Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-163/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Zaqatala rayonu Danaçı bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastrı kitabında 26.11.2009-cu il tarixdə 444 nömrə ilə uçota alınan (A 232607 nömrəli) Zaqatala rayonu Danaçı Bələdiyyəsinin 11.10.2007-ci il tarixli 15 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün satılmış 1200 kv.m həyətyanı torpaq sahəsi üzərində Zaqatala rayonu Danaçı kənd sakini İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastrı kitabında 26.11.2009-cu il tarixdə 444 nömrə ilə uçota alınan (A 232607 nömrəli) Zaqatala rayonu Danaçı Bələdiyyəsinin 11.10.2007-ci il tarixli 15 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün satılmış 1200 kv.m həyətyanı torpaq sahəsi üzərində Zaqatala rayonu Danaçı kənd sakini İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 28.07.2006-cı il tarixli ərizə ilə Zaqatala rayonu Danaşı bələdiyyəsinə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün ona 1200 kv.m torpaq sahəsinin satılmasını xahiş etmişdir. DTXK-nın Zaqatala rayon şöbəsi 04.05.2007-ci il tarixdə 155 nömrəli rəylə torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin torpaq sahəsinin sxematik planı hazırlanaraq DTXK-nın Zaqatala rayon şöbəsi və Zaqatala rayonu Danaçı bələdiyyəsi tərəfindən möhürlənərək təsdiq olunmuşdur. Satılması nəzərdə tutulan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən 20.02.2007-ci il tarixdə 200 manat və 13.11.2007-ci il tarixdə 270 manat olmaqla Zaqatala rayonu Danaçı bələdiyyəsinin kassasına ödənilmişdir. Zaqatala rayonu Danaçı bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi satılmışdır. Bundan sonra “torpaqların alqısatqısına dair” akt tərtib edilərək Zaqatala rayonu Danaçı bələdiyyəsi və İddiaçı tərəfindən imzalanaraq DTXK-nın Zaqatala rayon şöbəsinə təqdim olunmuşdur. Lakin həmin dövrdə iddiaçı tez-tez yaşayış məntəqəsindən kənara işləmək üçün getdiyindən sözügedən aktın tam təsdiqlənmişini DTXK-nın Zaqatala rayon şöbəsindən götürməmiş, sonradan dəfələrlə müraciət etməsinə baxmayaraq əldə edə bilməmişdir. Bununla belə DTXK tərəfindən Zaqatala rayonu Danaçı bələdiyyəsinin 11.10.2007-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə dair A232607 nömrəli plan-ölçü sənədi hazırlanmışdır. İddiaçının adından onu nümayəndəsi X2 cavabdehə müraciət edərək 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 17.08.2021-ci il tarixli **********16 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X2 etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı tərəfindən bələdiyyədən alqısatqı yolu ilə əldə etdiyi Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 0,12 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Zaqatala rayonu Danaçı bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsinin “Torpaqların alqı-satqısına dair Akt” sənədi Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü ilə təsdiq edilmədiyindən ərizənin icrası mümükün olmamamış və bu barədə iddiaçıya 18.05.2021-ci il tarixli, **********77 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısı Qaydalarının 8-ci maddəsinə əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli Qanununun 3-cü hissəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə yeni redaksiyada verilmiş (Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir) və həmin Qanun 30 noyabr 2007-ci il tarixində qüvvəyə minmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Sözügedən qanun qüvvəyə mindiyi tarixdən sonra bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Həmin Məcəllənin 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının (Yerli icra hakimiyyəti orqanının) və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, dövlət mülkiyyətində olmuş və özəlləşdirilmiş yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək məqsədi ilə yerquruluşu işləri aparmaq, həmçinin bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, habelə inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifəsinə aid edilmişdir (əsasnamənin 3.0.9-cu, 3.0.12-ci, 3.0.19-cu və 3.0.20-ci bəndləri). Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi iddiaçı və ya onun qanunla müəyyən edilmiş qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25.05.2022-ci il və 26.05.2022-ci il tarixli arayışlarla iddia ərizəsinin iddiaçı və ya notariat qaydada etibarnamə əsasında səlahiyyət verilmiş nümayəndə tərəfindən imzalanmadığı təsdiq edilmişdir. İş üzrə 26.05.2022-ci il tarixə saat 10:30-a şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bununla bağlı bildiriş tərəflərə ünvanlanmışdır. Bildirişin iddiaçıya çatıb-çatmaması barədə məlumat almaq məqsədilə iddiaçının mobil nömrəsi (***-***-**-**) ilə əlaqə saxlamaq mümkün olmadığından yaşadığı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxlanıldıqda kənd nümayəndəsi Məhəmməd Vaşiyev İddiaçı Rusiya Federasiyasında yaşadığını bildirmiş və iddiaçının atası Kamil Əliyevin ev telefon nömrəsi (***-***-**-**) ilə əlaqə saxlanılmasını tövsiyyə etmişdir. Həmin nömrəyə zəng edərək iddiaçının həyat yoldaşı ilə danışdıqda bildirmişdir ki, İddiaçı 2021-ci ilin iyun ayında Rusiya Federasiyasına getmişdir. Həmçinin iddiaçının atası Kamil Əliyev ilə telefon danışığı zamanı o da oğlunun hazırda Rusiya Federasiyasında olduğunu təsdiq etmiş, məhkəmədə qaldırılan iddia tələbinə dair məlumatı olmadığını bildirmişdir. İddiaçı 26.05.2022-ci il tarixdə məhkəmə iclasından öncə Rusiya Federasiyasına məxsus mobil operatordan məhkəməyə zəng edərək iddia ərizəsinin digər şəxs tərəfindən imzalandığını demiş, həmin şəxsə hazırda yaşadığı Rusiya Federasiyasında öz adından etibarnamə verərək bir nəfər vətəndaşla göndərdiyini qeyd etmiş, məhkəmə iclasında nümayəndəsinin və vəkilinin iştirak edəcəyini bildirmişdir. Eləcə də iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan da görünür ki, iddiaçı 16.06.2021-ci il tarixdə ölkə ərazini tərk etmişdir. İddia ərizəsini, iş materiallarında olan sənəd və arayışları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi üçün heç bir əlavə araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – “İPM”) 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə həm də hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsi faktiki olaraq İddiaçı və ya onun qanunun tələblərinə müvafiq şəkildə səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, hətta şəxsin sonradan, ona münasibətdə səlahiyyətlii olmayan şəxs tərəfindən verilmiş iddianı bəyənərək qəbul olunduğunu şifahi ifadə etməsi ehtimalında belə, irəli sürülərkən qanunvericiliklə müəyyən edilmiş imza ilə bağlı tələblərə və mümkünlük şərtlərinə cavab verməyən iddia sonradan mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Sözügedən Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iradəsini ifadə etməyən, onun tərəfindən irəli sürülmədiyi iş materialları ilə sübut olunan hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastrı kitabında 26.11.2009-cu il tarixdə 444 nömrə ilə uçota alınan (A 232607 nömrəli) Zaqatala rayonu Danaçı Bələdiyyəsinin 11.10.2007-ci il tarixli 15 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün satılmış 1200 kv.m həyətyanı torpaq sahəsi üzərində Zaqatala rayonu Danaçı kənd sakini İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-163/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-163/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver