Məhkəmə qərarları › İş №2-1(116)-1622/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1622/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1622/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nemayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon şöbəsi tərəfindən A № 327720 nömrəli torpaq sahəsinin planı və ölçüsü-sənədinə əsasən İddiaçı Kənan qızının mülkiyyətinə verilmiş 599.49 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş rayon şöbəsi tərəfindən A № 327720 nömrəli torpaq sahəsinin planı və ölçüsü-sənədinə əsasən İddiaçı Kənan qızının mülkiyyətinə verilmiş 599.49 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən A № 327720 nömrəli torpaq sahəsinin planı və ölçüsü-sənədinə əsasən ona 599.49 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin yerinin naturada müəyyən edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etsə də, ona əsassız olaraq imtina verilmiş və məktub ünvanlayaraq məhkəməyə müraciət etməyim bildirilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər toplusu qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilən, ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş A 327720 nömrəli torpaq sahəsinin planı və ölçüsü- sənədində göstərilən əsas döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsi digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı A 165486 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 3396 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır.Məhkəmə işin hallarına əsasən iddia mümkün iddia deyil. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının nümayəndəsinə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsinə məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının nail olmaq istədiyi hüquqi nəticə A seriyalı 327720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş 599.49 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi və həmin torpaq sahəsi üzərindı mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İşin məhkəmə araşdırması zamanı həm iddia olunan torpaq sahəsi,həm də sözügedən sənəddə əks olunan torpaq sahəsinin koordinatlarına əsasən mütəxəssis rəyi tələb olunmuşdur. Təqdim olunmuş 20 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir : “İddiaçı adına verilmiş A seriyalı 327720 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 599.49 kv.m torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş rayonu, Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin istifadəçisi X6 (JN 1375A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən həyətyanı torpaq sahəsinin “zəbt” hissəsi). Torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi mübahisəli torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599.49 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Hava xətti ilə 1200 metr məsafəsi mövcuddur. İddiaçı adına verilmiş A seriyalı 327720 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 599.49 kv.m torpaq sahəsi X3 mülkiyyətinə JN 1375A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən verilmiş həyətyanı torpaq sahəsinin “zəbt” hissəsi ilə, iddiaçnın naturada göstərdiyi və iddia etdiyi mübahisəli torpaq sahəsi X4 mülkiyyətinə verilmiş 0.2355 ha torpaq sahəsi ilə üst-üstə düşür”. Göründüyü kimi mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən təqdim edilən sənədə əsasən torpaq sahəsinin naturada yeri ona göstərilmişdir.Lakin,iddia olunan torpaq həmin torpaq sahəsi deyil,naturada göstərdiyi torpaq sahəsidir.Həmin torpaq sahəsi isə X4 mülkiyyətinə verilmiş 0.2355 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışı mübahisələndirmədən arzu etdiyi hüquqi nəticəyə nail olması mümkün deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon şöbəsi tərəfindən A № 327720 nömrəli torpaq sahəsinin planı və ölçüsü-sənədinə əsasən İddiaçı Kənan qızının mülkiyyətinə verilmiş 599.49 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar