Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1623/2022 29.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqınında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsaslanaraq əmək pensiyasının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Əmək pensiyaları haqqınında” Qanunun 37.3.1-ci maddəsinin, “Hərbi qulluqçuların pensiya təminatı” haqqında Qanunun 46-cı maddəsinin tələblərinə əsaslanaraq əmək pensiyasının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla yenidən hesablanmasının təmin edilməsi“ barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, məhkəmənin hüquqi yardımı əsasında cavabdeh orqanı dəqiqləşdirərək cavabdeh orqanı Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd etmiş, həmçinin məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Əmək pensiyaları haqqınında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsaslanaraq əmək pensiyasının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması“ barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə hər iki ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq aşağıdakı kimi əsaslandırmışdır: - o, 1992-ci ildən 2003-cü ilədək Arərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, 2003-cü ildə ordu arından tərxis olunaraq qulluq stajına görə təqaüdə çıxmışdır. 2007-ci ildən X2 və Texnologiya Kollecində müəllim vəzifəsində işləyir. 15 ildən artıq işlədiyi müddətdə pensiya fonduna sığota yığımına pul ödəmiş, lakin təqaüddə olduğu müddətdə pensiyası ancaq Respublika Prezidentinin sərəncamları ilə, ölkədə olan rəsmi infilyasiyaya görə artırılmışdır. Bu müddətdə cavabdeh tərəfindən pensiyası yenidən hesablanmamışdır. xx.xx.2022-ci ildə pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixli, **********6 saylı cavab məktubu almışdır. Bu məktubda pensiyasının yenidən hesablandığı qeyd olunur. Lakin pensiyası son 15 ildə sığorta stajına görə yenidən hesablanmamışdır. Təqdim edilmiş hesablamalar həqiqəti əks etdirmir. Məktubda onun işlədiyi müddətdə fərdi hesabının sığorta hisəsində 22502.25 manat sığorta kapitalının olduğu qeyd olunur. 59 yaşının olması nəzərə alınsa 65 yaşa qədər 6 il, yəni 72 ay müddət qalır. Sığorta yığımı nəzərə alınmaqla yenidən hesablanmış artım 22502.25/(72+144)=104.17 manat edir. Odur ki, cavabdehin mövqeyini düzgün hesab etmir. Cavabdeh orqan iddia tələbinə etirazını “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1, 29.2-və 45-ci maddəsinə uyğun olaraq aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 26 aprel 2022-ci il tarixli ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, fərdi hesabında yığılmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla imtina edilmişdir. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə 22502,25 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 142 (22502,25:142(65 il-59 il 2 ay=70 ay+(144 ay-72 ay)=158,47 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyasının sığorta hissəsi 401,77 (243,30+158,47) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavə məbləği (292,50 manat) həmin artım qədər (158,47 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 401,77 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 134,03 (292,50-158,47) manat təşkil edir. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 015155 nömrəli pensiya işi üzrə “əmək pensiyasının yenidən hesablanması haqqında” DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarından görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixdə pensiya təyin edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyası yenidən hesablanaraq 535.80 manat müəyyən edilmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət etibarilə əsassızdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququvardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdəhəmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 5.3ci bəndinə əsasən misal 49. xx.xx.2011-ci il tarixdə 45 yaşlı təyyarəçiyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və xx.xx.2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır: 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 - 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 - 72) müəyyənləşdirilir. Beləliklə, pensiya xx.xx.2017-ci il tarixdən 294,69 manat (65420 : 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir. Yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işə tətbiq etdikdə müəyyən edilir ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının onun arzuladığı kimi yenidən hesablanmasını tələb etdiyi xx.xx.2022-ci il tarixə iddiaçının yaşı 59 yaş 2 ay olmuşdur. Həmin vaxt kişilərdə pensiya yaşı 65 yaş idi. Bu baxımdan, 59 yaşlı iddiaçının pensiya ödənişi müddəti 70 ay (xx.xx.2022-ci il tarixdə kişilərin pensiya yaşı 65 il – 59 yaş 2 ay = 5 il 10 ay) artırılaraq 214 ay (70 ay + gözlənilən pensiya ödənişi müddəti 144 ay) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 142 ay (214 ay - 72 ay) müəyyənləşdirilir. İddiaçının cavabdehə müraciət etdiyi tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği – 22502.25 manat yuxarıda müəyyən edilmiş 142 aya bölünməklə idiaçının pensiyasına əlavə edilməli olan məbləğ – 158.46 manat müəyyən edilir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqınında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsaslanaraq əmək pensiyasının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması“ barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.