,48 ha torpaq sahəsinin isə iddiaçıya verilməsinə dair sübut mövcud deyil. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası özünün xx.xx.2020-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etməyərək bildirmişdir ki, fındıq bağının iddiaçıya bilavasitə YAİK tərəfindən təhvil verilməsi barədə 1999-cu il 5 sentyabr tarixli aktın YAİK tərəfindən təsdiq edildiyi də nəzərə alındıqda, həmin sənəddə təsdiq edilən fakt (bağ sahəsinin yerində göstərilməklə iddiaçıya təhvil verilməsi) hüquqi əhəmiyyət kəsb edir (bağ/torpaq sahəsinin üçüncü şəxsə təhvil verildiyinə dair belə bir akt müəyyən edilməmişdir – İ cild, iş v.150). Buradan, iddiaçı, 1999-cu il 5 sentyabr tarixdən hesablandıqda, təxminən 20 il sahiblik etdiyi (səlahiyyətli orqan tərəfindən yerində göstərilməklə iddiaçıya təhvil verilən) əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilər. Bunun əksi üçün (məsələn, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi – sahiblik faktının hüquqi əsasının olmaması) məhkəmə səlahiyyətli orqanın (YAİK-in) torpaq sahəsinə dair Dövlət aktının verilməsinədək icra etdiyi, hər hansı şəxs tərəfindən mübahisələndirilməyən, yaxud nəticələri hər hansı orqan tərəfindən aradan qaldırılmayan faktiki xarakterli hərəkətin (və ya qərarın) əhəmiyyətsiz (heç bir hüquqi əsasa söykənməyən) olduğunu əsaslandırmalıdır. Hazırkı işdə bu, baş verməmişdir. Bundan sonra ikinci dəfə apellyasiya qaydasında işə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında da eyni hüquqi mövqe ifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş torpaq sahəsi torpaq islahatı zamanı xx.xx.1999-cu il tarixli aktla iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsidir. Bu səbəbdən də sadalanan sənədlərin üçüncü şəxslərin adına verilməsi qanuni olmamışdır. İşdən göründüyü kimi, üçüncü şəxs Cavabdeh2 müxtəlif orqanlara ünvanladığı ərizələrdə İddiaçı1 tərəfindən məhkəməyə saxta sənədlərin kserosurətlərinin təqdim olunduğunu bildirmiş, lakin konkret olaraq hansı sənədlərdən bəhs etdiyini bildirməmişdir. Ona görə də məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə Cavabdeh2 hansı sənədlərdən bəhs etdiyini məhkəməyə bildirməsi təklif edilmişdir. Cavabdeh2 isə həmin məktublara cavab olaraq məhkəməyə göndərdiyi ərizədə bildirmişdir ki, şikayət ərizələrində "saxta sənəd" adlandırdığı sənədlər, məhkəməni yanıltmaq üçün iddiaçıların məhkəməyə təqdim etdiyi və qanunsuz yolla əldə edildiyini hesab etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı, o cümlədən, torpaq sahəsinin özlərinə aid olması ilə bağlı sübut qismində məhkəməyə təqdim etdiyi sənədlərdir; ola bilsin ki, fikrini düzgün ifadə edə bilməyərək ərizələrində həmin sənədləri saxta adlandırmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə iddiaçıların mülkiyyətinə verilmiş 0,48 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 adına "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar