Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1634/2025 24.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “JN-041B kod 90315005 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,11 ha torpaq sahəsinin üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisindən verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinə görə iddiaçının və digər 3 nəfər ailə üzvlərinin adına verilmiş seriya nömrəsi JN-041B kod 90315005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “verilən torpaq sahəsinin planı və ölçüsü” hissəsində sərhədlərin mövcud faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəlişlərin aparılması torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını elektron xəritə bazasında mövcud vəziyətə uyğunlaşdırılması və adlarına qeydə alınması öhdəliyinin cavadehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı 24 dekabr 2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsini dəqiqləşdirərək “JN- 041B kod 90315005 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,11 ha torpaq sahəsinin üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə xahiş etmişdir.Ərizə məhkəmənin iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İddiaçı ərizəsini aşağıdakı kimi əsaslandırmışdır : Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisindən iki evdən ibarət 0,3159 ha və 0,3159 ha torpaq sahəsi verilmişdir və bu barədə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim olunmuşdur. 0,3159 ha torpaq sahəsinin hazırkı vəziyyəti ondan ibarətdir ki, həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, orada meyvə və tərəvəz məhsulları əkilir, torpaq sahəsinin döngə nöqtələri elektron bazada düzgün göstərilməmişdir. Cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququ əsasında düzəlişlərin aparılması barədə müraciətinə xx.xx.2024-cü il tarixli, 3-21- 3-35/2-390/2024 saylı məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtinanın səbəbi kimi göstərilmişdir ki, torpaq sahəsi üzrə elektron kadastr bazasında mövcud vəziyyətin dəyişdirilməsi üçün əlavə hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Halbuki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı və JN-041B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mənim torpaq sahəsinə dair mülkiyyət hüququmu təsdiq edən əsas hüquqmüəyyənedici sənədlərdir. Torpaq sahəsinin plan və ölçüsündə, habelə elektron kadastr bazasında torpaq sahəsinin döngə nöqtələrinin mövcud faktiki istifadə vəziyyətinə uyğun olaraq dəqiqləşdirilməsi qanunvericiliyin tələblərinə zidd deyildir və mənim mülkiyyət hüququnun həyata keçirilməsi üçün zəruridir. Cavabdehin iddia tələbinə etirazını aşağıdakı məzmunda əsaslandırılmışdır : İddiaçı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı və JN-041B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisində iddiaçının və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsi üzərində yenidən inventarlaşdırma işlərinin aparılmasının, “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə” (cizgisində) düzəlişlərin edilməsini, yəni elektron kadastr baza məlumatlarında cizgi hissəsində sərhədlərin faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəlişlərin aparılmasını, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını elektron xəritə bazasında mövcud vəziyyətə uyğunlaşdırılaraq iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə köməklik göstərilməsi ilə bağlı ərizə ilə müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. İddiaçıya bildirilmişdir ki, üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmalı olan torpaq sahəsində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, bəyan olunan hüquqlarla kadastr məlumat bazasında saxlanılan məlumatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində JN-041A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış 0.3159 ha torpaq sahəsi (vahid daşınmaz əmlak kimi) ilə JN-041B nömrəli şəhadətnaməyə məxsus torpaq sahəsinin elektron xəritə baza məlumatlarına əsasən yerləşdiyi yerlər fərqlidir. Yəni, həmin torpaq sahəsi ilə yanaşı deyil, tam fərqli bir ərazidə yerləşir. Faktiki istifadəçilik vəziyyəti ilə şəhadətnamə arasındaisə 500 metr ara məsafəsi vardır. Şəhadətnamədə görsədilən ərazidən isə başqa mülkiyyətçi istifadə edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmədə iştiraklarını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı;
2. JN-041B kod 90315005 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə
3. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı və ona əlavə olunan sənədlər;
4. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunan sənədlər
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı JN-041B kod 90315005 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,11 ha torpaq sahəsinin üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyət hüququna dair çıxarış verilməsindən ibarətdir. Cavabdeh iddiaya qarşı dəlilini qeyd olunan torpaq sahəsi ilə JN-041B kod 90315005 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin yerinin uyğunsuzluğu ilə əsaslandırmışdır. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi aqrar islahat nəticəsində mülkiyyətə verilmişdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, İddiaçı və qeyrilərinə JN-041B kod 90315005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,11 ha torpaq sahəsinin naturada faktiki sahəsi 0,14 ha, təyinatı – yaşayış məntəqələrinin torpaqları, uqodiyası – həyətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi – İddiaçıdur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi JN-041B kod 90315005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Aparılmış çöl-ölçmə işləri və elektron kadastr baza məlumatlarına (DWJ və TEKUİS) əsasən müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin bir hissəsi qonşu torpaq sahələri ilə üst-üstə düşür. Üst-üstə düşən hissələrin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında ətraflı göstərilmişdir. Aparılmış baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi tam qapalı həyətyanı sahə hesab edilmir, sahənin sərhədləri bütün tərəflərdən hasarla əhatə olunmamışdır. Göründüyü kimi iddia olunan torpaq sahəsi ilə JN-041B kod 90315005 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları eyni deyildir.Sənəddə göstərilən torpaq sahəsi tamamilə başqa şəxsin həyətinin koordinatlarını əhaət edir. Aqrar islahat zamanı isə şəxslərin mülkiyyətinə qanuni istifadələrində olan torpaq sahələri verilmişdir.Bu baxımdan da Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin deyil,faktiki istifadə edilən torpaq sahsəinin ümumi birgə mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi aşağıdakı qaydada təsbit edilmişdir.
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 19. Yaşayış məntəqələrinin hüdudları (sərhədi)
1. Yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.
2. Yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir. Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə AN 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə mövcud uyğunsuzluğa münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından TEKUİS-ə əsasən uyğunsuzluqların aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir..
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. JN-041B kod 90315005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,11 ha torpaq sahəsinin üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavadeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.