Məhkəmə qərarları › İş №2-1(116)-164/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-164/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-164/2021 16.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hüququnun yarandığı tarixdən xx.xx.2020-ci ildən əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı "xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində məhkum kimi cəza çəkdiyi müddətdə Ağdam Rayonu Üzümçülük Sovxozunda işləmişdir. O, pensiya yaşına çatdıqda yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin onun əmək stajı 25 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün olmamış, bildirilmişdir ki, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək işlədiyi illərə görə əmək haqqının verilməsi barədə arayış təqdim edərsə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olacaqdır. İddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilməmişdir. Buna görə də onun müraciətinin icrası mümkün olmamışdır. Bundan sonra, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək hüququnun yarandığı tarixdən xx.xx.2020-ci ildən əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, iddia mümkün sayılmamalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, yaşa görə əmək pensiyası yaşına (64 il 6 ay) xx.xx.2020-ci ildə çatmışdır. Qanunun tələbinə əsasən, ona həmin yaşa çatdığı vaxt yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da onun azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının sığorta stajı hesablanarkən müəyyən edildi ki, onun əmək kitabçasında göstərilən müddətlər və hərbi xidmət keçdiyi müddət cavabdeh tərəfindən mübahisələndirilmir, məhkəmə də həmin müddətlərin sığorta stajına daxil edilməməsi üçün heç bir səbəb görmür. İşdə olan, NT-İ seriyalı ******* nömrəli əmək kitabçasının və НЗ seriyalı ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, iddiaçının iş illəri ümumilikdə 22 il 4 ay 15 gün, hərbi xidmət keçdiyi müddət isə ümumilikdə 2 il 3 ay təşkil edir. Göründüyü kimi, iddiaçının sosial sığorta stajının cəmi (22 il 4 ay 15 gün+2 il 3 ay) 24 il 7 ay 15 gün təşkil edir ki, bu da yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il müddətdən azdır. Onun iddia etdiyi kimi, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi halda, onun sığorta stajının cəmi 25 ildən artıq olar və bu ona yaşa görə əmək pensiyası təyin edilməsinə imkan yaradar. Lakin hazırda iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmə tərəfindən bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Ağdam Rayon Dövlət Arxivinə edilmiş xx.xx.2021-ci il tarixli sorğular da səmərə verməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 13.1-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək əmək fəaliyyəti barəsində sənədləri əldə edə bilmədiyinə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadığına görə yuxarıda göstərilən normalara uyğun olaraq, o, həmin müddətdə işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edə bilər. Onun həmin ərizəsi təmin ediləcəyi halda, qeyd olunan müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yenidən müvafiq inzibati orqana müraciət edə bilər. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaq üçün hüquqi müdafiə vasitələri tükənməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, onun hazırkı iddiası mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hüququnun yarandığı tarixdən xx.xx.2020-ci ildən əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar