Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1637/2024 12.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçını vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx xxxxxxxx 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, 2001-ci ilin yanvar ayından 2002-ci ilin iyul ayına kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. Hərbi xidmətini başa çatdırdıqdan sonra müxtəlif işlərdə işləmiş, 2010-cu ildən “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində sürücü vəzifəsində işləməyə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanılarkən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fizuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Göstərilən tarixlərdə o, ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl. Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X4 Mərkəzinə daşınmasında iştirak etmişdir. Bütün bu qeyd edilənlər işin mübahisəsiz halı olmaqla təqdim etdiyi bütün sənədlərlə tam təsdiqini tapmışdır. Daha sonra o “müharibə veteram" adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona göndərilmiş 24 may 2022-ci ii tarixli, ***-**** nömrəli məktubda göstərilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteram" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona vermiş olduğu imtina ilə qətiyyən razılaşmır. Belə ki, onun bütün sənədləri müharibə vaxtı döyüş əməliyyatlarında iştirak etməyini tam şəkildə təsdiq edir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı, Müdafiə Nazirliyinin döyüş əməliyyatlarını aparan hərbi hissəsində xidmət etmədiyi üçün “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməmişdir. İddiaçı, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə (Füzuli şəhərinə) ezam edilmişdir. İnzibati iş materiallarında olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təqdim etdiyi 20 nəfər sürücünün siyahısında iddiaçının adı ilə yanaşı X1 adı da qeyd edilmişdir. Analoji iş üzrə X1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərarların surəti Hüquq idarəsinin göndərdiyi xx.xx.2024-cü il tarixli məktubla Komissiyaya təqdim edilmişdir. Odur ki, formalaşamış məhkəmə təcrübəsini nəzərə alaraq lüzumsuz məhkəmə çəkişməsinin və vaxt itkisinin qarşısının alınması məqsədilə mübahisənin məhkəmədən kənar həlli mümkün olduğundan iddiaçının müraciətinə yenidən baxılaraq müvafiq qərarın qəbul edilməsi barədə Hüquq İdarəsinə Şəki İnzibati Məhkəməsinə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, ötən müddət ərzində cavabdeh orqan tərəfindən onların müraciətlərinə yenidən baxılması ilə əlaqədar hər hansı icraat aparılmamış və tələbləri təmin olunmamışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli imtina məktubu, AO ******* №-li Hərbi Bilet, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X4 Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 157 nömrəli məktubu, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2020-ci il tarixli 2624 nömrəli əmrindən çıxarış, Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubu, Şəki şəhər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Tələbnamə, Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2024-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Cavabdeh orqan ilkin imtina məktubunda iddiaçının Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda analoji işə uyğun mübahisənin məhkəmədən kənar qaydada müsbət həllinin mümkünlüyünü bəyan etsə də, ötən müddət ərzində iddiaçının müraciətini təmin etməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alaraq məhkəmə qeyd edir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müvafiq Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı adı verilir. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Hazırkı iş üzrə işin halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Təcili və X3 Stansiyasının sürücüsü vəzifəsində işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 - Füzuli şəhərinə ezam olunmuşdur. “X4 Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 157 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X4 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Sadalanan hallar iş materiallarında olan ezamiyyə vərəqəsi, həmçinin yol vərəqəsində qeyd edilmiş məlumatlarla sübuta yetirilir. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 33-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəfindən cavabdeh orqanın inzibati praktikasının və iddiaçının tələbinin təmin olunmasından imtinasının faktiki hallarının yoxlanılması məqsədilə cavabdeh orqana dəfələrlə sorğular göndərilmiş, lakin cavabdeh orqan məhkəmənin sorğularına mahiyyəti üzrə cavab verə bilməmişdir (cavabdeh orqan iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmədiyini əminliklə bildirə bilmir). Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.