Məhkəmə qərarları › İş №2-1(116)-1625/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1625/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1625/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.m olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində atası Məmməd Məmmədovun mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililərin mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə X3 4 nələr ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra X5 və arvadı Afəyət, övladları Etibar, cavabdeh Zahir, bacı Arzunun adına 353 saylı order yazılmışdır. Həmçinin həyətdə 0,08 ha xüsusi mülkiyyətdə torpaq sahəsi vardır. Belə ki, həmin torpaq sahəsinin 1/2 hissəsi iddiaçının, 1/2 hissəsi Azad Məmmədovun mülkiyyətindədir. Həmin həyətdə atası Məmməd Məmmədovdan miras qalmış 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv. metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində mülkiyyət hüquqları qeydiyata alınmamışdır. Bununla bağlı o cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən tikililərin mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Ərizə ilə bağlı təqdim edilən sənədlər arxiv materiallarına əsasən araşdırılmışdır. ünvan 2 ünvanında 0.08 ha torpaq sahəsi üzərində yerləşən tikililərin iddiaçının mərhum atası X3 məxsus olması barədə hər hansı hüququmüəyyənedici sənəd təqdim edilməmişdir və idarənin arxiv məlumatlarında hər hansı məlumat aşkar edilmədiyi üçün arayışın verilməsi mümkün deyildir (ilkin müraciət ərizəsi elektron kabinetə yerləşdirilir). Əlavə məlumat üçün bildiririk ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-988/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə qərarına istinadən aşağıdakıları bildiririk: Məhkəmə qərarında qeyd edilir: “İş materiallarında olan, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, sözügedən tikililərin yerləşdiyi 0.08 ha torpaq sahəsi X6 və İddiaçı hər birinin ½ hissə olmaqla paylı mülkiyyətindədir. Bununla belə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969cu il tarixli 1 saylı qərarı ilə mərhum X3 ayrılmış yaşayış sahəsi özəlləşdirilməmişdir. İddiaçı, sözügedən yaşayış sahəsi özəlləşdirilmədən sonradan artırılmış əlavə tikililər üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğu barədə arayışın əldə edilməsində maraqlıdır. Hazırkı iş üzrə iddiaçının mərhum atasının xx.xx.2008-ci ildə vəfat edənədək sözügedən yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Bununla da, qanunvericiliyin ona verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişdir. Odur ki, cavabdeh orqan, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə ayrılmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadan, həmin tikilinin ayrıayrı komponentləri üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur”. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2024-cü il tarixli imtina məktubu, AZ-İ 983029 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti, X1 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı (Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1969-cu il tarixli 1 saylı protokoluna əsasən X3 yaşayış sahəsinin ayrılması barədə), Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1969-cu il tarixli 1 saylı protokolu, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.1969-cu il tarixli 353 nömrəli order, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubu. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə mərhum X3 4 nələr ailə üzvü ilə birlikdə verilmiş Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 saylı evin sonradan artırılmış tikililəri (5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamam) üzərində mülkiyyət hüququnun mərhum Məmməd Məmmədova məxsus olması barədə arayışı əldə edilməsinə nail olmaqdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, sözügedən tikililərin yerləşdiyi 0.08 ha torpaq sahəsi X6 və İddiaçı hər birinin ½ hissə olmaqla paylı mülkiyyətindədir. Bununla belə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə mərhum X3 ayrılmış yaşayış sahəsi özəlləşdirilməmişdir. İddiaçı, sözügedən yaşayış sahəsi özəlləşdirilmədən sonradan artırılmış əlavə tikililər üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğu barədə arayışın əldə edilməsində maraqlıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının mərhum atasının xx.xx.2008-ci ildə vəfat edənədək sözügedən yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Bununla da, qanunvericiliyin ona verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişdir. Odur ki, cavabdeh orqan, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə ayrılmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadan, həmin tikilinin ayrı-ayrı komponentləri üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar