Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1626/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil hüquqlarının pozulmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil hüquqlarının pozulmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ərizəçiyə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçının hər hansı hüquqlarının və maraqlarının pozulması müəyyən edilmir. İddia ərizəsinə əlavə edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə müvafiq olaraq iddiaçını, X1 tərtibi məqsədi ilə dəvət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 11. X2 11.1. Əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə X2 tərtib olunur. 11.2. X1 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 11.3. X2 əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 11.4. Uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləra və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin qanuni nümayəndəsinin iştirakı təmin edilir. 11.5. Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər X1 icrasını təmin etməlidirlər. Göründüyü kimi cavabdeh orqanın, əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası və inkişafı tədbirləri çərçivəsində, faktiki olaraq iddiaçının da maraqlarına xidmət edən X1 tərtibi məqsədi ilə göndərdiyi müvafiq məktub iddiaçının hər hansı hüququnun pozulması, o cümlədən, iddiaçının hüquqlarının pozulmasına yönəlmiş əsassız hərəkət kimi nəzərdən keçirilə bilməz. Belə ki, müvafiq dəvət məktubu məcburilik xüsusiyyəti daşımır və inzibati akt xüsusiyyətlərinə malik deyil. Odur ki, iddiaçı üçün hər hansı hüquq və vəzifə yaratmadığından, eləcə də hüquqlarının hər hansı şəkildə məhdudlaşmasına səbəb olmadığından, inzibati məhkəmə araşdırmasının predmeti ola bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı iddiaçının dinlənilmə hüququ təmin edilmiş, lakin, iddiaçı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil hüquqlarının pozulmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1626/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1626/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver