Məhkəmə qərarları › İş №2-1(116)-1624/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1624/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1624/2024 07.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “X14 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus doğum haqqında akt qeydində adının “Xaləddin”, doğum tarixinin “xx.xx.1963-cü il”, ana qrafasında ana adının “Zərifə” və ata qrafasında atasının atasinın adının “Ağamməd” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X14 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus doğum haqqında akt qeydində adının “Xaləddin”, doğum tarixinin “xx.xx.1963-cü il”, ana qrafasında ana adının “Zərifə” və ata qrafasında atasının atasinın adının “Ağamməd” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1963-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Yenikənd kəndində anadan olmuşdur. X2 və anası X1 Sovetinə doğumu barədə müraciət etmiş və doğumu qeydə alınmışdır. X2 xx.xx.2010-cu il tarixində ürək çatmamazlığından vəfat etmiş, anası X11 isə yaşayır. İddiaçı, bir neçə gün bundan öncə sənədləşmə işləri ilə əlaqədar Qəbələ regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə müraciət etmiş və onun vaxtilə Zalam kənd Sovetliyi tərəfindən xx.xx.1963-cü ildə tərtib edilmiş 103 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının “Xaləddin” əvəzinə “Cavanşir”, doğum tarixinin “xx.xx.1963-cü il” əvəzinə “xx.xx.1963-cü il”, ata qrafasında atasının ata adı “Ağamməd” əvəzinə “Ağanməd” və ana qrafasında anasının adının “Zərifə” əvəzinə “Zəriyfə” kimi qeyd olunduğu məlum olmuşdur. İddiaçı isə Xaləddin adı ilə tanınır. Həmçinin, şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamədə, hərbi biletində, keçmiş SSRİ pasportunda və s. digər sənədlərdə İddiaçı, ata və anasının nikah, ölüm şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində kimi X7 və X11 yazılmışdır. Hal-hazırda notariat ofisində sənədləşmə işləri aparmaq istəsə də, Qəbələ rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə adının, soyadının və digər qeydlərin səhvən qeyd olunduğundan bu mümkün olmamışdır. İddiaçı düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. 1.Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir. 2.AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. 3.XV-ЖГ 546284 seriya nömrəli pasportun surətindən görünür ki, iddiaçının soyadı “İsmayılov”, adı “Xaləddin”, ata adı “Bəylər”, sonluq “oğlu”, doğum tarixi xx.xx.1963-cü il tarix” kimi qeyd edilmişdir. 4.АЗ 157696 №-li evlənmək haqqında şəhadətnamədən görünür ki, X8 ilə X11 arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmışdır. 5.İV-ЖГ seriyalı 498538 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Valideynləri atası X8 və anası X11 qeyd edilmişdir. 6.xx.xx.2010-cu il tarixli AZ-İİ 389334 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X8 xx.xx.2010-ci il tarixində vəfat etmişdir 7.İİİ-ЖГ 395263 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmışdır.

8. İddiaçıya məxsus НЗ ******* №-li hərbi biletdən görünür ki, iddiaçının adı “Xaləddin”, soyadı “İsmayılov”, ata adı “Bəylər” kimi qeyd edilmişdir. 9.Qəbələ rayon dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabda iddiaçının adı “Xaləddin”, soyadı “İsmayılov”, ata adı “Bəylər” kimi qeyd olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-18/2-113/2024 nömrəli məktubuna əlavə edilmiş İddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Xaləddin”, soyadı “İsmayılov”, ata adı “Bəylər” doğulduğu yer Qəbələ rayonu Yenikənd kəndi, doğulduğu il xx.xx.1963-cü il, həyat yoldaşı X4, atası X12, anası X11, uşaqları X13, X5, X6, ünvanı Qəbələ rayonu Yenikənd kəndi qeyd edilmişdir.

11. Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.2010-cu il tarixdə tərtib edilmiş 02 №-li ölüm aktı qeydinin surətindən görünür ki, iddiaçının atasının adı “Bəylər”, soyadı “İsmayılov”, ata adı “Ağəmməd”, tarixi “xx.xx.2010-cu il” kimi qeyd edilmişdir.

12. Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1963-cü il tarixdə tərtib edilmiş 103 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Cavanşir”, soyadı “İsmayılov”, ata adı “Bəylər”, doğum tarixi “xx.xx.1963-cü il”, atasının ata adı “Ağənməd”, anasının adı “Zəriyfə” kimi qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi” ndə adının “Xaləddin”, doğum tarixinin “xx.xx.1963-cü il”, ana qrafasında ana adının “Zərifə” və ata qrafasında atasının atasinın adının “Ağamməd” kimi yazılaraq düzəliş olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid digər sənədlərdə adı “Cavanşir” olaraq deyil, “Xaləddin”, doğum tarixi “xx.xx.1963-cü il” deyil “xx.xx.1963-cü il”, atasının ata adı “Ağanməd” deyil “Ağamməd” və ana qrafasında anasının adının “Zəriyfə” deyil “Zərifə” kimi qeyd edilmiş, həmin adla nikaha daxil olmuşdur. Göründüyü kimi ilkin sənədlərdə yanlışlıq “Ağanməd” və “Zəriyfə” adlarının orfoqrafik qaydalara uyğun qeyd edilməməsi ilə bağlı olmuşdur. Digər tərəfdən iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi və başqa sənədlərdə adı və doğum tarixi ilkin sənədlə fərqlidir.Lakin iddiaçının etimad etdiyi “Doğum haqqında Şəhadətnamə” ona təqdim edilən sənədlərlə eynilik təşkil edir.Nəticə etibarı ilə ilkin sənədin uyğunlaşdırılmasına zərurət yaranmışdır və tələb əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə İddiaçı barəsində Qəbələ rayon Zalam kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 103 nömrəli Doğum akt qeydində adının “Xaləddin”, doğum tarixinin “xx.xx.1963-cü il”, ana qrafasında ana adının “Zərifə” və ata qrafasında atasının ata adının “Ağamməd” kimi düzəliş olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar