Məhkəmə qərarları › İş №2-1(116)-163/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-163/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-163/2024 14.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, üçüncü şəxs X1, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 2 ünvanında dövlət mülkiyyətində olan 35 kv.m yaşayış evi üzərində dövlət mülkiyyət hüququnun, 8.0, 14.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.m olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel hamamdan ibarət tikililər üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1646/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1646/2023 nömrəli qərardadı ilə X4 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçıya Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə X3 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra X7 və ailə üzvlərinin adına 353 saylı order yazılmışdır. Order üzrə həyətdə 2 otaqlı 35 kv. metr sahədən ibarət mənzil vardır və həmin otaqlar həyətin girişindədir. Mənzil özəlləşdirilməmişdir. İddiaçı cavabdehə ilkin müraciətində 2 otaqlı 35 kv. metr sahədən ibarət mənzil üzərində dövlət mülkiyyət hüququnun qeydə alınması,sonradan atası tərəfindən tikildiyi iddia olunan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv. metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində mərhum atasının mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsi tərəfindən İddiaçı mübahisə predməti olan mənzilin özəlləşdirilməsindən imtina olunması barədə bildiriş təqdim edilməmişdir. İddiaçıya 3-21-3- 35/2-M-0049-8/2023 nömrəli xx.xx.2023-cü ii tarixli məktubda yalnız mənzilə dair mövcud qanunvericilikdə göstərilmiş hüquqmüəyyənedici sənədlərin təqdim olunmasından sonra icra məsələsinə baxılması bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. 353 nömrəli Orderin surətindən görünür ki, Mingəçevir şəhər XDS Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə X7 və ailə üzvlərinə Mingəçevir şəhər Topçubaşov küçəsi 6 saylı ev verilmişdir.

3. 2020011710 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Mustafa bəy Topçubaşov küçəsi ev 6 İddiaçı və X1 paylı mülkiyyətindədir.

4. Dövlət Arxivi Mİngəçevir filialının xx.xx.2019-cu il tarixli arxiv arayışı.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçı və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı ünvan 1 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsindən ibarətdir. İddia tələbi iddiaçının xx.xx.2024-cü il tarixli elektron qaydada təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən dəyişdirilmişdir.Belə ki,ilkin iddia tələbi ilə dəyişdirilmiş tələb mahiyyət etibarı ilə fərqlidir. İlkin imtina məktubu dəyişdirilmiş tələbi əhatə etmir. Yəni, əgər hüquqi maraq digər tikililərə münasibətdə mülkiyyət hüququnun mərhum atasının adına qeydə alınması ilə bağlı deyil,orderə əsasən verilmiş mənzilin özəlləşdirilməsi ilə bağlıdırsa bu zaman həmin tələbə uyğun cavabdehə müraciət edilməlidir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar