Məhkəmə qərarları › İş №2-1(116)-1647/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1647/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1647/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "Cavabdehndə birinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinin hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2019-cu ildən müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1989-cu ildə Qəbələ rayon Yenikənd kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.2010-cu ildə X4 ilə nikah bağlamış və bu nikahdan onların xx.xx.2011-ci ildə X1, xx.xx.2014-cü ildə isə X2 adlı uşaqları doğulmuşdur. İddiaçı xx.xx.2006-cı ildə "Anadangəlmə katarakta" diaqnozu ilə "Uşaqlıqdan görməməyə görə" səbəbindən ömürlük birinci qrup əlillik təyin edilmiş, onun əmək qabiliyyətini itirdiyi və kənar şəxsin köməyinə ehtiyacının olması müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı ildən etibarən "Ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu ildə Cavabdehnə ərizə ilə müraciət edərək, birinci qrup ömürlük gözdən əlil olduğunu, ailəli olmaqla iki övladının olmasını, övladlarından birinin də gözdən əlil olduğunu, yaşamağa evləri olmadığına görə hal-hazırda qohum evində müvəqqəti məskunlaşdıqlarını, şəraitlərinin çox ağır olmasını bildirmiş və özünün əlillərin ümumşəhər ev növbəsinə götürülməsini xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli 2/949/T-5-068 nömrəli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, müraciət araşdırılan zaman onun anadangəlmə katarakta xəstəsi olması və uşaqlıqdan gözlərinin görmədiyi məlum olmuşdur, mövcud qanunvericiliyə əsasən, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər mənzil növbəsinə götürülür, ümumi səbəbdən əlil olmuş şəxslərin mənzil qeydiyyatı nəzərdə tutulmamışdır. Bundan sonra xx.xx.2021-ci ildə İddiaçı Cavabdehnə yenidən ərizə ilə müraciət edərək, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu üzrə güzəştli əsaslarla 1-ci qrup gözdən əlil kimi mənzil növbəsinə götürülməsini və yaşayış sahəsi ilə təmin olunmalarını xahiş etmişdir. Cavabdeh yanında mənzil komissiyasının xx.xx.2021-ci il tarixli 10 nömrəli protokolu ilə birinci dərəcəli gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi məqsədə uyğun hesab edilmişdir. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 97 nömrəli sərəncamı ilə Cavabdeh nəzdində fəaliyyət göstərən Mənzil Komissiyasının xx.xx.2021-ci il tarixli 10 nömrəli protokolu təsdiq edilmişdir. Daha sonra İddiaçı Cavabdehnə qarşı "Cavabdehndə birinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinin hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2019-cu ildən müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, 2019-cu ildə cavabdehə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etsə də, xx.xx.2021-ci ildə onu eyni əsaslara görə növbəyə götürmüşdür. Belə olan halda, onun növbəsi xx.xx.2019-cu ildən hesablanmalıdır. Cavabdeh iddiaya yazılı münasibət bildirməmiş, xx.xx.2022-ci il tarixli məktubla yalnız işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də şifahi məhkəmə baxışı cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "Nikah haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə X4 ilə nikah bağlamışdır. - İşdə olan "Doğum haqqında şəhadətnamə"lərdən görünür ki, X1 xx.xx.2011ci ildə, X2 isə xx.xx.2014-cü ildə doğulmuşlar. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2022-ci il tarixli "Sosial müavinət və təqaüd haqqında arayış"dan görünür ki, İddiaçı xx.xx.2006-cı ildən etibarən "Ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir. - İşdə olan İddiaçı tərəfindən xx.xx.2019-cu ildə Cavabdehnə yazılmış ərizədən görünür ki, o, özünün əlillərin ümumşəhər ev növbəsinə götürülməsini xahiş etmişdir. - İşdə olan Cavabdeh xx.xx.2019-cu il tarixli 2/949/T-5-068 nömrəli cavab məktubundan görünür ki, müraciət araşdırılan zaman İddiaçı anadangəlmə katarakta xəstəsi olması və uşaqlıqdan gözlərinin görmədiyi məlum olmuş, mövcud qanunvericiliyə əsasən, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər mənzil növbəsinə götürülür, ümumi səbəbdən əlil olmuş şəxslərin mənzil qeydiyyatı nəzərdə tutulmamışdır. - İşdə olan İddiaçı tərəfindən xx.xx.2021-ci ildə Cavabdehnə yazlmış ərizədən görünür ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu üzrə güzəştli əsaslarla 1-ci qrup gözdən əlil kimi mənzil növbəsinə götürülməsini və yaşayış sahəsi ilə təmin olunmalarını xahiş etmişdir. - İşdə olan Cavabdeh yanında mənzil komissiyasının xx.xx.2021-ci il tarixli 10 nömrəli protokolundan görünür ki, birinci dərəcəli gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi məqsədə uyğun hesab edilmişdir. - İşdə olan Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 97 nömrəli sərəncamından görünür ki, Cavabdeh nəzdində fəaliyyət göstərən Mənzil Komissiyasının xx.xx.2021-ci il tarixli 10 nömrəli protokolu təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsində deyilir ki, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinin birinci cümləsinə görə, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Həmin Məcəllənin 51.3-cü maddəsinin birinci cümləsinə görə, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda da qüvvədə olan "Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 25-ci bəndinin "e)" yarımbəndinə əsasən, İ qrup əlillərə yaşayış sahəsi növbədənkənar verilir. Sadalanan normalardan göründüyü kimi, İddiaçı həm 2019-cu ildə, həm də 2021-ci ildə birinci dərəcə gözdən əlil olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq hüququna malik olmuşdur. Cavabdeh xx.xx.2019-cu ildə onu uçota almaqdan imtina etsə də, xx.xx.2021-ci ildə onu eyni əsasla uçota almışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının tələbini təmin edərkən xx.xx.2021-ci il tarixli 97 nömrəli sərəncamda istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsi və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsi imtina cavabının verildiyi zaman da mövcud olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçını xx.xx.2019-cu ildə uçota almamaqda haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli və iddiaçının mənzil növbəsinin xx.xx.2019-cu ildən müəyyən olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı birinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinin xx.xx.2019-cu ildən müəyyən olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar