Məhkəmə qərarları › İş №2-1(116)-1638/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1638/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1638/2025 21.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Şəki bələdiyyəsi cəlb olunmaqla) «torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclasının protokolu (qərarı) ilə hazırkı İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Tikinti və memarlıq şöbəsinin və DTXK Şəki rayon şöbəsinin müvafiq razılıq məktubları nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 4 noyabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli qərardadı ilə Şəki bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, ona bələdiyyənin qərarı ilə torpaq ayrılarkən sahənin ilkin torpaqayırma sənədləri və müvafiq akt tərtib edilmiş, ayrılması nəzərdə tutulan sahənin sxemi şəhərin baş memarı tərəfindən təsdiqlənmiş, sxemdə göstərilən sahənin ona ayrılmasına DTXK Şəki rayon şöbəsinin və Şəki ŞİH başçısı Aparatının Tikinti və memarlıq şöbəsinin razılıq (etiraz etməmək barədə) məktubları alınmışdır. Torpaq sahəsi ona ayrılan vaxtdan bu günədək onun sahibliyində və istifadəsindədir, hər il bələdiyyəyə vergi ödəyir. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurumun mövqeyi belədir ki, İddiaçı Şəki bələdiyyəsinin qərarı ilə ona satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin «Torpaqların alqı-satqısı Qaydaları»na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizəçiyə 4 noyabr 2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2 və 9.6cı maddələrinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsaslanaraq, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması mümkün olmamışdır. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Şəki bələdiyyəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilmişdir ki, ünvan 2 İddiaçı ərizəsi, şəhərin baş memarının 22 oktyabr 2007-ci il tarixli 698/1022 nömrəli rəyi, DTXK Şəki rayon şöbəsinin 25 oktyabr 2007-ci il tarixli 3341 saylı rəyi və digər sənədlər nəzərə alınaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclasının 83 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fondundan 118-ci kvartalda yerləşən 600 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra DTXK Şəki rayon şöbəsinə müraciət olunmadığından, alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildə DTXK ləğv edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin o vaxt Şəki bələdiyyəsi tərəfindən müəyyən edilmiş dəyəri bələdiyyənin bank hesabına tam ödənilmişdir. Şəki bələdiyyəsinin yuxarıda qeyd edilən iclas protokolu və protokola əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət X3 təhvil verilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq, İddiaçı iddiasına Şəki bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və qanunamüvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şəki rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 11 saylı iclasının protokolu (qərarı) ilə satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarından görünür ki, Şəki ŞİH başçısının Aparatının Tikinti və memarlıq şöbəsi Şəki bələdiyyəsinə ünvanlanmış rəyində aşağıdakıları bildirmişdir: - ünvan 4 ünvanda yaşayan İddiaçı şəhərin 118-ci kvartalından fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Şəki ŞİH başçısı Aparatına daxil olmuş məktubu araşdırılmış, həmin torpaq sahəsinə baxış keçirilmişdir. Əlaqədar idarə və təşkilatların razılığı, layihə-smeta sənədləri şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra sxemdə göstərilən ərazidən İddiaçı fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz olunmur. İş materiallarından görünür ki, DTXK Şəki rayon şöbəsinin ünvan 7 ünvanında yaşayan İddiaçı şəhərin 118-ci kvartalından 600 kv.m fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş ilkin torpaqayırma sənədləri bələdiyyəyə göndərilmiş və ayrılmış torpaq sahəsinə hüquqi sənəd alınaraq dövlət qeydiyyatından keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz olunmadığı bildirilmişdir. İş materiallarında olan Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarının surətindən görünür ki, Şəki şəhər sakini İddiaçı Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclasının protokolu (qərarı) ilə fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan – 118-ci kvartaldan 0,06 ha torpaq sahəsi satılmışdır. Məhkəmənin müvafiq müraciətinə əsasən iş üzrə DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - İddia olunan torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir və faktiki 0,06 ha olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtob edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarında Şəki bələdiyyəsinə aid, yaşayış məntəqələri torpaqları daxilində tikilialtı torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü sənəd üzrə olan torpaq sahəsinin ölçüsü ilə eynilik təşkil edir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Şəki bələdyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclasının protokolu (qərarı) 600 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı protokoluna (qərarına) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 600 kv.m torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair DTXK-nın yerli şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt” təqdim edilməmişdir. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Şəki bələdiyyəsinin mötəbər sayılan 26 oktyabr 2007-ci il tarixli 12 saylı protokoluna (qərarına) əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqısatqısına dair akt”ı tərdiq olunmasa da, həmin aktı tərtib etməli olan qurumların, yəni Şəki bələdiyyəsinin və DTXK Şəki rayon şöbəsinin bununla əlaqədar qabaqcadan alınmış mövqeləri məlum olmuşdur və bu mövqelər razılıq əlamətləri daşımış və alqı-satqı aktının növbəti qısa müddət ərzində tərtibinə və təsdiqlənməsinə yönəlmişdir. Bu aktın təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun (qərarının) qəbulu üzrə alqı-satqı aktının tərtib olunmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Şəki bələdiyyəsinin 26 oktyabr 2007ci il tarixli 12 saylı iclas protokolu (qərarı) ilə ona satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokoluna (qərarına) əsasən satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokoluna (qərarına) əsasən satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 9legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar