Məhkəmə qərarları › İş №2-1(116)-1630/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1630/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1630/2025 03.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə qarşı “ daşınmaz əmlaka yeni qaydalarla çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Göyçay rayonu, Potu kəndində yerləşən üzərində 4 otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evinin onun adına tanınması və müvafiq reyestr məlumatları daxil edilməklə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2-1(116)-1630/2025 nömrəli qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsilə əvəz edilmişdir. İddiaçı xx.xx.2026-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Göyçay rayonu, Potu kəndində yerləşən üzərində dörd otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evinə İddiaçı ilkin hüquqmüəyyən edici sənədlərinin (qeydiyyat şəhadətnaməsi və texniki pasport) olması əsası ilə yeni qaydalarla çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Göyçay rayonu, Potu kəndində fərdi yaşayış evi üzrə əvvəllər tanınmış hüququn dövlət qeydiyyatı ilə bağlı ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Göyçay rayon X2 və Mülkiyyət Hüuqqularının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsi əsas sənəd kimi təqdim olunmuşdur. Araşdırma zamanı Göyçay rayon Potu kəndində yerləşən fərdi yaşayış evinə dair Göyçay X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumatın aşkar olunmadığı bildirilmişdir. Göstərilənlərə görə əsassız olaraq, Göyçay rayon Potu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Göyçay rayonu, Potu kəndində yerləşən üzərində dörd otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evi İddiaçı adına rəsmiləşmişdir. Bundan əlavə sözü gedən qeydiyyat vəsiqəsi Göyçay rayon İcra Hakimiyyəti başçısının 273 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə də mülkiyyətə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli inventar nömrəsi 567 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu da İddiaçı təqdim edilmişdir. Sözügedən hər iki hüquq müəyyənedici sənədin mövcud olduğu bir halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tam əsassız olaraq müraciətə imtina vermişdir. İddiaçı hesab edir ki, tələbi tam əsaslıdır və təmin edilməlidir.”. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh nümayəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 05.04.2005-ci il tarixli 567 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Göyşay rayonu Potu kəndində yerləşən 4 otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

3. 11.07.2024-cü il tarixli 366 nömrəli arayışın surəti.

4. 28 nömrəli qeydiyyat vəsiqəsinin surəti.

5. JN-273F kod 40812018 seriya nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə 0.27 hya torpaq sahəsi verilmişdir.

6. Milli Arxiv İdarəsi X5 filialının xx.xx.2025-ci il tarixli məktubunun surəti.

7. Göyçay rayonu İcra Hakmiyyəti başçısının xx.xx.1992-ci il tarixli 273 nömrəli sərəncamının surəti. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən üzərində dörd otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evi inşa edilərək İddiaçı adına 01 nömrəli reyestr kitabında 01-cı səhifədə 567 reyestr nömrə ilə qeyd alınmış, 02 iyun 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilərək verilmiş, lakin cavabdeh yeni tipli çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh imtinasının əsası kimi xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmamasına, həmçinin sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə aid heş bir hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı adına Göyçay rayonu, Potu kəndində yerləşən üzərində 4 otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evinə dair həmin dövürdə buna səlahiyyətli olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 02 iyun 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi tərtib edilərək verilmişdir. Sözügedən fərdi yaşayış evini naturada mövcuddur, onun rekonstruksiya olması müəyyən edilmir. Belə ki, iş üzrə əldə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “ iddia olunan fərdi yaşayış evi naturada mövcuddur. Həmin tikili aprel 2005- ci il tarixli 567 nömrəli texniki posportda göstərilən eskizə uyğundur. Torpaq sahəsi sənəd üzrə 0.3530 ha kimi göstərilib. DVJ məlumatlarında sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 273F nömrəli Şəhadətnamə ilə üst üstə düşür. Daxili hündürlük l mərtəbə 2.50 m , İl mərtəbə 2.80 m, Torpaq sahəsi xüsusi mülkiyyət kimi yaşayış məntəqələri torpaqları və həyətyanı kateqoriyasında göstərilib. Həmin evin texniki göstəriciləri aprei 2005-ci ii tarixli, 567 inventar nömrəli yaşayış evinin texniki pasportunda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur.”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisəyə münasibətdə həlledici amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına tərtib olunmuş 01 nömrəli reyestr kitabında 567 inventar nömrə ilə qeyd alınmış, 02 iyun 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Bu halda, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, cavabdeh iddiaçının adına edilmiş Reyestr kitabında İnv. 567, Qeyd , kitab 01 yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 mart 2019-cu il tarixli 1545- VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.7-ci bəndinə əsasən 12.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.”. Göründüyü kimi 29 mart 2019-cu ildən etibarən kağız formada verilmiş çıxarış əvəzinə hüquq sahibinə elektron formada çıxarış təqdim edilir. Hüuqu sahibi olan iddiaçının tələbidə artıq qeydə alınmış hüquqlarını təsdiq edən çıxarışın yenilənməsi ilə bağlıdır. Bu halda qeydiyyat vəsiqəsi ilə bağlı arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmaması heç bir halda mülkiyyətçi olan iddiaçının yeni tipli çıxarışın alınmasında maneə ola bilməz. Yuxarıda da göstərildiyi kimi həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. Analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-423/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki, “38. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş icarə hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il iyulun 6-dək qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən iddiaçının adına aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından, hazırkı mübahisəyə münasibətdə iddiaçının marağı hüququnun təkrar qeydiyyatının aparılması mənasında qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir.”. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunla müəyyən edilmiş şərtlərə əsaslanmadığından, iddiaçının tələbi isə qanuni olduğundan iddia təmin edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 28 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Göyçay rayonu, Potu kəndində yerləşən üzərində dörd otaqlı ümumi sahəsi 91,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr fərdi yaşayış evinə dair İddiaçı yeni nümunəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar