Məhkəmə qərarları › İş №2-1(116)-1630/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1630/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1630/2022 19.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşı "xx.xx.2022-ci il tarixli NA00004567 nömrəli qərarın ləğv edilməsi, Gürcüstan Respublikası X3 Universiteti tərəfindən verilmiş THTU seriyalı 000581 nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 2017-ci ildə Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbi bitirmiş və ona bu barədə xx.xx.2017-ci il tarixli E seriyalı 032589 nömrəli attestat verilmişdir. O, 2017-ci ildən 2021-ci ilədək Gürcüstan Respublikası X3 Universitetində əyani təhsil almış, həmin Universitetin İqtisadiyyat, biznes və idarəetmə fakültəsinin xx.xx.2021-ci il tarixli 17 nömrəli qərarı ilə ona Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçı adına həmin Universitet tərəfindən xx.xx.2021-ci il tarixli, 0582 qeydiyyat nömrəli, THTU seriyalı 000581 nömrəli diplom tərtib edilmişdir. Həmin diploma Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Xidmətin İnkişafı Agentliyi tərəfindən xx.xx.2021-ci ildə **********65377 nömrəli apostil verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, xarici ali təhsil ixtisasının tanınmasını xahiş etmiş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kvalifikasiyaların Tanınması Departamentinin Kvalifikasiyaların tanınması şöbəsi xx.xx.2022-ci il tarixli ekspert rəyi verərək bildirmişdir ki, İddiaçı təhsil aldığı ölkədə 1-ci ildə 1 ay 17 gün, 2-ci ildə 1 ay 7 gün, 3-cü ildə 28 gün olmuş, 3-cü ilin 2-ci semestri və 4-cü il pandemiya dövrünə təsadüf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.2-ci yarımbəndinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənnlərdən akademik borcu qaldığı halda, kredit sayı az ola bilər) kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və ya auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən, ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30 saatdan çox olmamalıdır. Ekspert rəyində nəticədə müəyyən edilmişdir ki, İddiaçı təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü yerinə yetirməsi mümkün deyildir və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli NA00004567 nömrəli "Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərar"ı ilə İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Həmin qərar belə əsaslandırılmışdır ki, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli NA00004567 nömrəli qərarın ləğv edilməsi və Gürcüstan Respublikası X3 Universiteti tərəfindən verilmiş THTU seriyalı 000581 nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, 2017-ci ilin avqust ayında attestatla Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən X3 Universitetinə daxil olmuş, 2017-ci ilin sentyabr ayından əyani olaraq həmin Universitetdə dərsə başlamışdır. 2021-ci ilin iyul ayında sonuncu imtahanını verərək İV kursu bitirmiş və ona həmin Universitet tərəfindən bakalavr diplomu verilmişdir. Həmin diplomu vermiş Universitet rəsmi saytda ölkənin tanıdığı təhsil müəssisələrindən biri olaraq beynəlxalq standartlara cavab verən təhsil verməkdədir. Lakin Təhsil Nazirliyi qeyd olunan halları nəzərə almadan onun diplomu üzrə ixtisasını tanımaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək cavabdeh kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyini göstərmişdir. İddianın dəyişdirilməsi məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında öz imtinasının dəlillərinə istinad etmiş və bildirmişdir ki, cavabdeh iddiaçının müraciətinə baxaraq onun təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını (2017/2018-ci tədris ili üzrə - 1 ay 17 gün, 2018/2019-cu tədris ili üzrə - 1 ay 7 gün, 2019/2020-ci tədris ili üzrə - 28 gün, 2020/2021-ci tədris ili üzrə - pandemiya dövrü) müəyyən etmişdir. Sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması aşkar edilmiş və bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2017-ci il tarixli E seriyalı 032589 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 2017-ci ildə Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbini bitirmişdir. - İşdə olan, X3 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli, 0582 qeydiyyat nömrəli, THTU seriyalı 000581 nömrəli "Diplom"dan görünür ki, o, həmin Universitetə 2017-ci ildə daxil olmuş, İqtisadiyyat, Biznes və İdarəetmə fakültəsinin xx.xx.2021-ci il tarixli 17 nömrəli qərarı ilə ona biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kvalifikasiyaların Tanınması Departamentinin Kvalifikasiyaların tanınması şöbəsi xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü yerinə yetirməsi mümkün deyil və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1.0-cı maddəsinə görə, bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.1-ci maddəsinə görə, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.1-ci bəndinə görə, bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7-ci bəndinə görə, ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Hazırkı mübahisə Gürcüstan Respublikası X3 Universitetini bitirməsinə dair həmin Universitet tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli THTU seriyalı 000581 nömrəli diplom üzrə ixtisasın cavabdeh tərəfindən tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi ilə bağlıdır. İş materiallarına əlavə edilmiş "Diploma əlavə"də iddiaçının əyani təhsil formasında təhsil aldığı və tədris yükünü mənimsədiyi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı təhsil aldığı ölkədə 2017/2018-ci tədris ilində 44 gün, 2018/2019-cu tədris ilində 47 gün, 2019/2020-ci tədris ilində 27 gün (cəmi 118 gün) olmuşdur. Məhkəmə hesab edir ki, 118 gün ərzində iddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü mənimsəməsi ağlabatanlıq kriteriyası baxımından qiymətləndirildikdə, iddiaçının təhsil aldığı ölkədə olduğu həmin qısa müddət ərzində onun tədris normativlərini yerinə yetirməsi inandırıcı sayıla bilməz. Eyni hüquqi mövqe oxşar məzmunlu başqa inzibati işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-43/2022 nömrəli xx.xx.2022-ci il tarixli, 2-1(102)-377/2022 nömrəli xx.xx.2022-ci il tarixli, 2-1(102)- 682/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə müəyyən edilmiş halları dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına və qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşı "xx.xx.2022-ci il tarixli NA00004567 nömrəli qərarın ləğv edilməsi və Gürcüstan Respublikası X3 Universiteti tərəfindən verilmiş THTU seriyalı 000581 nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar