Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1646/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə, mənzillə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İsmayılov X1 şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mənzil növbəsinə götürülmə, mənzillə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respunblikası Silahlı Qüvvələrinin baş gizir rütbəli ehtiyatda olan hərbi qulluqçusuyam. xx.xx.2000-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2022-ci il tarixində “Hərbi Xidmətkeçmə haqqında Əsasnaməmin 156-ci maddəsinin “a" bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra daimi yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Qeyd edir ki, öz evi yoxdur, iddiaçının və ailə üzvlərinin adına daşınmaz əmlak yoxdur, sosial ipoteka krediti də almamış, hazırda kirayədə yaşayırlar. Qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları daimi yaşayış sahəsi olmayan hərbi qulluqçuları ehtiyata və istefaya buraxıldıqdan sonra mənzil uçotuna götürməli, mənzillə təmin etməli və onlara mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini ödəməlidirlər. İddiaçı da bu məqsədlə cavabdehə yazılı şəkildə müraciət etmiş, cavabdeh Zaqatala rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 5/8651- 30 nömrəli məktubda qeyd olunur ki, “ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qəranının müvafiq qaydalarına uyğun olaraq kirayə pulunun ödənilməsi Zaqatala rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Cavabdehin bu mövqeyi ilə razılaşmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh, xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı 2022-ci il 10 iyun tarixdə RİH-ə təqdim olunmuş ərizəsində 2000-ci ilin iyun ayından 2022-ci ilin mart ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra xidmət müddəti başa çatdığına görə ehtiyata buraxıldığı bildirilərək, mənzil kirayə xərclərinin ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində isə tələbi mənzil növbəsinə uçotuna götürülmə, mənzil alanadək müvəqqəti mənzili kirayəsi xərcləri ilə təmin olunmaqdan ibarətdir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi 1979-cu il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmət keçmə haqqında “ Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı şəxsiyyət vəsiqəsində yaşayış yeri Goranboy rayonu N nömrəli hərbi hissə qeyd olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Yuxarıda qeyd olunanlara məcmu halında əsaslanaraq İddiaçı mövcud iddia tələbini qanunsuz və əsassız hesab edirlər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon bölməsinin xx.xx.2022-ci il tarixli 300 nömrəli arayışından görünür ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək baş gizir rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin tələbinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında xidmət müddəti başa çatan hərbi qulluqçular göstərilməmişdir. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Həmin normalardan göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ehtiyata və ya istefaya buraxılmış bütün şəxslər üçün deyil, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı isə yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə yox, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə, mənzillə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.