Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1629/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 iyul 2023-cü il tarixində ərizə təqdim edərək iddia tələbinin “artıq ödənlmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş,cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Buna səbəb cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı olmuşdur. Hesab edir ki, bu qərar qanunsuz və əsassızdır. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, İddiaçı daha öncə eyni tələblə “2022-ci ilin iyun ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-248/2023 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. X4 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-248/2023 nömrəli qərarından apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-305/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra tərəfimizdən inzibati iş üzrə kassasiya şikayəti verilmişdir. Nəzərinizə çatdırırıq ki, hal-hazırda sözügedən inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmaqdadır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixində qəbul edilsə də iddiaçıya təqdim olunması iş materialları ilə müəyyən edilməmişdir.İddiaçı hazırkı qərarı pensiyanın bərpa olunması ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət etdikdən sonra məlumatlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı ondan cavabdeh orqanın qəbul etdiyi “artıq ödənilmiş pensiyanın tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğvinə nail olmaqdır. Belə ki, müvafiq pul məbləğinin iddiaçıdan tutulması ilə bağlı qəbul edilməsi gözlənilən inzibati aktlara münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia, iddiaçının həyatını (mövcudluğunu) çətin vəziyyətə sala bilən və ya bərpası mümkün olmayan zərərin vurulması təhlükəsinin mövcud olduğu halları əhatə etməlidir. Çünki hazırkı iş üzrə iddiaçının gəlirlərinin qorunub saxlanılmasına marağı var. Belə ki, xx.xx.2006-cı tarixdən qüvvədə olan “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından pensiyaçının razılığı olduqda artıq ödənilmiş pensiya məbləği onun pensiyasından pensiya təyin edən orqanın qərarı ilə tutula bilər ki, iddiaçının pensiya işində onun belə bir razılığının olmasına dair sübut mövcud deyildir. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi isə sonuncunun razılığının olmamasının sübutudur ki, cavabdehin onun razılığı olmadan pensiyasından tutulmanın həyata keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş,Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Göründüyü kimi həmin iş üzrə məhkəmə predmeti dayandırılmış pensiyanın bərpası olmuş,artıq ödəmənin dövlət büdcəsinə qaytarılması hissəsində qərarın ləğvi iddia predmeti olmamışdır.Yəni,məhkəmə tərəfindən pensiya ödənişinin bərpası barədə ərizə təqdim edilmiş,məhkəmə pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoymaqla spözügedən qərara dayandırılma hissədə hüquqi qiymət vermişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər..... Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, pensiyasından tutmanın həyata keçirilməsinə iddiaçının razılığı olmadığından cavabdeh, “Əmək Pensiyaları haqqında” Qanundan daha sonra qüvvəyə minmiş “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından artıq ödənilmiş vəsaitin tutulmasına dair qərar qəbul etməlidir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə qüvvəyə mindikdən sonra həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra həmin məbləği geri tələb etməyə haqlı sayılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı “X2 “artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi” hissəsində ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə