Məhkəmə qərarları › İş №2-1(116)-1649/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1649/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1649/2024 23.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Qəbələ bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 09 saylı iclasının qərarı ilə ticarət obyektinin tikinti məqsədi ilə satılmış 72 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Qəbələ bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 09 saylı iclasın qərarı ilə ticarət obyektinin tikinti məqsədi ilə satılmış 72 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1649/2024 nömrəli qərardadı ilə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Qəbələ Bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 09 saylı iclasın Qərarı ilə Qəbələ şəhər bələdiyyəsi tərəfindən Qəbələ şəhər bələdiyyəsinin Perspektiv inkişaf Fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 72 kv.metr ölçüsündə torpaq sahəsini alqı-satqı qaydasında ticarət obyektinin tikintisi məqsədi ilə Qəbələ şəhər sakini İddiaçı satılmışdır. İddiaçı aldığı torpaq sahəsinin 360 (üç yüz altmış) manat məbləğində dəyər qiymətini 27 sentyabr 2007-ci il tarixli 224446 №-li kassa mədaxil orderi ilə Qəbələ rayonu Qəbələ bələdiyyəsinə ödəmişdir. Qəbələ rayonu Qəbələ şəhər bələdiyyəsinin sədrinin, İddiaçı və DT XK-nin Qəbələ rayon şöbəsinin müdirinin iştirakı ilə həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair «Torpaqlann alqı-satqısına dair» akt tərtib olunmuşdur. Belə ki, DT XK-nin Qəbələ rayon şöbəsinin müdiri İslam Hacıyev bu torpaq sahəsinin İddiaçı qanuni istifadəsinə və sahibliyinə verilməsi ilə bağlı tərtib olunmuş «Torpaqlann alqısatqısına dair aktı xx.xx.2011-ci il tarixdə qeydiyyata almışdır. DT XK-nin Qəbələ rayon şöbəsinin müdiri F.Əzizov xx.xx.2011-ci il tarixdə həmin ANe365537 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədi 514 nömrə ilə Dövlət Torpaq kadastrı kitabında uçota almışdır. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin ona Qəbələ bələdiyyəsinin qərarına əsasən satılması, satılan torpaq sahəsinin dəyərini ödəməsi ilə əsaslandırmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli iddia tələbinə etirazında qeyd edilmişdir ki, İddiaçı Qəbələ rayonu Qəbələ Bələdiyyəsindən əldə etdiyi 72 kv.metr ticarət obyektinin tikintisi məqsədli torpaq sahəsinə çıxarış və planı və ölçüsü sənədinin verilməsi ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq mövcuddur. Faktiki torpaq sahəsinin bir hissəsi baza xəritəsində ümumi istifadədə olan torpaq sahələri ilə üst-üstə düşür. Lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, X2 Məryəm Həmid qızına 72 kv.metr ticarət obyektinin tikintisi məqsədli həyətyanı torpaq sahəsinin ayrılmasına dair 09 saylı qərarı xx.xx.2007-ci il tarixli olsa da. "Torpaqların alqı-satqısına dair akt" xx.xx.2011-ci il tarixdə tərtib edilmişdir. "Torpaqların alqı-satqısına dair akt” "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il 466saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildirilmişdir ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, 224446 nömrəli kassa mədaxil orderi, Qəbələ bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışı, Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı xx.xx.2024-cü il tarixli rəyi, xx.xx.2001-ci il tarixli 46 nömrəli tarixli Torpaqların Alqı-satqısına dair akt, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı, 2023-cü il tarixli yerquruluşu planı, A065537 nömrəli Torpaq sahəsinin planı və ölçüsü, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı əsasında 72 kv.metr torpaq sahəsi iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaqların alqı-satqısına dair akt, plan-ölçü sənədi də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərqin olması, faktiki torpaq sahəsinin bir hissəsinin baza xəritəsində ümumi istifadədə olan torpaq sahələri ilə üst-üstə düşməsi, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı xx.xx.2007-ci il tarixli olsa da, "Torpaqların alqı-satqısına dair akt"-ın xx.xx.2011-ci il tarixdə tərtib edilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqanın mövqeyinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğundan həmin inzibati aktdan irəli gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına mane olan hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinə və ya bir neçəsinə istinad olunmaqla əsaslandırılmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. İşdə olan mütəxəssis rəyindən qeyd edilmişdir ki, İddiaçı istifadə olan faktiki naturada ölçülmüş bütövlükdə tikilidən ibarət 0,0072 hektar torpaq sahəsi Qəbələ rayonu Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası X1, uqodiyası Tikinti altında olan torpaqlar olmaqla Qəbələ Bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən torpaq sahəsi X4 X5 (TEKUİS) əsasən Qəbələ rayonu Qəbələ şəhər inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası X1, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlar, mülkiyyət növü isə Bələdiyyə mülkiyyəti göstərilmişdir. Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 Sentyabr 2007-ci il tarixli, 09 saylı iclas qərarı ilə ticarət obyektinin tikinti məqsədi ilə İddiaçı satılmış və onun adına tərtib edilmiş ANe 365537 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 0,0072 hektar torpaq sahəsi, istifadə olunan faktiki naturada ölçülmüş bütövlükdə tikilidən ibarət 0,0072 hektar torpaq sahəsi ilə eyni ərazidir. Faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon Qəbələ bələdiyyəsinin 24 sentyabr 2007-ci il tarixli, 09 saylı iclasın qərarı ilə ticarət obyektinin tikinti məqsədi ilə satılmış 72 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar