Məhkəmə qərarları › İş №2-1(116)-162/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-162/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-162/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Koçiyev Qori Aslanoviç Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən iddiaçıya məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən Qəbələ rayonu Nic kəndində yerləşən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinə plan ölçü sənədinin işlənməsi DƏDRX- nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təmin olunmur. Əsassız səbəblər gətirməklə bu vəzifələrinin icrasından yayınırlar. Bu hal isə mülkiyyətində olan 0.675 ha torpaq sahəsinə olan mülkiyyət hüququndan 3 ildir ki, iddiaçını məhrum edir. İddiaçı Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ilə ərazi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının bu məktubuna da cavabdeh tərəfindən imtina verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1635/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçının müraciəti əsasında torpaq sahəsinə baxış keçirərkən torpaq sahəsi üzərində kəskin mübahisə olduğu məlum olmuşdur. Torpaq sahəsində çöl-ölçmə işləri aparmağa imkan verilmədi və torpaq sahəsinin planı və ölçüsü səndəinin tərtib edilməsi üçün müvafiq cihazlarla koordinantların müəyyənləşdirilməsi üçün əməkdaşlarımıza imkan verilmədi. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2021-ci il tarixli **********37 nömrəli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-181/2018-ci nömrəli qətnaməsi.

3. Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-217/2020-ci nömrəli qətnaməsi.

4. Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-688/2022-ci nömrəli qətnaməsi.

5. Şəki Apellyasiyası Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-82/2023 nömrəli qətnaməsi.

6. RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.675 ha torpaq sahəsi X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. JN-522G saylı 40600068 kodlu Şəhadətnamənin surətindən görünür ki, 1.20 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6799/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, JN 522G, Kod 40600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 1,20 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X4 (TEKUİS) əsasən yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı olmaqla X5 xüsusi mülkiyyətinə ayrılmışdır. Sözügedən torpaq sahəsi X8 istifadəsindədir.Şəhadətnamənin koordinatlarında göstərilən torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınmamışdır.Faktiki istifadə olunan, mübahisəli torpaq sahəsi JN 522G, Kod 40600038 Şəhadətnaməyə əsasən verilmiş 1,20 ha torpaq sahəsi ilə üst-üstə düşür. iddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi və yardımçi tikili mövcuddur. İddia olunan torpaq sahəsi üzərində yerləşən tikililər qeydiyyata alınmamışdır.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hüquqi marağı RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0.675 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülki məhkəmə icraatı çərçivəsində X7 0.675 ha torpaq sahəsinə dair mülkiyyət hüququ müəyyən edilmişdir.Belə ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-181/2018-ci nömrəli qətnaməsinə əsasən iddiaçıya vəsiyyət olunmuş torpaq sahəsindən onun payı 0.675 ha hissədə müəyyən edilmişdir.Həmin Qətnamə əsasında iddiaçının göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınsa da torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə imkan verən texniki sənəd tərtib edilməmişdir.Cavabdehin imtina dəlili həmin torpaq sahəs üzərində mübahisənin olmasından ibarətdir.Lakin,imtina dəlili qanuni və əsaslı eyildir. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçın mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən X7 mülkiyyətində olan 0.675 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb (faktiki istifadə vəziyyətinə uyğun olaraq) iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar