Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-165/2025 19.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06834 ha həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi onun adına dövlət reyestrində qeydiyyata alınması və həmin evə və yerləşdiyi torpaq sahəsinə dair adına DƏDR-də çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1026/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və həmin evə və yerləşdiyi torpaq sahəsinə dair adına DƏDR-də çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının nənəsi X4 13 noyabr 2007-ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi müqavilə bağlamaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışlamışdır. Müqavilə bağlanan tarixdən hal hazıradək ev və yerləşdiyi 0.06834 hektar həyətyanı torpaq sahəsi onun qanuni istifadəsindədir. Nənəsi evi ona bağışlayandan sonra 09 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Ona bağışlanmış evin yerləşdiyi 0,06834 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi öz adına qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06834 ha torpaq sahəsinin 0,021376 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı adına 0,046964 ha həyətyanı torpaq sahəsinə dair **********0347 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı iclas protokolundan çıxarış, Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllər, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş mütəxəssis rəyi xx.xx.2007-ci il tarixli bağışlanma müqaviləsi, AZ-İ 456116 nömrəli ölüm haqqında şəhadətnamə, A389820 nömrəli Torpaq sahəsinin planı və ölçüsü, xx.xx.2007-ci il tarixli 2194 inventar nömrəli (**********92-10301 reyestr nömrəli) daşınmaz əmlakın texniki pasportu, cavabdehin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktubları və həmin məktublara əlavə olunmuş sənədlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Torpaq Məcəlləsinin 88-ci maddəsinin 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş redaksiyası (88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir):
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Hər iki normada "torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan" ifadəsinin işlədilməsi göstərir ki, bina və ya qurğuya mülkiyyət hüququnun əldə edilməsi ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinə hüquqların keçməsi, yalnız bu torpaq sahəsinin özgəninkiləşdirənin mülkiyyətində olması şərti ilə mümkündür. Torpaq sahəsinə dair hüquqlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir və istənilən halda, bu hüquqlar tikilinin yerləşdiyi və ondan istifadə üçün zəruri olan torpaq sahəsini əhatə etməlidir. Beləliklə, torpaq sahəsində yerləşən tikili özgəninkiləşdirilərkən, torpaq sahəsinin yalnız əvvəlki sahibi olan mülkiyyətçiyə məxsus olan hissəsi yeni alıcıya keçir. Qanunverici, tikiliyə mülkiyyət hüququ keçərkən onun yerləşdiyi torpaq sahəsinə hüquqların da keçməsini torpaq sahəsinin əvvəlki sahibinin mülkiyyətində olması şərtindən asılı etmiş və bu hüququn tikilinin yerləşdiyi və istifadə üçün zəruri olan hissəni əhatə etməsini nəzərdə tutmuşdur. İş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən mərhum X1 mülkiyyətində olmuşdur. X5 sözügedən fərdi yaşayış evini xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsi ilə iddiaçıya bağışlamışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə isə müəyyən edilir ki, sözügedən torpaq sahəsinin 469,64 kvm hissəsinə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı əsasında A389820 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilsə də, faktiki olaraq Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair subyektlər siyahısında Əminə İsrafilovanın qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,06 ha qeyd edilmişdir. Odur ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə X5nın mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0,06 ha olduğundan plan-ölçü sənədində torpaq sahəsinin ölçüsünün hansı qaydada göstərilməsinin iş üzrə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Nəzərə alınmalıdır ki, xx.xx.2007-ci il tarixli müqavilə ötən müddət ərzində mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Faktiki olaraq X5 müqavilədə qeyd edilmiş fərdi yaşayış evini torpaq sahəsi ilə birgə iddiaçıya bağışlamış, onun qanuni istifadəsində olmuş torpaq sahəsi ilə bağlı hüquqlar faktiki olaraq iddiaçıya ötürülmüşdür. Həmin vaxtdan sözügedən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da torpaq sahəsindən iddiaçının öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz edilmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan və iddia etdiyi faktiki naturada ölçülmüş 0,0890 hektar torpaq sahəsi, Oğuz rayonu Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz rayonu Oğuz şəhəri inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid, uqodiyası həyətyanı olan Oğuz şəhər bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. X2 X3 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi Oğuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı iclasın qərarı ilə ayrılmış, **********0347 nömrəli plan ölçü sənədində göstərilmiş 469,64 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki naturada ölçülmüş torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi köhnə tikilidir. Məhkəmə hesab edir ki, **********0347 nömrəli plan-ölçü sənədində göstərilən koordinatların fərqli əraziyə aid olması, müraciətin təmin edilməsindən imtina üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həm ilkin imtina məktubunda, həm də cavabdeh orqanın iddia tələbinə etirazında sözügedən plan-ölçü sənədinin iddia olunan torpaq sahəsinin 0,046964 ha hissəsinə aid olması faktı cavabdeh tərəfindən qəbul edilmiş, iddiaçının yalnız 0,021376 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri təqdim etməməsinə istinad edilmişdir. Bu hal, məhkəmədə belə qənaətin formalaşmasına əsas verir ki, sözügedən plan-ölçü sənədi cizgi və təsvir baxımından iddia olunan torpaq sahəsinə uyğundur, lakin koordinat məlumatları texniki səbəblərdən elektron baza üzərində yanlış əraziyə işlənmişdir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.