Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1638/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-502/2016 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinatına görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986.80 manat məbləğində pul məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 05.0.8.2021-ci il tarixdə iddiaçının əmək haqqından 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq cəmi 1303.25 manat pul məbləği "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı həmin məbləğin fərdi hesabında əks etdirilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını, Həmin vəsaitin "xxxx" ASC-nin 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarında qeyd olunmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-502/2016 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinatına görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986.80 manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 10216/2016 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-502/2016 nömrəli qətnaməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2528/17 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2021-ci il tarixli (OD4) ödəniş tapşırığından görünür ki, iddiaçının əmək haqqından 22 faiz (1146,86 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli (OD5) ödəniş tapşırığından görünür ki, iddiaçının əmək haqqından 3 faiz (156.39 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. İş materiallarından göründüyü kimi iddiaçının fərdi hesabında əks etdirilməsini tələb etdiyi 1303.25 manat pul məbləği xx.xx.2021-ci il tarixli (OD4 və OD5) ödəniş tapşırıqlarında qeyd edilmiş, 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin hesabından cavabdehin hesabına köçürülmüş pul məbləğidir (1146,86 + 156.39 manat). Həmin vəsaitin "xxxx" ASC-nin 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarında qeyd olunmaması ilə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin vəsaitin müvafiq hesabatlarda əks olunubolunmamasından asılı olmayaraq, hər bir halda iddiaçıya ödənilməli olan pul məbləğindən tutulması və cavabdehin hesabına köçürülməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqanın sözügedən vəsaitin 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda öz əksini tapmalı olması ilə bağlı tələbi mahiyyətcə əsassız tələbdir. Belə ki, iddiaçı haqlı olaraq bildirir ki, həmin vəsait məhkəmə qətnaməsinin icrası qaydasında xx.xx.2021-ci ildə cavabdehin hesabına köçürüldüyündən, 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş hesabatlarda öz əksini tapması ümumiyyətlə mümkün ola bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı, sözügedən vəsaitin fərdi hesabında əks etdirilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının İddiaçı **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.