Məhkəmə qərarları › İş №2-1(116)-1650/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1650/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1650/2025 27.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Günel Soltan qızının sədrliyi, Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X5 şəxsinə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X5 şəxsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi, onun Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnamə əsasında onun xx.xx.2020-ci il tarixdə cavadehin nəzdində fəliyyət göstərən X8 Mərkəzində kişi cinsindən olan bir uşaq doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki, o, xx.xx.2000-ci il tarixdə Qırğız Respublikasının Cəlal-Abad vilayətinin Cəlal-Abad şəhərində doğulmuşdur. xx.xx.2009-cu il tarixdə anası və qardaşı ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. 2009-cu ilin fevral ayından etibarən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Qırğız Respublikasının isə vətəndaşı hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Həmçinin, Qırğız Respublikasının Azərbaycan Respublikası və Gürcüstandakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 508/514-1 nömrəli arayışdan görünür ki, o, Qırğız Respublikasının da vətəndaşı hesab edilmir. Hazırda şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü X7 ilə ailə qurmuşdur. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onunla nikaha daxil ola bilməmişdir. Həmin evlilikdən onların “Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin nəzdində fəaliyyət göstərən X8 Mərkəzində xx.xx.2020-ci il tarixdə bir oğlu doğulub. Həmin vaxt həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surəti xəstəxana tərəfindən götürülmüş və oğlunun doğulması barədə xəstəxanada saxlanılan şəxşi işində olan sənədlərə tikilmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün ona oğlunun doğulması barədə Xəstəxana tərəfindən tibbi şəhadətnamə verilməmişdir. 2024-cü ilin əvvəllərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edərək oğlunun doğulduğu tibb müəssisəsi tərəfindən onun doğulması barədə tibbi şəhadətnamənin verilməsinə yardım edilməsini xahiş etmişdir. Yalnız bundan sonra “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nəzdində fəaliyyət göstərən X8 Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə ona yaşayış yerlərinə uyğun poliklinikada oğlunun qeydiyyata alınması üçün “Əvəzləmə kartı” verilmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün yenə də ona oğlunun doğulması barədə tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda oğlunun 4 yaşı var, lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması mümkün olmur. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün oğlunun ilk öncə doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Bunun üçün isə müvafiq qeydiyyat şöbəsinə oğlunun doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidir. xx.xx.2024-cü il tarixdə o, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını| təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnamə və onun azərbaycan dilinə tərcüməsi əsasında onun xx.xx.2000-ci il tarixdə Qırğız Respublikasının Cəlal-Abad vilayətinin Cəlal-Abad şəhərində doğulmuş İddiaçı - xx.xx.2020-ci il tarixdə “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nəzdində fəaliyyət göstərən X8 Mərkəzində kişi cinsindən olan bir uşaq doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin həmin müraciətindən 55 gün keçməsinə baxmayaraq cavabdeh “Şəki rayon Mərkəzi Xəstəxanasr PHŞ-nin hərəkətsizliyi səbəbindən o xx.xx.2020-ci il tarixdə “Şəki Rayon Mərkəzi xəstəxanası” PHŞ-nin nəzdində fəaliyyət göstərən X8 Mərkəzində kişi cinsindən olan bir uşaq doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamə ilə təmin edilməmişdir. Cavabdeh Şəki Rayon Mərkəzi X5 şəxsinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sərəncama cavab məktubunda bildirilir ki, həqiqətən İddiaçı xx.xx.2020-ci il tarixdə X8 Mərkəzdə qeysəriyyə yolu ilə 4000 qr çəkidə, 54 sm boyda diri oğlan uşağı dünyaya gətirmişdir. xx.xx.2020-ci il tarixdə zahı qadın yeni doğulmuşla birlikdə kafi vəziyyətdə evə yazılmışdır. Ana İddiaçı evə yazılan gün doğum haqqında tibbi şəhadətnamə (forma 103) üçün müraciət etmişdir. Lakin ana Gülsüm Qurbanovnanın şəxsiyyətini təsdiq edən şəxsiyyət vərəqəsi olmadığı üçün doğum haqqında tibbi şəhadətnamə (forma 103) verilməsi mümkün olmamışdır. Çünki doğumun qeydiyyatı üçün VSİS (X4 Sistemi) proqramında ananın şəxsiyyətini təsdiq edən aşağıdakı sənədlərdən birinin olması mütləqdir: Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsi Xarici vətəndaşlar üçün – xarici ölkə vətəndaşlığını təsdiq edən pasport, Daimi yaşayış icazəsi (DYİ), Müvəqqəti yaşayış icazəsi (MYİ). İddiaçı yuxarıda göstərilən sənədlərdən heç birini təqdim etmədiyi üçün doğum haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Vətəndaş İddiaçı təkrar oğlunun doğumunun qeydiyyata alınmasına görə doğum haqqında tibbi şəhadətnamə verilməsi üçün X10 müraciət etmişdir. Onlar da uşağın yaşadıqları yer üzrə poliklinikada qeydiyyata alınması üçün (əvəzləmə kartı verilməsi üçün) ananın doğum məlumatlarını VSİS (forma 103) sisteminə “Şəxsiyyət vəsiqəsi” qrafasına “SƏNƏDSİZ” kimi daxil edilməmişdir. Bundan sonra əvəzləmə kartı çap edilərək anaya təqdim olunmuşdur. Lakin anaya doğum haqqında tibbi şəhadətnamə (forma 103) onlayn imza ilə (Sənədlərin e-imza kartı imzalanması) imzalanmadığından təqdim etmək mümkün olmamışdır. Bu barədə aidiyyatı qurumlara (Səhiyyənin informasiyalaşdırılması mərkəzi) telefonla məlumat verilmişdir. Mərkəzdən verilən məlumata görə ana şəxsiyyətini təsdiq edən sənəd (yuxarıda adları qeyd olunan sənədlərdən heç olmazsa birini) təqdim etmədiyinə görə sənədin (doğum haqqında tibbi şəhadətnamə-forma 103) e-imza kartı ilə imzalanması mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 69. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3.0.2. vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd. Maddə 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Maddə 21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Maddə 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Maddə 74.2. Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”: 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 2.2 Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat X3 Sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı: Bənd 1.3 mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1 Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddiaçı cavabdehə müraciət etmiş lakin cavabdeh hərəkətsizlik edərək müraciətə cavab verməmişdir. İddianın əsaslılığı: Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İş materiallarında olan Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə Qırğız Respublikası, Cəlal-Abad vilayəti, Calal-Abad şəhərində anadan olmuşdur. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 05 fevral 2024-cü il tarixdə verilmiş və 31 yanvar 2025-cı il tarixədək etibarlı olan ***-*******10 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.2000-ci il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2020-ci ildə anadan olmuş Süleymanov Səidə verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAKın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 22 yanvar 2025-ci il tarixdə verilmiş və 31 yanvar 2026-cı il tarixədək etibarlı olan ***-*******10 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.2000-ci il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2020-ci ildə anadan olmuş Süleymanov Səidə verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAKın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-37/2-S-1170xx-xx-2105/2024 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.2000-ci il təvəllüdlü, Gülsüm Süleymanovnaya (himayə sənədi № ***-*******10) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 05 fevral 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ünvan 1i ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-37/2-S-921-xxxx-1493/20245 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.2000-ci il təvəllüdlü, Gülsüm Süleymanovnaya (himayə sənədi № ***-*******10) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 22 yanvar 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinədək ünvan 1i ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* nömrəli, 31 avqust 2022-ci il tarixli Arayışda qeyd edilmişdir ki, 25 iyul 2000-ci il təvəllüdlü İddiaçı 291887/m nömrəli, 29 avqust 2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə Kartı-Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, İddiaçı Qurban qızı xx.xx.2020-ci ildə X6 PHŞ-nin Perinatal Mərkəzində qeysəriyyə ilə çəkisi 4000 qram, boyu 54 sm., qan qrupu 2+, kişi cinsindən olan uşaq dünyaya gətirmişdir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Cavabdeh Şəki Rayon Mərkəzi X5 şəxsinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sərəncama cavab məktubunda bildirilir ki, həqiqətən İddiaçı xx.xx.2020-ci il tarixdə X8 Mərkəzdə qeysəriyyə yolu ilə 4000 qr çəkidə, 54 sm boyda diri oğlan uşağı dünyaya gətirmişdir. xx.xx.2020-ci il tarixdə zahı qadın yenidoğulmuşla birlikdə kafi vəziyyətdə evə yazılmışdır. Ana İddiaçı evə yazılan gün doğum haqqında tibbi şəhadətnamə (forma 103) üçün müraciət etmişdir. Lakin ana Gülsüm Qurbanovnanın şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında tibbi şəhadətnamə (forma 103) verilməsi mümkün olmamışdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixində oğlan uşağı dünyaya gətirmiş, lakin iddiaçının şəxsiyyətini təsdiq edəcək sənədi olmadığı əsas gətirilərək iddiaçıya doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən iddiaçıya dünyaya gətirdiyi uşağına tibbi şəhadətnamənin verilməməsinin əsasında ananın şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Belə ki, iddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında doğum haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. İddiaçının şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi” əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır və bununla bağlı müvafiq sənədlərin təqdim edilməsinin mümkünlüyü barədə bildirmişdir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər,rəsmi sənədi ehtiva edir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 1(102)-1006/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Hazırkı iş üzrə İddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Eyni zamanda ananın (iddiaçının) beynəlxalq himayə sənədində xx.xx.2020-ci il təvəllüdlü övladı Sayid Süleymanovun da şəxsiyyəti müəyyən edilmişdir. İşin hallarından görünür ki, iddiaçının doğum sənədlərində onun şəxsiyyətini təsdiq edən sənəd olmasa da iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, xəstəni şəxsiyyəti təsdiq edən sənəd olmadan qəbul edib barəsində xəstəlik kitabçası açıldığı zaman xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə ona dünyaya gətirdiyi yeni doğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı oğlu barəsində “doğum haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin nəzdində fəaliyyət göstərən X1 uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Şəki Rayon Mərkəzi X5 Şəxsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar