Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-164/2023 06.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “**********18-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatların dürüstləşdirilməsi və yeni plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı Tanrıqulular kəndində, keçmiş “hamamın həyəti” deyilən yeri - 0,12 ha torpaq sahəsini yerli Bələdiyyədən xx.xx.2002-ci il tarixində xüsusi mülkiyyətə almış və torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində saxlanılan X5 kitabında xx.xx.2007-ci ildə uçota alınmışdır. Lakin sonralar cavabdeh tərəfindən verilmiş **********18-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya 0,12 ha torpaq sahəsinin sərhədləri və koordinatları düzgün tərtib edilməmişdir. Həmin keçmiş “hamamın həyəti” deyilən yer X2 2007-ci ildə iddiaçının həyətyanı torpaq sahəsinə daxil idi. İddiaçının nümayəndəsi hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********59 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınarkən fərdi yaşayış evinin texniki pasportu həyətyanı torpaq sahəsinin mövcud vəziyyətə uyğun fiziki sərhədləri və DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastrı planında göstərilən cizgiyə əsasən tərtib olunmuşdur. DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin kadastrı planında döngə nöqtələrinin koordinatlarında hər hansı bir düzəlişin və ya kadastr planının ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********28 nömrəli etiraz məktubunda iddiaçının nümayəndəsinə ünvanlandığı imtina məktubunda göstərilənləri əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı, iddiaçının nümayəndəsi Aslan Əhmədov və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, “**********18-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Aslan Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçının nümayəndəsi Aslan Əhmədov məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000047 nömrəli “Torpaq sahəsinin kadastr planı”nın surətindən görünür ki, Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 09 nömrəli qərarı ilə 1200 kv.m torpaq sahəsi həyətyanı məqsədilə İddiaçı verilmişdir. Sənəd X5ı kitabında xx.xx.2007-ci il tarixdə 207-ci nömrə ilə uçota alınmışdır. MA seriyalı, ******* nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərinə inşa olunmuş fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. **********18-10301 reyestr nömrəli daşınmaz əmlaka dair fərdi yaşayış evinin xx.xx.2011-ci il tarixdə 133 inventar nömrəsi ilə texniki pasportu tərtib edilmişdir. Texniki pasportun surəti iş materiallarına əlavə olunmuşdur. Cavabdeh tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023cü il tarixdə işə əlavə olunmuş: Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 27 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Tanrıqulular bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 27 nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin dəyəri xx.xx.2006-cı il tarixli, 68 nömrəli qəbzlə iddiaçı tərəfindən ödənilmişdir. Akt xx.xx.2006-cı il tarixdə 864-cü nömrə ilə DTXK-nın Yevlax rayon şöbəsində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********00 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi və istifadəçisi İddiaçı, **********18 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X5ı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906- İVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 6 mart tarixli 120 nömrəli, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 18 mart tarixli 487 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015 Fərmanının 2.1-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “X5ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir... 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Məhkəmə tərəfindən aparılan araşdırma, iş materiallarına əlavə edilmiş sənədlər və mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar olmaqla **********18 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçıya məxsus fərdi yaşayış evinin xx.xx.2011-ci il tarixli 133 inventar nömrəli texniki pasportunda göstərilən torpaq sahəsinin planı iddiaçıya ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planına) uyğun hazırlanmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında dinlənilmiş mütəxəssis X3 izahatında bildirmişdir ki, iddiaçının fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin planı hissəsi iddiaçıya ilkin torpaqayırma sənədlərində göstərilən şəkildə tərtib edilməmişdir. Beləliklə, qeyd olunmalıdır ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh inzibati orqan tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Lakin cavabdeh tərəfindən texniki pasportun tərtib edilməsi zamanı səhvə yol verilmişdir. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədinə uyğun tərtib etmək və yol verilmiş yanlışlıqları aradan qaldırmaq qanunverici tərəfindən cavabdehin əsas vəziflərinə aid edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə **********18-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyi qoyulmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə **********18-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-164/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-164/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver