Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-163/2021 16.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2020-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və hazırda Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayır. O, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək X13 Birliyinin konserv sexində fəhlə işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Bakı Tədris Kombinatında radiotelevizor təmiri ustası ixtisası üzrə təhsil almışdır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X7 filialında, xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək isə Şəki şəhəri "xxxx" MMC-də işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının Şəki şəhəri "xxxx" MMC-yə aid iş stajının yoxlanılması tələb olunur, həmin müəssisənin hazırda fəaliyyəti olmadığına və müəssisənin maliyyə-uçot sənədləri Şəki Rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə yoxlanılması mümkün olmamışdır. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "xx.xx.1981-ci ildən xx.xx.2006-cı ilədək Şəki "xxxx" MMC-də işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edildiyi kimi xx.xx.1981-ci ildən xx.xx.2010-cu ilədək həmin müəssisədə işləmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək, xx.xx.2020-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışının gedişi zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2021-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.2010-cu ilədək Şəki şəhəri "xxxx" MMC-də işləmiş olsa idi, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək olan müddət üçün onun aylıq gəliri və buna uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları öz əksini tapmalı idi. İş materiallarına əlavə edilmiş sığortaolunanların fərdi şəxsi hesab çıxarışından görünür ki, həmin illərdə iddiaçının fərdi hesabında heç bir məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 240 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 59 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək X11 işləmişdir. - İşdə olan, iddiaçının adına verilmiş xx.xx.1980-ci il tarixli şəhadətnamədən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Bakı Tədris Kombinatında təhsil almışdır. - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X7 filialında, xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək isə Şəki şəhəri "xxxx" MMC-də işləmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialının xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, Şəki şəhər "xxxx" MMC Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin hesabına 2002-ci ildə 2979,20 manat, 2003-cü ildə 2506,60 manat, 2004-cü ildə 2488 manat, 2005-ci ildə 1898,90 manat məbləğində vəsait ödəmişdir. - İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli etiraz məktubundan görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.2010-cu ilədək Şəki şəhəri "xxxx" MMC-də işləmiş olsa idi, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək olan müddət üçün onun aylıq gəliri və buna uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları öz əksini tapmalı idi. İş materiallarına əlavə edilmiş sığortaolunanların fərdi şəxsi hesab çıxarışından görünür ki, həmin illərdə iddiaçının fərdi hesabında heç bir məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə, iddiaçının əmək kitabçasında olan xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək Şəki şəhəri "xxxx" MMC-də işləməsini yoxlamaq mümkün olmadığına görə həmin müddəti sığorta stajına daxil edilməsi mümkün deyil. Belə olduqda isə iddiaçının sosial sığorta stajı 25 ildən az olur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli qərarı 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 109-cu bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək (11 ay 23 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək (3 il 2 ay 16 gün) X13 Birliyinin konserv sexində işlədiyi, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək (9 ay 27 gün) Bakı Tədris Kombinatında təhsil aldığı, xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək (16 il 2 ay 26 gün) Azərbaycan Respublikası "xxxx" X7 filialında işlədiyi müddətlərdir ki, bunlar cavabdeh tərəfindən mübahisələndirilmir və məhkəmə də həmin müddətləri təsdiq edən sənədlərin həqiqiliyinə şübhə etmək üçün əsas müəyyən etmədi. Sadalanan normalara uyğun olaraq, həmin müddətlər (cəmi 21 il 3 ay 2 gün) iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasında göstərilən və cavabdeh tərəfindən mübahisələndirilən, xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək olan müddətlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müxtəlif orqanlara sorğu edilərək "xxxx" müəssisəsinin dövlət qeydiyyatı barədə sənədlər əldə olundu və aşağıdakılar müəyyən edildi. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1/618 nömrəli sərəncamından görünür ki, Şəki "xxxx" Texniki Mərkəzinin xx.xx.1994-cü il tarixli 65 nömrəli məktubu və Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin xx.xx.1994-cü il tarixli 114/T nömrəli əmri nəzərə alınaraq mərkəzin bazası əsasında yaradılmış Şəki "xxxx" X2 qeydiyyatdan keçirilməsinə razılıq verilmişdir. Şəki şəhəri "xxxx" X1 görünür ki, həmin sənəd xx.xx.1999-cu ildə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin baş direktoru tərəfindən təsdiq edilmiş, xx.xx.1999cu ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin Nizamnamədən görünür ki, Şəki şəhəri "xxxx" texniki-ticarət mərkəzi Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin birbaşa tabeliyində olan müstəqil təşkilatdır, əsas fəaliyyəti radioelektron cihazlarının və avadanlığının təmirindən və s. ibarətdir, direktoru İ.B.Yusifovdur. D-9/69 nömrəli "Dövlət qeydiyyatı haqqında şəhadətnamə"dən görünür ki, "xxxx" texniki-ticarət mərkəzi ******* identifikasiya kodu ilə xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, həmin sənəd xx.xx.2002-ci ildə MMC-nin direktoru İ.B.Yusifov tərəfindən təsdiq edilmiş və xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınaraq 09-02-A1-85 nömrəli şəhadətnamə verilmişdir. "Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarış"dan və "Dövlət qeydiyyatı haqqında şəhadətnamə"dən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ******* identifikasiya kodu ilə xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC xx.xx.2002-ci ildə 09-02-A1-85 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X7 filialında işləmiş, Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin xx.xx.1994-cü il tarixli 114/T nömrəli əmri ilə Şəki "xxxx" Texniki Mərkəzinin bazasında Şəki "xxxx" Texniki-Ticarət Mərkəzi yaradılmış və Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1/618 nömrəli sərəncamı ilə Şəki "xxxx" X2 qeydiyyatdan keçirilməsinə razılıq verilmişdir. Bundan sonra xx.xx.1999-cu ildə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin baş direktoru tərəfindən həmin Birliyin birbaşa tabeliyində müstəqil təşkilat olan Şəki şəhəri "xxxx" X3 təsdiq edilmiş və həmin Mərkəz xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2002-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi təsdiq edilmiş və xx.xx.2002-ci ildə həmin MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. "xxxx" MMC hazırda da vergi ödəyicisi kimi qeydiyyatdadır. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin səkkizinci hissəsində deyilirdi ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialının arayışı ilə müəyyən edilir ki, "xxxx" MMC Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin hesabına 2002-2005-ci illərdə vəsait ödəmişdir. Belə olan halda, iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək olan müddətin xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək (məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddət) onun sosial sığorta stajına daxil edilməsinə mane olan hal yoxdur. Bu müddət iddiaçının yuxarıda qeyd olunan mübahisələndirilməyən 21 il 3 ay 2 gün sığorta stajına əlavə edildikdə, onun sığorta stajının cəmi tələb olunan 25 ildən artıq olar. Bu isə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-163/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-163/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver