Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1647/2024 02.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01 noyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1957-ci ildə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuşdur. 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı ilədək 132 nömrəli Ağdaş kənd Texniki Peşə Məktəbində təhsil almışdır (7 ay 29 gün). xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir (2 il 1 ay 18 gün). 1979-1997-cı illərdə Ağdaş rayonu Pirkəkə kəndində fəaliyyət göstərən “Cəfər Cabbarlı” kolxozunda işləmişdir (19 il). xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də işləyir. Ağdaş rayon X3 Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 5-32-15/2-69/2023 nömrəli məktubunun surətindən də görsənir ki, 1997-ci ildə də həmin kolxozda iş stajı olmuşdur. Yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina məktubu göndərmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İş materiallarına əsasən İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə baxiş keçirilərkən onun qanunvericilikdə müəyyənləşdirilmiş 25 il sosial sığorta stajının mövcud olmadığı aşkar edilmişdir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 07 il 06 ay 17 gün təşkil edir. Məlumat üçün bildiririk ki İddiaçı təqdim etdiyi Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır Araşdırma zamanı məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional ərazi filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Ağdaş rayon Pirkəkə kənd “C.Cabbarlı” kolxozunun əməkhaqqı cədvəllərində, əmr kitablarında minimum adam günləri və ata adının qeyd edilmədiyi müəyyən edilmişdir. Həmçinin 1996cı il üzrə əməkhaqqı cədvəllərində ad yazılsa da soyad yazılan hissə korlandığından oxunması mümkün olmamışdır. Eyni zamanda sözügedən kolxozun sənədləri surğuclanmamış və möhürlə təsdiqlənməmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006-cı il tarixədək 02 il, 09 ay,17 gün sığorta stajına uyğun olaraq 2590,68 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (04 il 09 ay sığorta stajına uyğun) 3903,91 manat olmaqla, ümumilikdə 6494,59 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir
2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957ci il təvəllüdlüdür
3. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışı.
4. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti.
5. Ağdaş Rayon Dövlət arxivinin 07 dekabr 2023-cü il tarixli arayışı.
6. 132 nömrəli Ağdaş kənd Texniki Peşə məktəbinin 187 nömrəli Attestatı
7. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 328 nömrəli arayışı.
8. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 144 nömrəli arayışı
9. Ağdaş rayon X3 Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixli 5-32-15/2-69/2023 nömrəli məktubunun surəti.
10. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 118 nömrəli arxiv arayışı və ona əlavə edilmiş sənədlər.
11. 187 nömrəli, xx.xx.1976-cı il tarixli Attestatın surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı qeyd olunan müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. Məhkəmə araşdırması zamanı iddiaçının əmək fəaliyyəti dövrü müvafiq arxiv sorğularına əsasən yoxlanılmışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 118 nömrəli arxiv arayışı və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki,iddiaçı 1979-cu ildən 1997-ci ilədək Ağdaş rayon Pirkəkə kənd keçmiş “C.Cabbarlı” kolxozunda traktorçu vəzifəsində işləmişdir.Həmin dövrə aid arxivə verilmiş əməkhaqqı cədvəlləri nəzərdə keçirilmiş,iddiaçının adının həmin cədvəllərdə qeyd olunduğu,ona əmək haqqı hesablandığı müəyyən edilmişdir. İddiaçının çalışdığı kolxozda minimum adamgünü normasına münasibətdə onun işlədiyi günlərin sayı 1992,1993 və 1996-cı illərdə tam olmamışdır.Minimum adam günü norması 200 gün olduğu halda iş günlərinin sayı müvafiq olaraq 191,198 və 170 gün olmuşdur ki,bu da nəticə etibarı ilə tam il hesablanmasına az fərq etmişdir.Bu müddət aşağıdakı kimi hesablanmışdır : 1992-ci il (191*365):200=349 gün (11 ay 19 gün) 1993-cü il (198*365):200=361 gün (11 ay 21 gün) 1996-cı il (170*365):200=310 gün (10 ay 10 gün) İddiaçının ümumilikdə kolxozda əmək fəaliyyəti dövrü 18 il 9 ay 21 gündür.İddiaçının mübahisələndirilməyən və məhkəmə tərəfindən də həqiqiliyi qəbul edilən ümumi sosial sığorta stajı 7 il 6 ay 17 gün təşkil edir ki,yuxarıda qeyd olunan dövrlə həmin dövr toplandıqda iddiaçının xx.xx.2022-ci il tarixinə 25 ildən artıq (26 il 4 ay 8 gün) ümumi sosial sığorta stajının olması təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İşin hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti təqdim edilən sənədlər və arxiv sənədləri ilə təsdiq olunur. İddiaçının əvvəlki dövrləri əhatə edən əmək kitabçası olmadığından onun sığorta stajı digər sənədlər vasitəsi ilə araşdırılmış,əldə olunan materiallar vasitəsi ilə onun tələb olunan 25 il sosial sığorta stajına malik olduğu məhkəmə icraatının gedişində təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1037/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe ) Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının təhsil sənədinə,hərbi biletinə əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən kişilər üzrə pensiya yaşı 65 il olmuşdur. İddiaçı iddia tələbində pensiyanın təyin olunmasını xx.xx.2022-ci il tarixindən tələb etdiyindən məhkəmə iddia tələbinə iddia ərizəsi həcmində baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.