Məhkəmə qərarları › İş №2-1(116)-1628/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1628/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1628/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.1952-ci il tarixdə Şəki rayonunda (köhnə Nuxa) anadan olmuş İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il tarixdə Şəki rayonunda (köhnə Nuxa) anadan olmuş İddiaçı oğlluna Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1952-ci ildə Şəki şəhərində anadan olmuş,2000-ci ildən sonra Rusiya Federasiyasına iş məqsədi ilə gedib qayıtmışdır. O,2004-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair Miqrasiya Xidmətinə müraciət etmiş,cavabdeh tərəfindən ona tələbinin icrasında imtina verilmişdir. İmtina məktubundə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr) tarixinədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasına mənsubiyyətin tanınması mümkün deyildir. Sonra Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş, lakin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 09 avqust 2022-ci il tarixli ******* saylı Qərar qəbul edilmişdir. Buna görə də məcbur qalıb yeganə yol kimi “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin qərarının 5-ci bəndinə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibətində (etiraz) bildirmişdir ki, iş materialları ilə müəyyən olunur ki, o, 1952-ci ildə Şəki şəhərində anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş və həmin dövlətin vətəndaşlığını əldə etmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3- cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2019-ci il tarixli qərarından görünür ki, xx.xx.1952-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

2. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Baltalı kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 18 nömrəli məktubundan görünür ki, İddiaçı 1996-2000, 2001-2005, 2006-2010, 2011-2015, 2016-2020, 2021-2025 – ci illərin təsərrüfat başına kitablarında adı qeyd olunmamış və mütəmadi olaraq Rusiya Federasiyasına gediş-gəlişi göstərilmişdir. 2022-ci ildə olan dəqiqləşdirmələr zamanı İddiaçı Rusiya vətəndaşlığı olduğu aşkar olunmuşdur, 2021-2025-ci illərin təsərrüfatbaşına kitabdan adı silinmişdir.

3. İddiaçıya məxsus 28 iyul 2021-ci il tarixdə verilmiş 76 ******* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportundan görünür ki, İddiaçı həmin dövlətin vətəndaşıdır.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı maddəsində Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər təsbit olunmuşdur: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Həmin Qanunun 10-cu maddəsində deyilir : Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydalarına əsasən : 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; Göründüyü kimi iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının vətəndaşı olduğuna,həmçinin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına dair heç bir məlumat mövcud deyildir.Həmçinin,şəxsin digər xarici ölkə vətəndaşı olması faktı iş materiallarına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia təmin edilməməlidir. Oxşar işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1415/2021 saylı və 2-1(102)-240/2022 saylı qərarlarında da qeyd olunan hüquqi mövqe təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “İddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar