Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1625/2024 20.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (yaşayış yeri: Oğuz rayonu, Qumlaq kəndi, orta təhsillidir, fərdi sahibkardır), cavabdehin nümayəndəsi Nümayəndə (yaşayış yeri: Qəbələ rayonu Tüntül kəndi, ixtisasca hüquqşünasdır, 15 saylı X5 Mərkəzinin baş məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Oğuz rayonu, Qumlaq kəndi) cavabdeh – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional X3 (yerləşdiyi yer: Oğuz şəhəri, H.Əliyev küçəsi 47) qarşı «vurulmuş ziyanın ödənilməsi haqqında qərarın ləğv edilməsi» barədə iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Fərdi sahibkar kimi İddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – ETSN) yanında Meşələrin İnkişafı Xidməti arasında “meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” 10 oktyabr 2022-ci il tarixli 15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə ona turizm-rekreasiya məqsədilə X7 X4 meşəbəyliyinin 143-cü kvartalının 13 və 14-cü bölmələrindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən 5 il müddətində 2 ha torpaq sahəsi ayrılmışdır. ETSN Meşələrin İnkişafı Xidmətinin Qəbələ X5 Mərkəzinin əməkdaşları tərəfindən 1 fevral 2023-cü il tarixdə İddiaçı barəsində 003981 nömrəli akt tərtib etmişdir. Aktda İddiaçı Bum meşəbəyliyinin 06 saylı dolayında torpaq sahasinin (daş, çınqıl, qum) daşınmasını həyata keçirməsi faktının aşkar olunduğu qeyd edilmiş və daş-çınqılın həcm və ziyanı aşağıdakı kimi müəyyən edilmişdir: həcm – 262,5 m3, ziyan – 918,75 manat. İddiaçı 1 fevral 2023-cü il tarixli aktla hesablanmış həmin məbləğin (919 manat) müvafiq hesaba ödənilməsini 23 fevral 2023-cü il tarixdə təmin etmişdir. Lakin bir müddət sonra prokurorluq orqanından ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 11 oktyabr 2023-cü il tarixli qərar və toplanmış materiallar daxil olmuşdur. Qərarda İddiaçı Bum meşəbəyliyinin 06 saylı dolayının 143-cü kvartalının 13 və 14-cü bölmələrində yerləşən 2 ha sahədə, dağ yamacında, ağır texnika ilə hər hansı icazə sənədi olmadan 19.958 manat dəyərində, cəmi 1.584 m3 həcmində qazıntı işləri aparmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi bildirilmiş və onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. ETSN yanında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi prokurorluq orqanından daxil olmuş materiallar əsasında İddiaçı barəsində İXM-in 228-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi İddiaçı protokolu mübahisələndirməmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3 dekabr 2023-cü il tarixli məktubu ilə İddiaçı barəsində meşə təsərrüfatına vurduğu ziyanın ödənilməsi ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbir görülməsi üçün 15 saylı Regional X3 göndərilmişdir. ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X5 Mərkəzinin 29 dekabr 2023-cü il tarixli məktubu ilə İddiaçı prokurorluq orqanından daxil olmuş materiallarla Mərkəzə 19.958 manat məbləğində ziyan vurduğunun müəyyən edildiyi bildirilmiş və 30 gün müddətində həmin məbləğin ödənilməsi xahiş olunmuşdur. Bundan sonra, hazırkı cavabdeh ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X5 Mərkəzi hazırkı İddiaçı 19.039 manat məbləğində ziyanın 10 gün müddətində tələb edilməsi barədə 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərar qəbul etmişdir (qərarda ziyan müəyyən edilərkən 19.958 manat məbləğdən ödənilmiş 919 manat nəzərə alınmışdır). İddiaçı cavabdeh ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X1rşı əsassız hesablanmış 19.958 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində 13 fevral 2024-cü il tarixdə iddia qaldırılmışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «19.958 manat məbləğində vurulmuş ziyanın ödənilməsi haqqında 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Sonradan iddiaçı məhkəməyə təkrar əlavə ərizə təqdim etmiş və iddianın dəqiqləşdirilərək «19.039 manat məbləğində vurulmuş ziyanın ödənilməsi haqqında 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. İddiaçının mövqeyinə görə (iddia ərizəsinə əsasən) cavabdeh inzibati icraatı onun iştirakı olmadan apardığından, izahı mümkün olmayan yüksək məbləğdə ziyan hesabladığından, 19.958 manat ziyan məbləğinin tələb olunması qanunsuzdur. Onun hərəkətlərində qanun pozuntusu olsa da, bunun nəticəsində ilkin hesablanmış 918 manat məbləğində dəymiş ziyan məbləğini ödəmişdir. Cavabdehin 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməlidir. İddia tələbi əsaslıdır. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Cavabdehin mövqeyinə görə (iddiaya qarşı yazılı etiraza əsasən) iddiaçı müvafiq ərazidəki dağ yamacında ağır texnika ilə hər hansı icazə sənədi olmadan qanunsuz şəkildə 1.584 m3 həcmində torpaq sahəsinin qazılması ilə nəticələnən işlər gördüyündən, prokurorluq orqanının müraciəti əsasında onun İXM-in 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən edildiyindən, təbiətə vurulmuş ziyanın əvəzi olaraq ondan müvafiq məbləğdə vəsait tələb edilməsi qanunidir. Cavabdehin 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarı qanunidir və iddia tələbi əsassızdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı bildirdi ki, ona cərimə haqsız olaraq hesablanmışdır. Birinci dəfə ilkin cərimə şişirdilmiş məbləğdə olsa da, 919 manat hesablanmışdır və o, həmin cəriməni ödəmişdir. Bundan sonra ərazidə hər hansı qazıntı işi aparmamışdır. Lakin bir neçə ay keçdikdən sonra protokol tərtib olunmuş, yenidən cərimə hesablanmışdır. Bu hərəkətlər qanunsuzdur. İddianın təmin edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, müvafiq fotoşəkillərdən də iddiaçı tərəfindən ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı görünür. Qəbələ rayon prokurorluğu tərəfindən 11 oktyabr 2023cü il tarixdə inzibati icraat işi başlanmış və dəymiş ziyan 19.958 manat həcmində hesablanmışdır. Həmin işə əsasən İddiaçı ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 2.500 manat cərimə edilmişdir. İddia əsassız hesab olunur. Çünki, iddiaçı prokurorluq orqanında icraat aparılarkən, eləcə də yerində baxış zamanı hər hansı etiraz bildirməmiş, müvafiq şikayət və ya vəsatət verməmişdir. Dövlət meşə fonduna vurulmuş 19.958 manat ziyan məbləği cavabdeh tərəfindən deyil, prokurorluq orqanının apardığı icraat əsasında ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir. İnzibati işin nəticəsi olaraq, dövlət meşə fonduna vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı 4 aprel 2024-cü il tarixdə iddiaçıya qərar ünvanlanmışdır. Cavabdeh tərəf iddia ilə razı deyil. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında iddia ərizəsi məhkəməyə 13 fevral 2024-cü il tarixdə təqdim olunmuşdur, lakin mübahisənin halı və nəticəsinin dəyişməsi ilə əlaqədar iddiaçı tərəf iddianı dəyişdirərək 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi tələbini irəli sürmüş və bu dəyişiklik məhkəmə tərəfindən qəbul olunmuşdur. Cavabdehin mübahisələndirilən qərarı 4 aprel 2024-cü il tarixə, iddianın dəyişdirilməsi barədə ərizəsinin verilməsi isə 1 may 2024-cü il tarixə, yəni qərarın qəbulundan 27 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə 4 aprel 2024-cü il tarixli qərara münasibətdə mübahisələndirmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Oğuz rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Oğuz rayonunun Qumlaq kəndi, cavabdeh inzibati orqanın yerləşdiyi yer isə, ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdehin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərar cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İXM-in 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İXM-in 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İXM-in 36.3-cü maddəsinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) uyğun olaraq həll edilir. İXM-in 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 25.1-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 37.1-ci maddəsinə görə fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə cavabdeh tərəfin inzibati xətanın törədilməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin bununla bağlı mübahisə olduğu halda həmin xətanı törətmiş şəxsdən ayrıca inzibati icraat aparılmaqla əlverişsiz inzibati akt qəbul edilməsi qaydasında tələb edilməsi mövqeyi ilə razılaşmır və hesab edir ki, bu zərərin əvəzinin tələb olunması inzibati icraatın deyil, mübahisəli halın olduğu nəzərə alınaraq yalnız məhkəmə icraatının predmetinə aiddir. Prosessual qanunvericilik (İXM-in 36-cı maddəsi) inzibati xəta törədilməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi məsələsinə baxılması səlahiyyətini həmin ödəmə ilə bağlı mübahisə olmadıqda inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) və ya hakimin, belə mübahisə olduqda isə yalnız hakimin səlahiyyətinə aid etmişdir. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi isə, MPM-ə uyğun həll edilir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 3-cü və 5.1-ci bəndlərinə görə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifələri sırasına daxildir və Nazirlik öz fəaliyyətini onun vahid sistemini təşkil edən qurumlar, o cümlədən strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Hətta cavabdeh inzibati orqan müvafiq məsələ üzrə ayrıca inzibati icraat aparmaq və inzibati akt qəbul etmək səlahiyyətinə malik olsaydı belə, qurum «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25-ci maddələri baxımından apardığı inzibati icraat barədə maraqlı şəxsə, yəni barəsində inzibati akt qəbul edilmiş şəxs kimi iddiaçıya və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, eləcə də inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız kənar təşkilatdan (prokurorluq orqanından və ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən) daxil olan materiallarla kifayətlənməməli, həmin şəxsi inzibati icraat materialları ilə tanış etməli idi. Halbuki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın öz təşəbbüsü ilə mübahisə predmeti olan 4 aprel 2024-cü il tarixli qərarın qəbulu üzrə aparılan inzibati icraat barədə iddiaçının məlumatlandırılması, inzibati icraatda onun iştirakının, həmçinin dinlənilmə hüququnun təmin edilməsi, mövcud sübutlardan başqa əlavə sübutların toplanmasında təşəbbüskarlıq göstərilməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Bundan başqa, məhkəmə məsələyə digər prizmadan da yanaşaraq diqqətə çəkir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» Qanunun müddəalarına görə inzibati orqanın apardığı inzibati icraatın predmetini inzibati xətalara dair işlər üzrə fəaliyyət çərçivəsində dəymiş maddi ziyanın tələb edilməsi təşkil edə bilməz. Çünki, həmin Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bütün qeyd olunanlar belə deməyə əsas verir ki, cavabdeh inzibati orqan qanunla məhkəmə qaydasında baxıla bilən məsələni inzibati icraat çərçivəsində həll etməklə, həmin icraatın nəticəsi kimi mübahisələndirilən 4 aprel 2024-cü il tarixli qərarı inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Bu səbəbdən məhkəmə həmin qərarın qəbulunda tərəflərin dəlilləri üzrə maddi hüquq normalarının tətbiqi məsələsinə qiymət verilməsini də zəruri bilmir. Mübahisələndirilən inzibati aktı (4 aprel 2024-cü il tarixli qərar) qanuna zidd saymaqla yanaşı, məhkəmə həm də onun qəbulunu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya müvafiq məbləğdə pul vəsaitini ödəmək öhdəliyi yaradır. Odur ki, yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarı qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X5 Mərkəzinin 19.039 manat məbləğində vurulmuş ziyanın ödənilməsi haqqında 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X5 Mərkəzinin 19.039 manat məbləğində vurulmuş ziyanın ödənilməsi haqqında 4 aprel 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(116)-1625/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1625/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver